“Əmim siyasətlə məşğul olmayıb” - Şəhriyar Məcidzadə

emim-siyasetle-mesgul-olmayib-sehriyar-mecidzade
Oxunma sayı: 4010

Toras Şevçenko adına Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr İnstitutunun məzunu, Milli Fikir Mərkəzi Gənclər Təşkilatının rəhbəri Şəhriyar Məcidzadənin “Qafqazinfo”ya müsahibəsi:

- Milli Fikir Mərkəzi - bu təşkilatı yaratmaqda məqsədiniz nədir?
- Bizim əsas üç məqsədimiz var. Birinicisi gənclərin sosial-ictimai həyatda təşəbbüslərini atrırmaq, ikincisi gənclərin bu təşəbbüsləri artıraraq bir-biriləriylə əlaqə, ünsiyyət qurmalarını təmin etmək, üçüncüsü gənclərin milli şüur baxımından bilinçləndirilməsi, yəni intellektual və sosial bazanı artırmaq, laqeydliyi aradan qaldırmaq. Gənclər arasında çox ciddi problemlər var. Fərqli təşkilatlar var, amma onların fikir bazası bir-birinin eynisidir. Biz fikirləşirik ki, bunlar hamısı bir-biriləri ilə ünsiyyətin zəif olmasından, bir də ölkədə cərəyan edən siyasi-ictimai proseslərdən asılıdır. İqtidarla-müxalifətin kəskin münasibətləri gənclərin, üçüncü nəsil gəncliyin bu münasibətlər arasında əzilməsinə gətirib çıxarır. Ölkədə çox ciddi qütbləşmə mövcuddur və bu qütbləşmədə yer almayan gənclik maləsəf heç bir yerdə səsini eşitdirə bilməyəcək. Ölkənin söz deyən gəncliyi müstəqil şəkildə ortaya çıxa bilməsə, cəmiyyətdə heç bir yenilik olmayacaq. Son 20 ildə müstəqilliyimizi elan etdikdən sonra nə qədər güclü ədəbiyyət yaratmışıq, bizim milli ədəbiyyatımızı yaradanlar haradadırlar?! Bu gün ölkədə ziddiyyətli tariximiz var, vahid tariximiz yazılmayıb. Biz tariximizə baxarkən İqrar Əliyevinmi, yoxsa Mahmud İsmayılınmı tarixi baxışından baxmalıyıq?! Bu kimi fundamental suallara bu dəqiqə cavab yoxdur. İctimai sektorda da vəziyyət eynidir. 20 ildir ki, bir-biri ilə kəskin münasibətlər quran qütblər arasında çox ciddi çəkişmələr mövcuddur.

- Məqsədlərinizi necə reallaşdırırsınız?
- Biz hər həftə seminarlar təşkil edirik. Bu seminarlara fərqli fikirləri daşıyan insanları dəvət edirik. Sağçısından, solçusundan, demokratından asılı olmayaraq hər kəsi dəvət edirik.

- Bu günə kimi kimlər dəvət etmisiniz?
- Ramin Hacılı, Hikmət Hacızadə və sairə

- Mövzuları siz təklif edrisiniz?
- Mövzulara müdaxilə etmirik. Burada birinci məqsədimiz gənclərə fərqli-fərqli baxışları bir-birinə basqı, təzyiq edərək deyil, baxışı dinləmək dözümlülüyü yaratmaq yolu ilə qəbul etdirməkdir. Bu ölkədə çox ciddi dinləmək problemi var. İkinci məqsədimiz bu gənclərlə ziyalılar arasındakı uçurumu aradan qaldırmaqdır. Gənclər ziyalıları inkar edirlər, ziyalılar isə gəncləri.

- Qəribə aksiyalar keçirirsiniz, qara geyimlə aksiya keçirmək kimin ideyası idi?
- Bu mənim ideyam idi. Aksiyalarımızda diqqəti çəkmək istədiyimiz nöqtə ölkənin və gənclərin həyatına təsir edən gündəmləri ortaya çıxarmaqdır. Məsələn, “28 May”la bağlı Sahil bağında aksiyamız olmuşdu. Bu aksiyada “biz ölkədə xəyanət etmiş, dövlətimizin suverenliyinə qarşı çıxmış insanların və Azərbaycan xalqına ziyan verənlərin aqibəti gənclərin ayaqlarının altında olacaq” mesajını vermək idi. Bizim ölkəmizə yönələn əllər cəzalandırılacaq. Tarixdə Azərbaycana xəynət etmiş insanlar şiddətlə cəzalandırılmışdır.

