Rüsum 15-43 manat arasında dəyişir - Samovarla bağlı rəsmi açıqlama

rusum-15-43-manat-arasinda-deyisir-
Oxunma sayı: 1863

Azərbaycan Milli İncəsənət Muzeyi ölkədən samovar çıxarılan zaman monopoliyanın olması ilə bağlı “Qafqazinfo”da dərc olunan yazıya münasibət bildirib.

Muzeyin direktoru Çingiz Fərzəliyev redaksiyamıza ünvanladığı məktubda muzeyin bilavasitə sənət əsərlərinin xaricə çıxarılmasına rəsmi razılıq verib-verməmək hüququna malik olmadığını və bu səlahiyyətin Mədəniyyət və Turizm Nazirliyinə aid olduğunu qeyd edib:

“Respublikada qüvvədə olan qanunvericiliyə əsasən 50 ildən əvvəl yaradılmış və ya hazırlanmış hər hansı bir sənət əsərinin xaricə çıxarılması qadağandır. Yəni, yaşı bu müddətdən artıq olan sənət əsəri əntiq mahiyyətə malikdir. Komissiyanın fəaliyyəti əsas 2 istiqamətdə aparılır. Birincisi, xaricə əsərlərin çıxarılmasına sertifikatın verilməsi, ikincisi isə təqdim olunan sənət əsərinə ekspert rəyinin verilməsi.

Vətəndaş və ya şirkət komissiyadan əsərin xaricə göndərilməsinə sertifikat aldıqda 15 manat rüsum ödəməlidir. Əgər sertifikat təcili-1-2 gün ərzində tələb olunursa, dəyəri 43 manat təşkil edir. Hər bir ödəniş mühasibatlıq tərəfindən rəsmi qaydada sənədləşdirilir, qəbz verilir. Yəni, mühasibatlıqda bu cür ciddi qeydiyyatlar var. Dövlət Ekspert Komissiyasının işi tam şəkildə şəffafdır. Həmin səbəbdən də burada qərəzlikdən və ya iki mənalı başa düşülən monopoliyadan söz gedə bilməz”.

Qeyd edək ki, jurnalist Coşqun Eldaroğlu sosial şəbəkədə aldığı somavarı xaricə göndərməkdə çətinlik çəkdiyini və İncəsənət Muzeyi samovar monopoliyası ilə məşğul olduğunu yazmışdı.

Günel Hacı