“Oktay mənə meydan verir” - Dilarə Əliyeva

oktay-mene-meydan-verir
Oxunma sayı: 15660

Əməkdar artist Dilarə Əliyevanın “Qafqazinfo”ya müsahibəsi:

- Uzun müddətdir ki, efirlərdə görünmürsüz, hətta xəbər portallarında geniş müsahibənizi belə görməmişəm. Səbəbi nədir?

- Ən birinci səbəbini sizə açıqlamaq istərdim. İki ilə yaxındır ki, yaradıcılıqla bağlı gördüyüm bir iş yoxdur, kənara çəkilmişəm. Yəni, deməyə bir sözüm yoxdur. Ən çox xarici görünüşümlə bağlı suallar verirlər. Mən də idmana getməyimdən, pəhriz saxlamağımdan, qidama diqqət etməyimdən danışıram. Bir dəfə, iki dəfə, üç dəfə dedim. Bunu hər kəs yazdı. Ancaq bu tipli sualları cavablandıraraq geniş müsahibə etməkdə anlam görmürəm. İki il ərzində gördüyüm iş özümü arıqlatmağım olub. Xoşum gəlir ki, işlə daha çox gündəmə gəlim. İş görmədiyim üçün geniş müsahibə vermirəm.

- Artıq sükutu pozduz. “Hoqqa” filmi ilə tamaşaçılar qarşısına keçəcəksiz.

- Bəli, yeni filmə çəkilmişəm. Bundan da bir “hoqqa” çıxmasa yaxşıdır (gülür). Bir çox verilişlərin və filmlərin ssenaristi Fariz Əliyev təklif irəli sürdü. Dedi ki, ideyam var, filmi reallaşdırmaq istəyirəm. Ssenarini oxuduq, bəyəndik. Düşündüm ki, aktrisanın oynamağı üçün yaxşı bir material var. Hadisələr çox dinamikdir. Layihə rəhbəri Oktay Əliyevdir. Elməddin Cəfərovla danışdıq, Cəfər Namiq Kamalı, qardaşım Vüsal Murtuzəliyevi,Nofəl Şahlaroğlunu,Rauf Şahsuvarovu başqa gənc insanları ekran işinə dəvət etdik. Rejissorumuz isə Cavid Təvəkküldür. Çəkilişlərin 99 faizi Qubada reallaşıb. Biz konkret olaraq Quba rayonunu vurğulamamışıq, qeyd etmişik ki, hadisələr hansısa bir rayonda baş verir. Düşünürəm ki, çox gülməli və tamaşaçının həvəslə gözləyəcəyi bir film olacaq. “Hoqqa”da dillərə düşəcək, aforizmə çevriləcək sözlər var.

- Filmin adı maraqlıdır, bəlkə də, ssenarini oxuyan zaman birinci sizi “Hoqqa” adı cəlb edib?

- Yox, ssenarini oxuyanda filmin adı “Xoruz banı” idi. Hamımız bu adı sevmişdik, təsdiqləmişdiq. Hər şey xoruz banı ilə başlayır və bitir. Filmdəki personajların taleyini də xoruz banı həll edir. Ancaq gördük ki, burada çox hoqqalar var. Dedik ki, bu boyda hoqqaların içində “Xozur banı” zəif səslənir. Bundan sonra adını “Hoqqa” qoyduq.

- İndi tamaşaçılara təqdim olunan komediya janrlı filmlərin əksəriyyəti tənqidlərə məruz qalır. Sosial şəbəkələrdə aktyorları, ssenaristləri bayağı olmaqda ittiham edirlər. Bizdə bu janrlı filmlərin çoxu niyə bayağı alınır?