“4 iyun”la bağlı aksiyamızda isə şəhərin Nizami, İstiqlaliyyət və Hüseyn Cavid prospekti ilə gənclər gəlir, yığışıb Şəhidlər Xiyabanını ziyarət edirik. “4 iyul” bizim tariximizin utanc verici məqamıdır. Burada məqsədimiz hərbi əməliyyatların uğurla getdiyi bir vaxtda hərbi birləşmələri geri çəkmək və Azərbaycana utancverici məğlubiyyət yaşadanları unutmayacağımızı göstərmək idi. Elə bu səbəbdən qara geyinmişdik və köynəkların arxasında “4 iyul xəyanəti” yazılmışdı. Bu gənclərin yanaşmasıdır. Bu 20 ildə Azərbaycanın tarixinə gənclərin reaksiya verdiyini görmüsünüzmü? Həmişə yaşca bizdən böyüklər müzakirə edib və biz dinləmişik. İndi isə biz müzakirə edək, onlar dinləsinlər.

- Siz də gəncsiniz, Azərbaycanın gəncliyini necə qiymətləndirirsiniz? Yetərincə aktivdirlərmi?
- Çox ciddi intellektual potensial var. Lakin bu potensialın hamısı havaya uçurulur. İstər siyasətçilər tərəfindən, istərsə də dövlət siyasəti tərəfindən olsun. Mən şəxsən öz həyatımda bunu görürəm. Mən Kiyevdə təhsil almışam və təhsil aldığım universitetin fəxri doktorluğunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daşıyır. Mən Saakaşvilinin, Xələf Xələfovun, Elmar Məmmədyarovun bitirdiyi universiteti fərqlənmə ilə bitirmişəm. Amma bu ölkəyə qayıtdığım andan etibarən qiymətləndirilmədim. Mən orada magistraturaya daxil oldum. Amma hərbi xidmətimə görə imtina etdim. Oktyabrda çağırıldım rütbə aldım və hərbi hissəyə göndərildim. Sözüm odur ki, bu ölkənin gənclərini, intellektlərini qiymətləndirməməklə nə demək istəyirik? Demək istəyirik ki, siz bilmirsiniz, biz bilirik? Nə vaxta kimi belə deyəcəyik? 20-30 il bundan əvvəlki nəsillə bugünkü nəsil arasında böyük fərq var. Ən azı ona görə ki, o zaman internet, bugünkü informasiya mübadiləsi yox idi. İndi hər bir yerdə informasiyanı almaq, yaymaq və bilgi toplamaq mümkündür. Ölkənin bu qədər zənginliyini, neftini, qazını qoyuram bir kənara, bəs niyə intellektual bilgisini göylərə sovururuq? Mənə təlif Ukraynada qalıb işləmək təklif olunanda imtina etdim. Çünki mən taleyimi bu ölkəylə bağlamaq istəyirəm.

Mənə maraqlıdır ki, hər il Bakı Dövlət Universitetini minlərlə adam qurtarır, onlardan neçə faizi işlə təmin olunur? Bu ölkənin gəncliyi iqtidarla-müxalifətin çəkişməsinə görə nə etsin? Bunların arasında qalaq, yoxsa qalmayaq! Ölkədə gənclərin beyninə çox ciddi dövlətçiliyə aid mənfi münasibət sərgilənməyə başlayıb. Mən bir gənc kimi əziyyət çəkib oxumuşam və sən məni qiymətləndirmirsənsə, sosial məvaciblərdən məni məhrum edirsənsə, 80 manat təqaüd verirsənsə, mən bu ölkəni niyə sevməliyəm məntiqi ortaya çıxır. Amma bizim düşmənimiz var, yağla-balla düzələn regionda yaşamırıq. Bütün intellektual kəsmimimizi kəsib atsaq kənara kimlə işləyəcəyik? O yaltaqlarla, sözünü bilməyənlərlə bu ölkə 10 metr irəli gedə bilməyəcək. Çünki zamanı gələndə bu ölkənin uğrunda savaşmağı, ölməyi, yaşamağı əqidəsi müstəvisində hərəkət edənlər edəcək.

