Vikipediya xəttatları

vikipediya-xettatlari
Oxunma sayı: 2023

Fərid Hüseyn

İşimiz həm də yazı oxumaqdı. Yaxşı işdi, öyrədicidi, bəhrəsi də gözəldi: Oxuyursan, söz ehtiyatın çoxalır, informasiyalı olursan, savadın artır, yaza bilənləri tanıyırsan və ən əsası, yavaş-yavaş yaxşı yazmağın yolları görünür. Həmçinin, yaza bilməyənlərin “fəaliyyəti”, yaxud mahiyyətsiz cızma-qaralara sərf olunan ömürlər də gözümüzün qarşısında keçir. Eyni zamanda, elm yolunda irəliləyən və yaxud tədqiqatçılığa iddialı olanların bir naqis cəhəti bariz görünür: Vikipediya xəttatlığı.

Orta əsrlərdə xəttatlar kitabların üzünü köçürərmişlər, onların kitabda bircə sözü səhv yazmaları bəs edərmiş ki, bədii əsərdəki məna dəyişsin. Ona görə də o vaxtki şairlər şeirlərində xəttatları yamanlayıblar, qarğayıblar. Füzulidən, Həbibidən konkret misallar çəkə bilərəm, amma lazım bilmirəm...

İndi guya araşdırma adı ilə əslində, xəttatlıq edən, bəlli mənbələrin üzünü köçürən, ən əsası vikipediyadakı məlumatları çırpışdırıb bəzəməklə özlərini mənbəşünas kimi göstərən, “tutalqalarını” gözə soxan o qədər “elm əhli”, yaxud “savad yiyələri” peyda olub ki, yazılarını oxumaq olmur. Oxuyanda da, elə bil, boğazında nəsə qalır boğulursan, yaxud havan çatmır. Məsələn, Əziz Nesin, Şopen və s. haqqında məqalə yazıb, onların doğum və ölüm ilini göstərmək, əsərlərinin yazılma tarixini vermək, yaxud məlum başqa həqiqətləri qeyd etmək nə dərəcədə doğrudur? Bəlkə də, bu halları kitab və yaxud hansısa, o tipli mənbələrdə başa düşmək mümkündür. Ancaq sayt, qəzet üçün yazılan mətnlərdə o cür izahlara, illərə, faktlara nə ehtiyac var? Olmaya, insanlar həmin mənbələrə özləri baxa bilmirlər, yaxud hamı hər şeydən xəbərsizdir? Film haqqında yazılan “təhlil yazıları”nda da, kitablar barədəki “məqalələr”də də müəllif rakursundan başqa hər şeyə rast gəlmək olur. Müəllif, yeri gəldi-gəlmədi sitat gətirməklə yazdığı haqda öz orijinal düşüncəsinin olmamasını, fikirlərinin heç nəyə yaramamasını hər abzasda nəzərə çarpdırır.

Bir vaxtlar, Sovet ədəbi tənqidçilərinin əlacları olsaydı, tərcümeyi-hallarında da rus tənqidçisi Belinskidən sitat gətirərdilər.

İllər keçir, dünyada çıxan qeyri-adi kitabları əldə edib oxuduqca köhəliklərin vurğununa çevrilmişlər, sitatçılar, yazısında öz fikrindən başqa hamının fikrinə yer verənlər, mətninin müəmmalı, başadüşülməz olması üçün terminləri ovub-ovub mətnin içinə “səpənlər” hələ də şakərlərindən əl çəkmirlər.

Dəhşətdi, belə yazanlar, elə bil oxunmamaq, ürəklərə yol tapmamaq, bircə adamın qəlbindən tikan çıxarmamaq üçün əlləşib-vuruşurlar və sanki kitablarının, yazılarının boğucu, darıxdırıcı, anlaşılmaz olması üçün yarışa giriblər. “Qalib” isə pinti yazan, sitatçı, termin aşiqi, kimlərisə yamsılayan olacaq...

Sonda “Qalib tək qalır” fikrini isə “qaliblərə” təsəlli üçün yazıram...