- Ən ciddi janr komediyadır. Tamaşaçını bayağılıq etmədən güldürmək, onlara ustalıqla sözü çatdırmaq çətin məsələdir. Ola bilsin ki, materialda olan zarafat aktyor ifasında əhəmiyyətini itirir. Və yaxud, aktyor zarafatı düzgün təqdim edir, montaj düzgün edilmir. Yəni, zarafatın 70 faizini kəsib atırlarsa, məna itir. Burada komanda yumor baxımından bir-birini gözəl anlamalıdır. Dram əsərlərində isə hər şey fərqlidir, hadisələr bir qədər uzana bilər. Komediyada isə hər şey riyazi hesablamadır, zarafatlar dəqiq və vaxtında yerində oturmalıdır. Sizə bir misal çəkim. Bir lətifəni 3 nəfər danışa bilər. Hər kəs fərqli ifadə edir. Hər kəsin həyatında olub. Sizə kimsə bir lətifə danışır, 1 saat gülürsüz. Sizdən soruşurlar ki, niyə gülürsən? Danışılan lətifəyə görə güldüyünü deyirsən. Daha sonra həmin lətifəni sən danışırsan, ancaq qarşındakı gülmür. Elə komediyada da balaca bir nəfəsin uzanmağı bütöv bir fikrin itməsinə səbəb ola bilər.

Siz dediyiniz bayağı filmlər barəsində danışım. Qeyri-etik sözləri hər kəs deyə bilmir. Misal üçün, adam var ki, o qeyri-etik sözü xoş söz kimi deyir. Burada intonasiya və qabiliyyət böyük rol oynayır. Komediyada bayağı ifadələr işlətmək olar, buna icazə verilir. Amma bayağı sözləri gözəl və yerində işlətməlisən. Tamaşaçıda bu sözlərə ancaq gülsün, başqa şey fikirləşməsin. Məsələn, “Məhəllə” filmində aftafa məsələsi bayağı bir mövzudur. Amma onu Qüdrət gözəl təqdim etdi, həmin səhnələrə baxıb gülürük. Bəlkə də, həmin mövzu başqalarına bayağı görünür. Azlığın çoxluğa tabe olması prinsipinə əməl etmək lazımdır.

- Sizi dram janrında çəkilən filmlərdə görmək istəyənlər var...

- Məni dram janrlı ekran işlərində görmək istəyənlər “Sirr” serialına, “Cavid ömrü” filminə baxa bilərlər. Orada Hüseyn Cavidin həyat yoldaşı Müşkünaz rolunu canlandırmışam, Cavidi isə Rasim Balayev oynayıb. Film 2007-ci ildə təqdim edilib. Sırf dramatik bir roldur. Həmin zaman təpkilər çox oldu. Dedilər ki, biz Dilarəni “Çal-çağır”la tanımışıq, niyə dramatik bir rola çəkdiz? Tamaşaçılar var ki, o filmdən sonra “Çal-çağır”a baxmadı. Yəni, həm komediya, həm də dram janrında oynamaq lazımdır.

- Ssenarilərin əksəriyyətinin ictimai yükü olmur...

-“Hoqqa” filmində qoyulan mövzu indiki dövrdə çox məşhurdur. Yaşı keçmiş qız kənddə oturub, ərə getmək istəyir. Feysbukda oğlanla tanış olar, ona fotoşoplu şəkillərini atır. Oğlanın ağlını başından alır, o, qızın dalınca kəndə gəlir və onu qaçırmaq niyyətinə düşür. Həyatda heç kəs belə qız qaçırmayıb. Yolda maraqlı hadisələr baş verir, qızın qardaşı xəbər tutur. İpucu verim ki, qızı meyit maşını ilə qaçırırlar. Mövzu son dövlər çox aktual olub. Düşünürəm ki, maraqlı bir iş ortaya çıxara bilmişik.

- Qız qaçırmaq məsələsi rayon mədəniyyətinin bir qoludur. İndi əksəriyyət bunun milli-mentalitetə çevrildiyini də deyirlər və dəstəkləyirlər.

- Oğlana qoşulub qaçmaq məsələsini dəstəkləmirəm. Yetkin yaşında olan bir gəncdən söhbət gedir. O, gələcəkdə qarşısına çıxacaq problemləri görməyə bilər. Böyük böyüklüyünü etməli, zamanında düzgün və seçilmiş sözlər deməlidir. Əgər məsləhətlidirsə, qız qoşulub qaçmadan, yeriyə-yeriyə evlənə bilərlər.

