Uşaq başı aldatdı...

usaq-basi-aldatdi
Oxunma sayı: 1406

Ağalar Qut

L. Wittgenstein-ın belə bir aforizmi var: “Uşaqlar qələm tutmağı yeni-yeni öyrənməyə başlayan çağlarında ağ kağıza cürbəcür cızma-qaralar çəkib, ata-analarına göstərərək, soruşurlar: “Baxın, mən bura nə çəkmişəm?” (Yadımdadır ki, mən də hərfləri yeni öyrəndiyim vaxtlarda onları ard-arda düzüb, “Bura nə yazmışam?”, – deyə evimizdəkilərdən soruşardum – A. M.).

Filosoflar da bir nəzəriyyə qurub, özündən sonrakılardan soruşurlar: “Sizcə, nədir bu, çəkdiyim, yazdığım..?” ”Bir sözlə, “Sizcə, nədir bu?” sualı uşaqlığımızda çəkdiyimiz cızma-qaralardandan başlayır, yetkin yaşlarımızda yaratdığımız böyük əsərlərədək davam edir.

Bir rəssam, bir şair, bir yazıçı … da deyəndə ki, bu əsərim haqqında nə düşünürsünüz, o da bizdən Wittgenstein-ın sualını soruşmuş olur: “Bu, sizcə, nədir?” Söz yox ki, müəllifin özünün cavabı var bu suala, ancaq onu qıraqdan, uzaqdan görünüş də maraqlandırır bir sıra hallarda. İndi mən də öz payıma “Çöl Qala” əsərinin (mənzərəsinin!) nə olduğuna dair belə bir suala cavab verməliyəm. Cavab verə bilərəmmi, belə bir suala cavab verəcək şəxs mənəmmi, mənim verəcəyim, ya da ümumiyyətlə belə bir cavabın başqa bir oxucu üçün hansısa əhəmiyyəti və dəyəri varmı? O biri yandan isə burada valideyn kimi “uşaqbaşıaldatdı” səpkisində və ev içində gizli qalan bir cavab vermək də olmur, çünki sənin verdiyin cavabın özünə də başqaları qiymət verə bilərlər.

Mən “Çöl Qala” əsərini şərti olaraq böyük hekayə adlandırardım. Bu, ikiqatlı böyük hekayədir: bir qatında – virtual qatda da bir kişi ilə bir qadın var, o biri qatında – real qatda da. Virtual qatda baş verən – iki şəxsin – gənc və dul qadınla evli yaşlı kişinin bir-birini görmədən yazışmasıdır. Bütün hekayə onların yazışmasından ibarətdir. Hekayənin dörd personajı arasında əsərin əsas qəhrəmanı, məncə, virtual qatdakı qadındır. Onların arasında, əsl reallıqda hadisə baş vermir. Başqa sözlə, bu qatlar bir-birinə birləşsələr də, aralarında keçid baş tutmur. Bunun səbəbkarı virtualdakı qadın olur.

Virtual reallığın qadınının həyatında yeganə maraqlı olan – real həyatında uğradığı “ikiqat” xəyanətdir: o, ona analıq etmiş doğma bacısıyla öz ərini yataqda tutur. Qadının xarakteri gah standart, darıxdırıcı, yeknəsəq, gah da ikili, maskalı, qorxaq həyat. O, ancaq yas tuta bilir. Ona elə gəlir ki, gizlənir, ancaq əslində qapalı yaşayır. Amma onların yazışmalarının ümumi fonunda qadın kişini intim mövzuda, nədənsə, qabaqlayır, kişiyə öpüşlər göndərir, daha doğrusu, ilk öpüş göndərən qadın olur, bir də görürsən, qəfil erotik sferaya adlayır, kişinin bahalı hədiyyəsini qəbul edir, bütün bunlara baxmayaraq bir dürlü kişi ilə görüşə çıxmır; yəni özünün xəbəri olmasa da, klassik şərq poeziyasından tanıdığımız ənənəvi “ürkək ceyran” rolunu oynayır, kişinin inadkarcasına “görüşək” təklif və təkidlərinə standart “Sağlıq olsun” sözüylə yarımromantik umudlar verir. Bir sözlə, bu qadın ikili xarakter daşıyır. Amma bu, ənənəvi şərqli kişini bezdirmir, əksinə, qadının beləliyi kişinin düşüncəsində “Naz et, mənə…” striptiz effekti doğurur.

Mən müəllif-yazıçı Vahid Qazinin “Çöl Qala” hekayəsini, qısaca, belə “tərcümə” edərdim: Virtual sfera çadralı-qapalı-azəri qadının “yaşama sahəsi”ni genişləndirməyib, onu sadəcə əvəzləyib. O, indi bu virtual fəzada yaşayır. Çadralısevər-müsəlman-azəri kişi üçün isə virtual reallıq “yaşama sahəsi”nin əvəzləyicisi yox, genişləndiricisidir. O, virtual reallıqdan çıxıb əsl reallığa gəlmək – gerçəkləşmək də istəyir (təkidlə qadınla görüşmək istəyir). Qadın üçün isə virtual reallıq təsəllidir, təskinlik mənbəyidir, surroqatdır. Bu qadının timsalında biz yazıq, qorxaq, xəyanətə uğramış, bədbəxt, virtuallıqda və virtuallıqla yaşayıb təsəlli tapan bir ənənəvi azəri-şərq qadınını görürük. Nədənsə, mən əsər boyu 30 yaşlı bu qadını heç bəyənmədim, onu xəstə, azacıq urlu, kök və tərli təsəvvür etdim, sonda da bəlli oldu ki, doğrudan da ölümcül xəstəymiş. Bu qadının düşüncəsi çadralı göründü mənə. Virtuallıq – onun üçün çadranın altıdır, məhrəm sferadır! Əsərin çadralısevər-müsəlman-azəri kişisi isə belə bir qadına vurulub, onun maskalı nazına, xəstə friqidliyinə, yaslı sirrinə, ikili xarakterinə bayılır… O, özü də ikili adamdır.

Məsələ burasındadır ki, əsərin real qatındakı dul qadınla ona meyli olan kişinin münasibəti də virtual qatdakı kişiylə qadının münasibətindən çox da fərqlənmir. Burada virtuallıqla reallıq bir-birlərinin güzgüdəki simmetrik əksləri kimidirlər, hansının orijinal, hansının proyeksiya olduğu bəlli olmur. Qoy, buna hər bir oxucu özü qərar versin. Sənətin ustalığı məhz budur: çoxyozumluluq. Bu, bizə Zhuangzi-nin (Çjuan Çjou) məşhur kəpənək alleqoriyasını xatırladır. “Bir cümlə ilə sinxron olaraq beş məna yarada bilməyən kimsə gərək bədii yazı yazmasın” (J. P. Sartre). Bu mənada “Çöl Qala” əsəri bədii sənətin “sartrean” şərtini bütünlüklə ödəyir. Yazıçının ustalığı həm də onda görünür ki, o, bədii-virtual hekayəni sənədli-real hadisə kimi danışa bilmişdir. Belə ki, əsərin məzmunca virtual-real ikiqatlılığı, onun formaca bədii-sənədli üslubuna paraleldir. Gördüyünüz kimi, yenə də ikilik. Oxucu hekayə boyu daim bu ikililiyə şahid olacaqdır.

Mən Vahid bəydən yenə də, parçalanmış reallıqlarda yaşayan müasir insan(ımız)ın yeni həyatını “çəkən”, belə maraqlı əsərlər gözləyir və ona bu yolda ancaq uğurlar diləyirəm.