Şəki və Oğuzla bağlı konsertdən - Fotolar

seki-ve-oguzla-bagli-konsertden
Oxunma sayı: 932

Bir aydan artıqdır ki, paytaxtın Nizami küçəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən incəsənət məkanı təşkil edilib. Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə fəaliyyət göstərən məkan rəssamların, sənətsevərlərin görüş yerinə çevrilməklə bərabər, şəhər sakinlərinin və qonaqların diqqətini çəkməkdədir.

"Qafqzinfo"nun məlumatına görə, açıq havada rəssamların əl işlərinin satış-sərgisi fəaliyyət göstərir. Sənətsevərlər rəssamlara portret və digər mövzularda rəsm əsərlərinin çəkilməsini də sifariş verə bilərlər.

Ötən həftədən bu məkanda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin müxtəlif rayonlarından gəlmiş folklor kollektivlərinin çıxışları və el sənətkarlarının əl işlərindən ibarət sərgi-yarmarkalar da təşkil olunur.

Xəbər verdiyimiz kimi, 20-23 avqust tarixində Şamaxı rayonunun “Şirvan” folklor ansamblının, İsmayıllı rayonundan “Lahıc” folklor ansamblının, Qəbələ rayonundan “Zopu-Zopu” etnoqrafik folklor rəqs ansamblı kollektivlərinin konserti və sərgilər keçirilmişdi. Bu tədbirlərin təşkilində məqsəd regionlarda fəaliyyət göstərən istedadlı insanları, el sənətkarlarını, rəssamları, musiqiçiləri, folklor kollektivlərini üzə çıxarmaq və onları paytaxt sakinləri və qonaqlara təqdim etməkdir.

Avqustun 25-də burada daha bir maraqlı təqdimat - Şəki və Oğuz rayonlarının folklor kollektivlərinin konserti və el sənətkarlarının əl işlərindən ibarət sərgi-yarmarka təşkil olunub.

Şəki şəhəri Mirzə Fətəli Axundzadə adına Mədəniyyət mərkəzinin Ələfsər Şəkili adına zurnaçılar ansamblı, muğam üçlüyü və Oğuz rayonunun “Bayram” zurnaçılar ansamblları geniş konsert proqramı ilə çıxış edib. Rəngarəng ifalar şəhər sakinləri və turistlər tərəfindən maraqla qarşılanıb.

Tədbir haqqında məlumat verən Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsi müdirinin müavini İsmayıl İsmayılov Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi yeni layihə çərçivəsində paytaxtdakı incəsənət məkanında bölgələrimizin folklor kollektivlərinin, el sənətkarlığının təqdimatının keçirilməsini yüksək qiymətləndirib.