- Özünüz isə heç bir sosial şəbəkələrə üzv olmamısız. Bunun səbəbi nədir?

- Çəkildiyim filmlərin sosial şəbəkələrdə səhifələri var. Fotolar paylaşılırdı, hər kəs öz fikrini bildirirdi. Şəxsən öz səhifəmi açmamışam. Bir Dilarə olaraq selfi çəkib paylaşmaq mənlik deyil. Düzdü, aktrisayam və işlə bağlı fotosessiyalar etdirirəm. Ancaq liftdə, evdə, həyətdə, küçədə şəkillər çəkdirmirəm. Həmin fotoların yaradıcılıqla bağlı heç bir əlaqəsi yoxdur. Paylaşıb “like” yığmaq nəyə lazım? Şəxsən Dilarə Əliyeva olaraq sosial şəbəkələrdə yoxam. Bəzən mənlə işləmək istəyən reklam şirkətləri olur. Onlar bir neçə dəfə mənə təklif ediblər ki, sizin səhifəniz olsa, əla olar. Mənim isə cavabım aydındır, istəmirəm. Tutaq ki, hamı hamının xoşuna gələ bilməz. Emosiyalara qapılıb liftdə mən də şəkil çəkdirdim. Gördüm ki, yaxşı düşmüşəm, ona görə paylaşıram. Altdan “İşin-gücün yoxdur? Liftdə şəkil çəkdirirsən” şərhini yazmaqları mənə bəsdir. Özümə gələ bilmərəm.

- Tənqidi sevmirsiz?

- Yersiz tənqidi, düzgün olmayan sözləri yazanlardan xoşum gəlmir. Başa düşürəm, tanınmış insansan və haqqında şayiələr ola bilər. Amma şərh yazıb, üstündə duranlar var ki,.. Dəhşətə gəlirsən.

- Özünüz sosial şəbəkələrdən istifadə etmirsiz. Qızlarınıza qarşı necəsiz? Onlara qarşı bu mövzü ilə bağlı şərtlər qoyursuz?

- Mənim tərbiyə metodumda “olmaz” sözü yoxdur. “Olmaz” sözü qadağan olunmuş meyvəyə bənzəyir. Həmin meyvə isə inanılmaz dərəcədə dadlı olur. Qızlarımla sözün əsl mənasında rəfiqəyəm. Hərdən emosialara qapılıram, geyinirəm. Düşünürəm ki, bəlkə həmin paltarı geyinməməli idim? Qızlarımın mövqeyini öyrənirəm. Düşünürəm ki, gənc və daha müasirdilər. Ya “Yaxşıdır, amma sənə görə deyil” deyir, ya da “normal yaraşır” cavabını verir. Qızlarım bilir ki, onlara ancaq yaxşı şeyləri təklif edə bilərəm. Misal üçün, qızım deyir ki, bu gün mən qızlarla şəhərə getmək istəyirəm. Cavab verirəm ki, problem yoxdur, hər zaman evdə oturmaq olmaz, çıx gəz, amma mənə mesaj atarsan. Bir saat keçəndən sonra mənə yazır ki, gedəsi olmadım. Cavab verirəm ki, Aytən, niyə getmədin? Deyir ki, imtahanlarım var, çatdıra bilmərəm. Əgər ona desəydim ki, getmə, imtahanların var. İnandırım sizi ki, gedəcəkdi. Mən münasibəti qurmağa çox diqqətlə yanaşıram. Özümə çox hörmət edirəm, həmin hörməti görmək üçün də hörmət etmək lazımdır. Hörmətsizlik edib hörmət görmək mümkün deyil.

- Bayaq açıqlamanızda şayiələr yayıldığını dediz. Oktay bəylə ayrılmağınız barədə məlumatlar yayılmışdı.

