Sürpriz gözləməyin...

surpriz-gozlemeyin
Oxunma sayı: 2427

Turan Babayev

"La La Land"dan başqası yalandı. Namizəd olan bütün filmlərə baxdım. Ən toxunanı, ən çox əmək veriləni odur məncə.

Bu il Oscar uğrunda mübarizəyə qoşulan filmlərin demək olar ki, hamısı fərdlər üzərində qurulub. Müəlliflər insan taleyinin dərinliyinə qədər eniblər. Ən kiçik emosiyalari, ən xırda elementləri ortaya qoymağa çalışıblar. Məsələn "Dəniz sahilində Mançester" (Manchester by the Sea), "Divarlar" (Fences), "La La Land", "Ay işığı" (Moonlight), "Vicdanlı qərar" (Hacksaw Ridge).

Mənə görə ən yaxşı aktyor və aktrisa mükafatı Rayan Qoslinq və Emma Stouna düşür. İkisi də möhtəşəm oynayıblar. Amma görünən odur ki, kinoakademiya "Ən yaxşı Aktyor" kimi Keysi Aflekin üstündə dayanır. Ben Aflekin qardaşı da yaxşı oynayıb, elə bil günlük həyatını yaşayıb. Amma ortada xüsusi bir ifa görə bilmədim.

Denzel Vaşinqtonunun ifasını da qeyd etmədən keçmək olmaz. Sənətkardır. 3-cü Oscarını alma ehtimalı az da olsa var.

"İkinci planda ən yaxşı aktyor və aktirsa" bu dəfə afroamerikalıların qismətindədir yəqin ki. Təşkilatçılar keçən ilki skandalın üstünü bir az da olsa örtmək istəyirlər bununla. Zarafat deyil, bir nəfər belə qaradərili namizəd yox idi. Vayola Deyvis və hamı üçün sürpriz olan Moharşala Ali rəqiblərindən üstün görünür.

Yeri gəmişkən, bu il ən yaxşı ekran əsərinə iddia edən 8 filmindən 3-ü birbaşa qaradərililərin azadlığına, cəmiyyətdə üzləşdikləri diskriminasiya həsr olunub. Hətta o qədər də sanballı olmayan "Gizli fiqurlar" (Hidden Figures) da bir neçə nominasiyadə mükafat uğrunda mübarizə aparır. Gözlənilməz seçim kimi qiymətləndirilə bilər.

"Ən yaxşı rejissor" 100% Damien Şazelindir. Bundan əvvəl (2014) "Əzm" (Whiplash) filmində özünü göstərdi. Çox bəyənildi. Bu dəfə də möhürü vurdu.

Ən yaxşı musiqilər də "La La Land"dadır, ən yaxşı "soundtrek" də. Ən yaxşı kamera işi nominasiyasını da heç kimə buraxmayacaq çox güman.

İlin ən fərqli filmlərindən biri "Gəliş"dir (Arrival). Zaman anlayışına fəlsəfi baxış var. Amma çətin ki, mükafat ala.

Ümumiyyətlə Oskar tarixində ən yaxşı montaj nominasiyasının qalibi adətən ən yaxşı film seçilir. Təbii, istisnalar olur. Bu il də ola bilər. Amma 90% "La La Land" deyirəm.

Ümumi götürəndə bazar günü böyük bir sürpriz gözlənilmir. Olsa-olsa texniki nominasiyalarda. Fevralın 26-sı, gecə yarısını səbirsizliklə gözləyirik.