“TV və radio rəhbərləri ilə böyük müşavirə keçirəcəyik” - Deputat

tv-ve-radio-rehberleri-ile-boyuk-musavire-kecireceyik-
Oxunma sayı: 901

Bu gün Milli Məclisin mədəniyyət komitəsinin 2016- cı ilin payız sessiyası dövründə görülən işlər müzakirəyə çıxarılıb.

Qafqazinfo” xəbər verir ki, iclasda çıxış edən komitə sədri Rafael Hüseynov bildirib ki, ötən il müzakirəsi keçirilmiş ən mühüm qanun layihələrindən biri “Kinematoqrafiya haqqında” qanun layihəsidir: “ Yəqin ki, bu qanun layihəsi bu ilin yaz sessiyasında müzakirəyə çıxarılacaq. Bu müddət ərzində komitəyə 147 müraciət daxil olub. Onların 51-i işə alınıb, 96 müraciət təklif, şikayət isə araşdırılması üçün müvafiq orqana göndərilib. Ən böyük uğurumuz yeganə olaraq mədəniyyət sahəsinə büdcə müzakirələri zamanı əlavə 3 milyon manatın ayrılması oldu.

Bu il yaz sessiyasında “Muğam sənətinin qorunması və inkişafı haqqında”, “Yazılı abidələr” haqqında qanun layihələri müzakirəyə çıxarılacaq. O cümlədən bu dövr əzrində ölkədə fəaliyyət göstərən media, TV və radio rəhbərlərinin iştirakı ilə böyük müşavirə keçirməyi planlaşdırırıq. Müşavirədə mətbuatda dilin qorunması, müəlliflik hüquqları ilə bağlı, mətbuatımızın xarici medialarla əməkdaşlığı kimi vacib məsələləri müzakirə edəcəyik”.

İclasda çıxış edən komitə üzvü Gövhər Baxşəliyeva bildirib ki, qeyri-maddi mədəni irsimiz qonşu ölkə tərəfindən mənimsənilir: “Bizim neçə illərdir ki, yazılı irsimiz farslaşdırılır. Orta əsrdə olan şairlərimiz fars ədəbiyyatının nümayəndəsi kimi təqdim olunur. Nizami Gəncəvi fars şairi kimi göstərilir. İndi biz müstəqil dövlətik. Öz irsimizə sahib çıxmalıyıq”.

Deputat Cavanşir Feyziyev isə Azərbaycanda mətbuat muzeyinin yaradılmasını təklif edib: “Bizim xarici ölkələrdə original mətbuat nümunələrimiz var. Onlar ölkəyə gətirilməlidir və muzey yaradılmalıdır” .

Günel Türksoy