Qonorar davasi

qonorar-davasi
Oxunma sayı: 1450

Fərid Hüseyn

Qonorar nəyə lazımdı? Bu sual yəqin bircə bizim ölkədə belə kinayə ilə verilir. Başqa ölkələrdə belə suallar müzakirə mövzusu deyil. Sovet dövründə yazıçılarımızın yüksək qonorar alması çoxlarımıza məlumdur. Müstəqillik dövründə bir müddət kitab, yazı-pozu taleyin ixtiyarına buraxıldı deyə qonorar almaq məsələsi də unuduldu. Bu gün ancaq jurnalist və köşə yazılarına görə, bəxtin yeyin olsa isə tərcümələrə qonorar almaq mümkündür. Belə çıxır ki müəllif yazılarından – xüsusən də, bədii mətnlərdən başqa hər cür mətn az və ya çox qiymətləndirilir.

Ölkəmiz müstəqilliyin ilk illəri ilə müqayisədə şəksiz ki, inkişaf edib, bir sıra sahələrdə irəliləyişi görmək olur. Kitabların kiril əlifbasından latına keçidi, eləcə də dünya ədəbiyyatının nəşri, yaradıcı təşkilatların artması, qeyri-hökumət təşkilatları vasitəsi ilə ədəbiyyata ayrılan pullar və s. Ancaq problem ondan ibarətdir ki, müxtəlif sahələrdə - jurnalistika, tərcüməçilik – ruzi qazanmaq mümkün olsa da, bu ədəbiyyat adına ümumi problemləri köklü həll edəcək və addımlar atılmadı.

Bu illər ərzində pis dəblərdən biri müəllifin öz kitablarını pulsuz paylaması, mənfi vərdişlərdən biri isə oxucuların kitabları müəllifdən pay almaq gözləntisidir.

İndi vəziyyət çox da ürəkaçan deyil, böhran, devalvasiyanın yaratdığı çətinlikləri. Neftin qiymətinin düşməsini anlayırıq. Ancaq ümumilikdə müəlliflər sanki daha bədii yazılarına pul almaqdan ümidlərini üzüblər. Buna görə də həyatını ədəbiyyata həsr edən insanlara dəli kimi baxırlar. Həyatda özünə yer eləmiş, mövqe qazanmış ədəbiyyat adamlarına baxanda görürük ki, onlar tamam başqa sahələrdən gəlir əldə edirlər və başqa üstünlüklərinə görə normal yaşaya bilirlər.

20 il pul almadan oxuyan müğənni görmüsünüzmü? Pulsuz ev tikən usta? Mümkün deyil. Fəqət illərdir azərbaycanlı yazıçı qonorar almır. Kitabların çap xərcini müəlliflər özü, ən yaxşı halda dövlət, yaxud sponsorlar maliyyələşdirir.

Nizami Gəncəvi yazdıqlarını pulsuz verməyin, indiki dillə desək qonorar almamağın, yaxud az məbləğ əldə etməyin əleyhinə olaraq, yazdıqlarının qiymətləndirilməsinin vacibliyi barədə "Sirlər Xəzinəsi"nin girişində yazırdı:

Mən qanım bahasına yetirdim can meyvəsi,
Neçin su qiymətinə satılsın könül səsi?

Doğurdan da, canımız bahasına yazılan bədii nümunələrə heç su qiymətinə də sata bilmirik. Məsələn, indi kitab təqdimatlarında 100-150 kitab satılır ki, bunu da yazıçılar nəşriyyata borclu qalmamaq üçün edirlər. Nəticədə yenə də qazanan nəşriyyatlar olur. Yenə söz adamı heç nə qazanmır. Elə bil lənətlənmişik...