- Onlar şayiədən başqa bir şey deyil. Əvvəl insan əsəbiləşir, sonra gülürsən, axırda ironiya etməyə başlayırsan. İndi bütün hisslərim bitib, neynəməliyəm? (Gülür)

- İncəsənət dünyasında ailəli olan və xoşbəxtliklərini nümayiş etdirən sayca az insan var. İstər dünya, istərsə də yerli məşhurlar ailə ilə yaradıcılığı bir arada saxlaya bilmirlər, çətinlik çəkirlər.

- Mən sizinlə razıyam, çox çətin bir məsələdir. Şansım ona görə gətirib ki, Oktay rejissor və prodüserdir və bu aləmi çox gözəl bilir. Mənim yaradıcılığımı və istedadımı qiymətləndirir. Dana bilmərəm, o mənə meydan verir və şərait yaradır. Oktay heç vaxt istəməz ki, pis olacağım yerdə olum. Bilir ki, həmin obraz və ya veriliş mənə aid deyil. O yerdə mənə şərait yaradır ki, orada güclüyəm və sözümü deyə bilirəm. Sənət baxımından məni anlayır, dəstəkləyir və mənim üçün bütün yolları təmizləyir. Düşünürəm ki, ailə həyatında hər bir şeydən vacib tərəflərin bir-birinə güzəştə getməsidir.

Mənim aləmimdə qadın və kişi güzəştə getməyi bacarırsa, bu ailəyə ölüm və zaval yoxdur. Xırda problemlərin üstündə böyük davalara gəlib çıxa bilirlər. Misal üçün, kişi deyir ki, mənim köynəyim niyə ütülənməyib? Qadın isə cavab verir ki, indi ütülüyərəm. “Yox, indiyənə kimi niyə ütüləməmisən?” deyə kişi əsəbiləşir. Qadın isə yadından çıxdığını bildirir. Görürsüz, adi bir məsələdir. Halbuki bu dava ən azı 15 dəqiqə çəkəcək. Kişi nəinki 15 dəqiqəyə ütüləmək, hətta evdən çıxıb gedə bilərdi. Sinirlər dözmür, gərilir. Dərinə baxanda görürsən ki, tərəflər bir-birinə çox aqressivdir. Nəsə ailədə düz getmir. Qarşı tərəf məqsəd qoyub desə ki, “biz yola getməliyik, ailəmiz var. Eybi yoxdur, bir az gec oldu, amma gələn dəfə təkrarlanmasa əla olar” bu zaman hər şey qaydasına düşəcək.

Biz Oktayla ən çox iş barəsində mübahisə edirik. Tutaq ki, deyilən bir sözü efirdə deməmişəm, unutmuşam. Oktay isə acıqlanır, deyir ki, demək vacib idi. Oktay emosional bir insandır. Deyinir, danışır, mən isə məsələni gülərək həll etməyə çalışıram. Evdə yaranan qanqaraçılığa dözə bilmərəm. Hətta yanımda qanıqara biri oturanda elə düşünürəm ki, onun bu hala düşməsinin səbəbkarı özüməm (gülür). Evin içində xarakter göstərməsinin tam əleyhinəyəm. Ailədən kənar, işdə hüququ tapdalansa, haqsızlıq olsa xarakterini göstərə bilərsən. Əsəbiləşəndə kim kimə “can” deyir? Mən əsəbiləşəndə “Allah məni öldürsün” deyirəm. Görün, bu sözü mən deyirəmsə, qarşımdakı mənə nələr deyir?! (gülür). Qısası, güzəştə getmək lazımdır.

- Elə sizin qayınananız “5 gəlin” verilişində iştirak edir, hökmlü bir qadın obrazını canlandırır.

- Bir söz deyim ki, ən zəhmli və hökmlü insanların zəif məqamı var. Zəif məqamı tutan zaman hər şey qaydasında olur. Qayınanamın özünə görə sərtliyi və zəhmi var. Amma ilk işim onlar gələndə qayınanamın istəyinə uyğun addım atmağımdır. Sonra başa düşdüm ki, onun istək və arzuları elə mənim də ürəyimcədir. Onunla can deyib, can eşidirik. 14 il bir evdə yaşamışıq, mənə gözünün üstündə qaşın var deməyib. Yeri gələndə məni balalarından çox istəyir.

