Teatr sevərlərin nəzərinə

teatr-severlerin-nezerine
Oxunma sayı: 813

Noyabrın 1-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası olacaq.

Teatrın mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumatına görə, şair-publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əjdər Olun “Biri vardı, biri yox” pyesi əsasında hazırlanacaq eyniadlı tamaşanın quruluşçu rejissoru, Azərbaycan və Kalmıkiya respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Məryəm Əlibəyli, rəqslərin quruluşçusu Səbinə Məmmədovadır. Yeni səhnə əsərində teatrın gənc və istedadlı aktyorları Müşfiq Əliyev, ​Mirzəağa Mirzəyev, Natiq Fərzəliyev, İradə Rəşidova, Zümrüd Quliyeva, Səbinə Məmmədova, Venera Abbasova və başqaları iştirak edəcəklər.

Tamaşa meşə heyvanlarının zəlzələ olacağı barədə xəbəri insanlara çatdırmaq, onları bu təbii fəlakətdən xilas etmək haqqında öz aralarındakı məsləhətləşmələri, insanlara kömək etmək istəklərinə qarşı rastlaşdıqları maneələri necə dəf etmələrindən bəhs edir.

Yeni tamaşa uşaqlarda xeyirxahlıq, mərhəmət, ətrafdakılara kömək, əl uzatmaq kimi nəcib hissləri aşılayır.