Xəcalət verən qəbir

xecalet-veren-qebir
Oxunma sayı: 2047

Raminə Eyvazqızı

Bir dəfə sosial şəbəkədə Sultan bəy Sultanovun (1871-1955) şəklini paylaşıb, onun Andranikin qulağını kəsməyi ilə fəxr edirdim. Hardansa ortaya çıxan erməni dığası belə bir şərhlə qanımı qaraltdı ki, “onun da kökünü biz kəsmişik, izinı itirmişik”.

Həmin arzuolunmaz “qonağ”ı şərh bölməsindən rədd elədim, fikirlərini sildim. Amma bu əclaf beynimə elə suallar tikdi ki, günlərlə söküb ata da bilmədim. Erməni haqlı da ola bilərdi. Çünki Andranik Türkiyədə doğulmuşdu. Oradakı qohumlarının əli ilə Sultan bəyin sui-qəsdi təbii idi.

Əvvəlcə Sultan bəyin məzarının yerinin harda olması ilə bağlı kiçik araşdırma apardım. Ərzurum, Konya, Qars kimi müxtəlif səmtlər dəqiq məzar yerini göstərə bilmədi. Mənim üçün, o boyda kişinin qəbir yerinin bu vaxta qədər dəqiqləşdirilməməsi tarixçi istehsal edən ölkəmiz üçün uğursuzluq, xəcalət sayılırdı. Nə bilim, onun ətraflı araşdırılması bəzilərinin qısqanclığından da irəli gələ bilərdi.

Sultan bəy Sultanov ötən əsrin ortasında mühacirətdə vəfat edən, Zəngəzur və Qarabağın xilaskarı kimi tanınmış şəxsiyyətdir. Bu gün sıravi fermer həyətində əsrlər əvvələ məxsus tarixi məkan aşkarlayan vaxtda, ötən əsrin ortasının izinə düşmək bu qədərmi çətindir? Sultan bəy qərəmanlıqlarını qardaşları, başqa Xosrov bəy Sultanovla ( 1918-ci il Xalq Cumhuriyyətimizin 1-ci kabinetinin hərbi naziri, Qarabağın general-qubernatoru) birgə nümayiş etdirmişdi. Xosrov bəyin qəbri İstanbulda tapılsa da, Sultan bəy haqqında fərziyyələr davam edirdi. Nəhayət, bu ilin əvvəlində Xosrov bəyin nəvəsi Elbrus Paşayev və digər Sultanov qardaşlarından İsgəndər bəyin nəvəsi Laçın Paşayev təzə xəbəri verdilər.

Sultan bəyin Qarsda məzar yeri dəqiqləşdirilmişdi. Xəbər elə bura qədər idi.

Ötən gün isə Mahir Abbaszadə adlı millət vəkilimiz bildirdi ki, şəxsi təşəbbüsü ilə bir qrup könüllü Sultan bəyin qəbrini tapıb və ziyarət edib. Hər halda Mahir müəllimin gördüyü iş deputatların çoxunun bekar oturduğu vaxtda balaca məsələ deyil. Acınacaqlı hal odur ki, Sultan bəyin aylar əvvəl doğmaları tərəfindən aşkarlanan qəbri bu görkəmdə olmamalıydı. Qəbir şəkillərini xəbər kimi sosial şəbəkədə paylaşa da bilmədim, pusquda dayanan ermənilər həmin şəkilləri görüb yenə zəhərlərini tökəcəkdilər. Erməni quldurbaşının qulağını kəsməklə ona dərs verən Sultan bəyin məzarına bundan sonra baxarlar yəqin. ”Yəqin”imi bu başdan edirəm.

Qəbirüstünü abadlaşdırmaq elə də məsrəfli, çətin iş olmasa da, heç olmazsa, Sutan bəy kimi şəxsiyyətin məzar yerindən çəkdiyimiz xəcalətimiz azalar. Bir də ki, bu iş tək ailə, nəsil işi deyil axı. Sultanovlar Vətən üçün çalışıblar, erməni quldurları ilə mübarizə və döyüşdə heç vaxt geri çəkilməyiblər. Milli, xalq qəhrəmanının nə təzəsi, nə də köhnəsi olur. Qəhrəmanları yaşatmaq hər xalqın fərasətində olan iş deyilmiş.