- Tamaşaçı sizi daha çox “Çal-çağır” verilişindən sonra tanıdı. Həmin proqrama görə başınız çox ağrımadı? Veriliş atmacalarla zəngin idi...

- Heç vaxt başım ağrımayıb. Səbəbini sizə açıqlayım. İnsan sözü hansı məqsədlə dediyinin fərqində olmalıdır. O sözləri demək üçün sənin şəxsiyyət olmağın lazımdır, sözü isə düzgün və yerində işlətməyin vacibdir. “Dədəm mənə kor deyib, hər yetənə vur deyib” kimi etmək lazım deyil. Sənəti çox uca və böyük insanlarla yeni fəaliyyətə başlayan müğənnilərə eyni sözləri demək olmaz. Mən onların hamısını eyni cür qarşılayırdım, ancaq söz demək isə fərqli idi. Verilişdə geyim və makiyaja üç saat vaxt xərcləyirdim, ancaq verilişə həftənin bütün günü hazırlaşırdım. Onlara deyəcəyim sözlər üzərində işləyirdim. Suallar verəndə bir az gülərək, bir az incitmədən deyirdim. Bir dəfə gənc müğənni qonaq gəlmişdi. Geyimi çox gözəl yaraşırdı. Mən də Dilarəyəm, söz atmalıyam. Ona baxıb dedim ki, evdən tələsik çıxanda nə gəldi geyinirsən, yoxsa nəsə bir fikrin olur? O da qayıdıb dedi ki, tələsik çıxanda paltar geyinmək belə yadımdan çıxır. Mən də ona cavab verdim ki, elə bil bura tələsik gəlmisiz (gülür). Özü də çox güldü. Belə maraqlı məqamlar çoxdur.

- Verilişiniz söz oyunundan ibarət idi. Bəs sizi kimsə söz altında qoyub susdura bilir?

- Mən Oktayın qarşısında acizəm, ona heç vaxt dil çatdıra bilmərəm. Gün ərzində söhbətlərimiz olur, mənə elə cavablar verir ki, saatlarla gülmüşəm. Məişət mövzulu məsələlərdir, indi danışa bilmərəm. O, inanılmaz dərəcədə hazırcavab insandır. Oktay mürəkkəb vəziyyətdə situasiyalardan rahat şəkildə çıxa bilir.

- Elə bil ki, “Çal-çağır”dakı Dilarə obrazı xarakterinizə hopub.

- Mən bir həftə proqrama hazırlaşırdım, bütün günü obraz barədə düşünürdüm. Artıq həmin Dilarə mənim iliyimə işləyib. Hərdən başqa rol oynayanda “Çal-çağır”dakı Dilarəni özümdən qovmaq üçün çox mübarizə aparıram. Bu Dilarədə olmaq mənə çox rahatdır. İnsanlar məni belə görüb tanıyıblar, təsəvvür edin ki, özüm olmaq üçün rola girməliyəm.

- Verilişinizdə qalmaqallar çox olub, amma siz bundan yan keçmisiz. Nə məsələdir?

Təbii ki, insana niyyəti, enerjisi, düşüncə tərzi kömək edir. Mən qonaqları öz yerimə qoyuram. Əgər mənim xoşuma gəlməyən söz varsa, onların da xoşuna gəlməyəcək. Artıq söz eşitmək istəmədiyimdən suallarımı düzgün seçirdim. Təsəvvür edin ki, istedadlı bir insanı nəyinsə güdazına verirəm. Ona layiq olduğu kimi davranmalıyam. Şəxsiyyətə toxunan məsələlər olmayıb, bu səbəbdən də qalmaqallar yaranmayıb.

Elvin Elxan 

Fotolar: Nuran