Prezident nekroloq imzaladı

prezident-nekroloq-imzaladi
Oxunma sayı: 1395

Xəbər verdiyimiz kimi, bu gün xalq şairi, prezidentin fərdi təqaüdçüsü Söhrab Tahiri vəfat edib.

Qafqazinfo” xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev və digər hökumət nümayandələri nekroloq imzalayıblar:

Söhrab Tahiri 1926-cı il may ayının 27-də İranın Astara şəhərində anadan olub. Sonralar o, ailəsi ilə birlikdə Kirmanşah şəhərinə köçərək orada orta məktəbdə oxuyub və “İran-ingilis neft şirkəti”ndə çalışıb. Təhsilini davam etdirmək məqsədilə Bakıya gələn Söhrab Tahiri 1946–1950-ci illərdə Bakı Hərbi Məktəbinin, 1952–1957-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi olub.

1959–1961-ci illərdə Moskvada müdavimi olduğu Qorki adına Ali Ədəbiyyat kursunu bitirdikdən sonra Bakıya qayıdan Söhrab Tahiri “Azərbaycan” jurnalı redaksiyasında məsul katib, “Azərbaycan” qəzetinin və “Azərbaycan” jurnalının redaksiyalarında bədii şöbələrdə müdir, “Səhər” ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən “Azərbaycan” jurnalının redaktoru, 1986–1991-ci illərdə isə Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri işləyib.

Söhrab Tahiri 1993–2003-cü illərdə Azərbaycan Elmlər Akademiyası Milli Münasibətlər İnstitutunun, 2003-cü ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı olub.

Söhrab Tahirinin 30-dan çox kitabda toplanmış şeir və poemalarının, hekayə, povest və romanlarının başlıca leytmotivini Azərbaycana dərin bağlılıq, xalqın azadlıq uğrunda mübarizəsinin və zəngin mənəvi dünyasının tərənnümü təşkil edirdi. Bütün yaradıcılığı boyu azərbaycançılıq məfkurəsinə sadiq qalan şair Azərbaycan xalqının əsrlər boyu yaşadığı mürəkkəb tarixi keçmişin ən kəşməkəşli mərhələləri ilə bağlı fikir və düşüncələrini əsərlərində məharətlə əks etdirmişdir. Onun parlaq bədii dillə qələmə aldığı bu əsərlər xalq ruhuna dərindən bağlılığı və geniş epik lövhələrin zənginliyi ilə seçilir. Söhrab Tahiri şeir və nəsrlə yanaşı, ədəbi-tənqidi və publisistik məqalələrin müəllifi kimi də tanınırdı.

Allah rəhmət eləsin!

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Elçin Əfəndiyev

Hacıbala Abutalıbov

Fatma Abdullazadə

Əbülfəs Qarayev

Akif Əlizadə

Anar Rzayev

Fikrət Qoca

Nəriman Həsənzadə

Mövlud Süleymanlı

Çingiz Abdullayev