Ölkənin gənclər həyatının digər tərəfi ailələrdə qırılır. Ailələrdə çox ciddi materializm ortaya çıxıb. Varlı adam, varlı düşüncə, varlı adamlarla dostluq et deyilir. Bəzən düşünmək lazımdır ki, varlı adamlarla dostluq ölkəmizə nə qədər xidmət edir. Yeni evlənənlər arasında 9 min boşanma olub, 17 min nikahdan kənar uşaq doğulub. Bu yaxınlarda mətbuatda izlədim ki, 14-15 yaşlı qızlar arasında 30 min abort olunub. Dəhşətli faktlardır və bunlar bizim ölkəmizdə baş verir. Mən mətbuatda bir deputatın müsahibəsini oxumuşdum. O deyirdi ki, aztəminatı ailələri axtalamaq lazımdır. Sonradan təkzib vermişdi. Kimdi bu aztəminatlı ailələr? Gənclərdir. Deməli, biz bu ölkədə məhv edilməliyik. Nəzərə alın ki, regionda ən intellektual gənclər Azərbaycan gəncləridir. Bizi niyə bitirmək istəyirlər?!

Azərbaycanda çox gözəl ailə münasibətləri olub. Bu tarixən belə olub, indi şikayətlənsələr də... On il bundan öncə heç kim şikayətlənmirdi. Çünki kişi kişi, qadın qadın işi ilə məşğul olurdu. Biz heç vaxt qapalı, mühafizəkar cəmiyyət olmamışıq. Bizdə qadının qapanmağa ehtiyac olmayıb. Yəni biz ərəb deyilik, bizim özümüzə xas inkişaf modelimiz var. Ancaq 270 illik müstəmləkə həyatında elə bir şey olmayıb ki, Azərbaycan kişisinin ailəsinə toxunulsun. Amma bu gün Azərbaycan kişisinin ailəsində 9 min boşanma olur.

- Müxalifət yönümlü gənclərə, onların yaratdığı gənclər təşkilatlarına münasibətiniz necədir?
- Mənim üçün bir status var - gənclik. Sən gəncsənsə, xüsusi bir status daşıyırsan. Müxalifətdə olan tanışlarımız, dostlarımız var və onlarla normal münasibətdəyik. Bu onların seçimidir, mənim kimsənin seçiminə dil uzatmaq kimi niyyətim yoxdur. Amma mən istəyərəm ki, gənclik gənclik cəbhəsində birləşsin. Yaşlı insanlarla gənclər arasında, hər nə qədər onlar desələrdəki bizim qayğımıza qalırlar, hər halda müəyyən yaş fərqi var. Bugünkü gənclər sovet plenumlarından, icraiyə komitələrindən xəbərsizdir. Onlar isə həmin o yetirmənin insanlarıdırlar, biz onlarla bir az ehtiyatla davranmalıyıq.

- Bəs həmin gənclərin təbliğ etdiyi ideyaları necə qiymətləndirirsiniz?
- Mən bu ölkədə bu şəkildə nəyinsə dəyişəcəyinə inanmıram. Mən hesab edirəm ki, bu bir qədər yanlış yöntəmdir. Eyni zamanda iqtidarın gənclərinin də yöntəmi yanlışdır. Gənclik gənclik cəbhəsində birlşəməlidir, öz yazarı, öz ədəbiyyatı, öz siyasətçisi olmalıdır.

- Gənclərdən danışdıq, gəlin yaşlı müxalifətçilərdən də danışaq. Bir gənc olaraq onlara qarşı münasibətiniz necədir?
- Türkiyədə çox qəribə bir şey var, mən bunu hörmətlə qarşılayıram. İsmet İnönü Türkiyənin ikinci prezidenti olub və o tarixdə birmənalı qarşılanmayan insandır. Amma bir türk vətəndaşı onun haqqında danışanda deyir ki, o, ikinci cumhurbaşkanı olub. Və yaxud da onların prezidentləri üçün məzarlıq var, onlar bir yerdə bastırılırlar. Azərbaycanda dövlətçilik ənənələri olmalıdır. İctimai sektora gələn hər adamdan nə eşitməyə alışmışıq? Gəldin, deməli, kimisə pisləyəcəksən. Heç kimi pisləmək lazım deyil. Niyə biz işləməklə öz uğurlarımızı qazanmaq istəmirik? Müxalifətdir və bu onun yöntəmidir. Mən bu yöntəmi doğru hesab etmirəm. Yəni mən hesab edirəm ki, gənclərlə daha sıx işləmək lazımdır. Amma bu onların fikridir, hörmətlə yanaşıram. Onların bir çoxları Azərbacan dövlətinə xidmət etmiş, yüksək dövlət məmurları olmuş şəxslərdır. Onları qaralamaqla və ya tərifləməklə heç nə əldə etmək olmaz. Sadəcə biz müzakirə edərkən ağıllı gənclərin üzərində durmalıyıq. Nə qədər biz bunları eşidəcəyik? Hansı qəzeti, saytı açırsan bunların sözünü eşidirsən. Gəlin yeni ədəbiyyatçıları eşidək, yeni rəsim sərgiləri keçirək. Gəlin görək gənclər nə deyir? Yoxdurmu bizim ölkənin gəncliyi?! Axı var.

