Şəkil çəkdiyinə görə dərsdən qovulan tələbə - Fotolar +Video

sekil-cekdiyine-gore-dersden-qovulan-telebe
Oxunma sayı: 14441

"Özümü inkişaf etdirmək üçün bir dəfə kursa getdim, onda da çəkdiyim rəsmlərə baxıb məni müəllim kimi götürmək istədilər".

Məhsun Hüseynov, yoldaşlarının dili ilə desək, Maksim Kooperasiya Universitetinin ikinci kurs tələbəsidir.

Fakültəsi dünya iqtisadiyyatı olsa da, onun rəsmə çox böyük marağı var. Sosial şəbəkədə paylaşdığı bir neçə əl işinə göz gəzdirdikdən sonra qərara gəldik ki, sizə təqdim edək.

Maksim həvəskar rəssamdır. Özü də o, rəsmin ən çətin üslubunu – hiperrealizmi seçib. Dediyinə görə, rəsm çəkmək qabiliyyəti ona irsən keçib:

“Rəssamlıq təhsilim yoxdur. Sadəcə uşaq yaşlarımdan cızma-qara etməyi sevmişəm. Ətrafımdakılar bu işin məndə yaxşı alındığını dedi. Özümü inkişaf etdirmək üçün bir dəfə kursa getdim, onda da çəkdiyim rəsmlərə baxıb məni müəllim kimi götürmək istədilər. O gündən sonra özüm-özümün müəllimi olmaq qərarına gəldim”.

Babası və atası da həvəskar rəssam olub. Bu işdə maddi gəlirin çox az olduğunu görən ailə övladlarına mütləq ali təhsil almağı, rəsmlə xobbi kimi məşğul olmağı tövsiyə edib:

“Oxuduğum fakültəyə heç marağım yoxdur, sadəcə diplom almaq üçün davam etdirirəm. Hazırda rəssamlarımızın qazancı da göz qabağındadır. Çox olsa, sifariş qəbul edib nəsə qazanırlar. Mənə də sifarişlər olur. Ürəyimə yatana razılıq verirəm. Bu yolla da lazım olan karandaş və listlər alıram. Məhsulun keyfiyyəti nə qədər yüksək olsa, rəsm o qədər canlı çıxır”.

Maksim sadəcə bəyəndiyi, sevdiyi insanların rəsmlərini çəkir. İnsan üzünün, xüsusilə də gözlərin çəkilməsinin çətin olduğunu deyən gənc rəssam elə bu üslubda da davam etmək fikrindədir. Ən çox sevdiyi əl işi isə pianoçudur.


Maksim akvarel və yağlı boyalarla işləməyi sevmir. Dediyinə görə, gələcəkdə də sırf karandaşlarla işləmək və bunu öz üslubuna çevirmək istəyir. Daha çox ağ-qara çəkməsinin isə bir səbəbi var: rəngli karandaş dəsti çox bahadır:

“Məşhur firmaların karandaşları var. Qiyməti çox bahadır, sifarişlərdən qazandığım pulu yığıb onlardan alacam”.

Söhbətimiz əsnasında gənc rəssamın əl qabiliyyətinə bir daha əmin oluruq. Hollivud ulduzun rəsmini tamamlayan Maksim hər portret üçün azı 13-14 saat işlədiyini dedi:

“Çalışıram ki, hər dəfə vaxtı bir az da artırım. Onda rəsm daha canlı alınır. Təhsilim olmadığı üçün digər rəssamlar kimi üzü və ya bədəni ştrixləmirəm, hər hansı ölçü işləri aparmıram. Yüksək keyfiyyətli şəkil tapıb hər xırdalığına kimi böyüdərək birbaşa vərəqə köçürürəm. Hələ ki, naturadan çəkməyi sınamamışam. Məni görən hər kəsin ilk sözü bu olur: şəklimi çək də”.

“Dərsdə partaya çəkdiyim rəsmi elə özümə sildirdilər. Gözəl də alınmışdı, heyfim gəldi”

Həm oxuduğu fakültəyə marağının olmaması, həm də vaxtının çoxunu rəsm çəkməyə həsr etməsi Maksimi dərslərindən bir az geri salıb. Dediyinə görə, bir neçə dəfə də dərsdə rəsm çəkdiyi üçün sinifdən çıxarılıb, müəllimi tərəfindən danlanıb:

“Özümdən asılı bir şey deyil, vərəq və karandaş varsa, mütləq nəsə çəkirəm. Rəsmlərimi cırmağa icazə verməmişəm, ancaq dəfələrlə sinifdən xaric olunmuşam. Ancaq bu kimi hallar mənim həvəsimi azaltmır. Özümə güvənim tamdır və işimdə uğurlu olacağıma inanıram. Əvvəlki rəsmlərimlə indikilər arasında çox böyük fərqlər var. Bu, məni çox sevindirir”.

Maksimin gələcək xəyalı isə universitetini bitirdikdən sonra Rəssamlıq Akademiyasına daxil olmaqdır.

Günel Hacı
Fotolar və video: Nuran Məmmədov