- Gənc yazarlarımız var...
- Var.

- Onları tənqid etdiniz. Deyəsən yeni yazarlarımızı ya oxumursunuz, ya da oxuyub bəyənmirsiniz.
- Oxuyuram. Amma mən cinsiyyət üzərində qurulan ədəbiyyatı ədəbiyyat hesab etmirəm. Bu Freyd fəlsəfəsidir. Nə qədər intim münasibətlərdən oxumaq olar?

- Sanki bu mövzu ədəbiyyatımıza yeni gəlib, elə bu səbəbdən aktualdır.
- Sadəcə olaraq bizim fikirlərimiz çox yaxşı yönləndirilib. Hollivudda baxdığımız bütün filmlərin danışmanlığını Ziqmund Freyd edib. Mən bu gün televiziyalarımıza baxarkən Freyd fəlsəfəsinin tərənnümlərindən başqa bir şey görmürəm. Biz nə qədər oturub cinsiyyətlər arası münasibətlərdən oxumalıyıq? Mən şəxsən oxumaq istəmirəm. Dostoyevski kimi ciddi əsərlər yazsınlar. Cəmiyyətdə bu qədər problem varkən nə qədər qız-oğlan münasibətindən danışmaq olar? Mən bilirəm ki, bu aktualdır. Aşığın sözü qurtaranda neyləyim-neyləyim dediyi kimi biz nə vaxta kimi bunları dinləyəcəyik? Yeni yazarlardan Aqşin Yeniseyi, Günel Mövludu, Nərmin Kamalı oxuyuram.

- Gənclər arasında daha məşhur olan Əli Əkbəri oxuyursunuz?
- Xeyr.

- Bəs Seymur Baycanı?
- Seymur Baycanın şəxsi fikirlərini dinləməyə üstünlük verirəm. Amma əsərlərini oxumuram.

- Müxalifətdən danışdıq, indi sıra iqtidarımızdadır. İlham Əliyevin siyasətinə münasibətiniz necədir?
- Bu ölkədə ideoloji boşluq var, ideologiyamız yoxdur. Tezislər mövcuddur. Əli bəy Hüseynzadənin tezisləri mövcuddur. Amma bu ideologiya deyil. Bizim iqtisadiyyata, sosialogiyaya baxışımız yoxdur, gənclər siyasətimiz yoxdur. Gənclər və İdman Nazirliyində hansısa bir sektor açmaqla deyil. Mən ora ilə necə əlaqə qurmağı bilmirəm, mənə öyrətsinlər. Hərə öz qohumunu gətirib orada oturtmaqla biz kimi aldadırıq? Mən Kiyevdə oxuyan zaman orada 30 nəfər azərbaycanlı vardı. Çoxu məmurlarımızın uşaqları idi. Bilirsiniz onlar nə gündə idi?! Bilirsiniz bizi necə təmsil edirdilər? Xocalı ilə bağlı keçidikləri tədbirdə özləri deyib - özləri eşidirdilər. Ermənilər isə Ukranyada yetimxanaları ziyarət edirdi. Hansı daha effektli təbliğatdır?! Biz hər şeyi “bunu etdim” xatirinə edirik. Erməsintan səfirliyinin qarşısında ildə bir dəfə bayraqla çıxmaq mübarizə yöntəmi deyil. İkinci Dünya Müharibəsində 6 milyon yəhudi öldürülüb. Siz bir dənə yəhudini Almaniya səfirliyi önündə görmüsünüzmü? Artıq 21-ci əsrdir, bu yöntəmlər üçüncü, dördüncü tip ölkələrdə tədbiq olunur. Məsələn Mazandaran, Zimbabvedə. Bu yöntəm Azərbaycan üçün keçərli deyil.

- Dediniz ki, əsgərlikdən yeni gəlmisiniz. Orada vəziyyət necədir? Hərbimiz sizə necə təsir bağışladı?
- Döyüş ruhu yüksəkdir. Mən hərbə bambaşqa baxıram. Təəssüf ki, biz tez-tez şəhid xəbərlərini eşidirik. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Hərbiçi həyatı ilə mülki həyat tam fərqlidir. Mən istərdim ki, hərbiçilərin təminatları daha da artırılsın. Gündə on iki saat ayağında botinka ilə gəzən insana nə qədər maaş versən yenə də azdır. Cəbhə xəttində elə zabitlər var ki, aylarla, illərlə əsgərlərinin yanıda qalır. Əlbəttə, yanlış tərəfləri də var. Amma biz müharibə edən ölkəyik və bizim ordumuza toxunmamaq lazmıdır. Həqiqətən elə əsgərlərimiz, zabitlərimiz var ki, qəhrəmandırlar.

- Deyirsiniz ki, döyüş ruhu yüksəkdir. Amma elə gənclərimiz var ki, hərbi xidmətdən boyun qaçırır.
- Biz müharibə edən ölkəyik, xidmət etmək lazımdır. Amma məmur övladları da xidmət etməlidir. Siz eşitmisinizmi hansısa məmurun oğlu şəhid olsun? Təəssüf ki, belə bir xəbər eşitmirik.

- Şəhid olmaları deyil də, getdiklərini eşitməkdə yetər.
- Tamamilə doğrudur.

- Sərdar Həmidovun oğlusunuz?
- Bəli.

- Sərdar bəy indi nə ilə məşğuldur?
- Heç bir işlə məşğul deyil. Hazırda təqaüd alır.

- Sizin ailəniz müxalif yönümlüdür, siz isə bu yoldan bir qədər fərqli yoldasınız.
- Hər kəsə eyni münasibət bəsləyirəm.

- Balanslı siyasət yürüdürsünüz?
- Bəli.

- Sərdar bəy sizin yolunuza necə yanaşır?
- Atam heç vaxt partiya üzvü olmayıb. Deyə bilmərəm ki, qarşı durur. Adətən onunla bizim söhbətimiz qısa olur.

- Niyə?
- Ona görə ki, xarakteri möhkəm adamdır. Xarakteri möhkəm olan adamlar da həmişə öz sözünü demək istəyir. Sadəcə xəbər tutanda bir sual verər ki, bu necə oldu və mən də konkret cavablar verərəm.

- Bəs əminiz İsgəndər Həmidovla münasibətləriniz necədir?
- Əmimdir də. Nə səpkidə necədir?

- İsgəndər Həmidov partiya sədri, eyni zamanda keçmiş nazirimiz olub. Əminizi siyasətçi olaraq necə dəyərləndirirsiniz?
- Hər kəsin öz yolu var. O, Azərbaycanın kritik dönəmləridə, Xalq Hərəkatına iştirak etmiş simalardan biridir. Mənim əmimdir, mən hər zaman nəslimin nümayəndələri ilə fəxr etmişəm. Çünki mənim nəslim üzünü qara edəcək heç nə etməyib, torpaq satmayıb. Amma siyasi baxışlarına gələndə o, sırf milliyətçi xətti tutub. Mənim baxışım bir qədər fərqlidir.

- Yəni onun siyasi baxışlarını dəstəkləmirsiniz?
- Mənim əmim ümumiyyətlə siyasətlə məşğul olub ki? Axı olmayıb. Partiya rəhbəri olsa da siyasi fəaliyyətlə məşğul olmayıb. Mənim əmim siyasətçidən çox, vətəndaş mövqeyi sərgiləyib. Mənim əmim heç vaxt siyasi partiya rəhbəri kimi danışmayıb. Siyasi partiya rəhbərləri kimi danışan adamlar fərqli danışır. Belə ola bilər, belə hesab edirəm- yəni ehtimallarla danışırlar. Amma mənim əmim həmişə konkret danışıb və konkretliyinin qurbanı olub.


- Gələcək planlarınız nədir?
- Mən hesab edirəm ki, gəncliyin öz mətbuatı olmalıdır. Yəni sıravi bir gənc söyüş yazmadan, yazmağı bacaran gənclərə tribuna vermək lazmıdır. Daha sonra yeni sənət adamlarına dəstək vermək lazımdır. Bizim təşkilatda repçilərimiz var, onlar konset planlaşdırırlar və biz onlara dəstək verəcəyik. Bizim təşkilatın digər təşkilatlardan bir fərqi var təşkilata gələn şəxs öz layihəsi ilə gəlir, layihəsini özü həyata keçiri və biz də dəstək veririk.

Sədan Bünyatova