“O qayıdanda Sevda nişanlı idi, var olan mən idim...” - Müsahibə

-o-qayidanda-sevda-nisanli-idi-var-olan-men-idim-
Oxunma sayı: 13453

Çox adamın sevən, sevilən, yaxud platonik bir eşqlə, ünvansız bir məhəbbətlə çarpışdığı vaxtlar olur... Elə vaxtlarda, yeniyetməlikdə əksər şeir kitablarından sevgi şeirlərini seçib oxuyardıq, dəftərlərimizə köçürərdik... Qanrılıb baxanda dünəndi, söykəli olduğumuz tarixdi, ancaq sürət əsrində xeyli uzaq, adamı nostaljiyə kökləyən anlar kimi görünür... Həmin illərin sevimli şairləri ürəyində yaşatdığın, gözlərində arzusu, həsrəti azalmayan hansısa sevgi şeirlərinin müəllifləri idi... Belələrinin irəlisində gedən, sevilən şair Nüsrət Kəsəmənli idi...

İndi bilmirəm xatirə dəftərləri tuturlar, ya yox, bəlkə də xatirə dəftərləri də artıq elektrondur, “word”dur, “PDF”dir... Amma məktəb vaxtı qızların xatirə dəftərlərinə yazılan sevgi şeirlərinin çoxu Nüsrət Kəsəmənlinin yazdıqları idi...

Kitabxanadan alanda görərdim ki, nəşrin cildinə içəridən yapışdırılmış, oxucuların kodları, kitabın alınma və qaytarılma tarixləri yazılan vərəq ya dolub, ya da dolmaq üzrədi... O kitablardan kimlərə yoltapan, ürəkqanadan misralar yazılmamışdı ki... İndi bizlər, 90-ların uşaqları dəyişmişik, Sovet reallığı ilə hesablaşan axırıncılarıq və bizdən hələ də köhnələrin – o vaxtın ətri az da olsa gəlir... Nüsrət Kəsəmənlinin şeirləri ilə ürək tikmişik, onun şeirlərindəki ağrılara görə bizə rəhm eləyənlər də olub... Bu gün gerçəkliyin ucalığından baxanda isə görürük ki, vaxt başqa, zaman başqadı... Dünənlərin reallığı xatirə kimi əzizdi, ancaq bu gün keçmir, yerimir... Bu gün ağzını açan Lorkadan deyir, Nazimdən deyir, Nerudandan deyir, aforizmlər döşəyir... Ancaq yaddaşımızdakı keçmiş öz ünvanındadı, dəbərmir, yerini dəyişmir...

Söhbətimizdə şeirlərini sevərək oxuduğumuz, keçmişimizin bir hissəsi olan Nüsrət Kəsəmənli haqqında danışmışıq, müsahibimiz şairin vəfalısı – həyat yoldaşı Rəhilə Kəsəmənlidir. Rəhilə xanımla bu müsahibəyə görə bir neçə dəfə görüşdük, şairin əlyazmalarını, foto arxivini, vaxtı ilə dövrü mətbuatda çap olunan yazılarını, müsahibələrini, haqqındakı məqalələri söhbətimizdən əvvəl mənə verdi...

Bir ay ərzində vaxtaşırı görüşdük, telefonlaşdıq, əlavə materiallar gərəyim oldu... Bu günlər ərzində, ünsiyyət müddətində mənim gözlərim “dinc durmamışdı”, Rəhilə xanımın hər hərəkətinə, sözünə, həyat yoldaşına münasibətinə fikir verirdim, görürdüm ki, o yenə də qulluqdadı, xidmətdədi, gətir-götürdədi – həmişə olduğu kimi – Nüsrətin Kəsəmənlinin yolunda...


– Nüsrət Kəsəmənli bir vaxtların elə ədəbi imzalarından olub ki, kitabları əl-əl gəzib. Bu gün də onun şeirlərini sevənlər, yaradıcı yolu ilə getmək niyyətində olanlar var. Ancaq elə bil, illər keçdikcə onun şeirlərinə diqqət əvvəlkinə nisbətdə azalır, siz necə düşünürsünüz?

– Nüsrətin ölümündən sonra 40 gün hansı kanalı çevirirdinsə, onun haqqında veriliş gedirdi, vəfatından sonra da ona olan diqqət azalmadı, bu gün də yeni bir veriliş açılan kimi bizi yada salırlar. Onun haqqında yazılan yazılar, hazırlanan verilişlər qədər heç bir şair, yazıçı haqqında verilişlər hazırlanmayıb, məqalələr yazılmayıb. Yaradıcılığını elə qurub ki, elə şeirlər yazıb ki, onun barəsində söz demək həmişə mümkündü. Yaşayası əsərlər qoyub getmiş şairdi. Qaldı ona olan diqqət məsələsinə, heyfislənirəm ki, o cür şair fəxri ad ala bilmədi. Nüsrət Kəsəmənli adı gələndə İranda, Türkiyədə, ümumən Şərqdə tanıyanlar imzasına ehtiramla yanaşır. O nə Əməkdar İncəsənət Xadimi, nə də Xalq şairi adına layiq görüldü. Kim o adları alıbsa sağlığına qismət, hamısı Azərbaycan xalqı üçün əlinə qələm almış insanlardı, ancaq Nüsrət onların hansından zəif şair idi?

Elə şairlər var, bir misrasını heç kim bilmir, ancaq elə bir kəs varmı ki, Nüsrətdən bir şeir oxumasın, yaxud eşitməsin, əzbər deməsin. Hansısa məclisdəsə başda oturmuş, şeir oxuyan şairin adını bir saat sonra ordakılardan soruş çoxu xatırlamayacaq. Deyəcək kim idi o? Ancaq belə şeyləri Nüsrətə aid etmək olmur. Özü deyirdi ki, mən Xalq şairi olmasam da, xalqın şairiyəm, elə yazmışam ki, 14-15 yaşına çatmış yeniyetmədən tutmuş, ta qoca nənə-babalara qədər qələmə aldıqlarımı oxuyurlar və oxuyacaqlar. Əsl şair o şairdir ki. ölümündən sonra da şeirləri sevilir.

Demirəm şairdi, amma oğlum Rəşad Kəsəmənli də hərdən nəsə yazır. Bir dəfə şeirini verib dedi oxu gör bəyənirsən? Dedim Rəşad mən bunu oxuyub bir müəllim kimi qiymətləndirə bilərəm, atansa şairdi, ona göstər, gör nə deyir. Nüsrət şeiri oxuyub dedi ki, əvvəla şeir yazırsansa çalış yaxşı yaz, mənim imzama xələl gətirmə, ikincisi də əsl şair odur ki, onun şeirləri özündən sonra da yaşasın. Yazıq o şairdi ki, bu gün ölür, özüylə birgə şeirləri də dəfn olunur. Respublika Prezidentinin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı ilə çap olunan kitablar arasında Nüsrət Kəsəmənlinin də kitabı vardı və nəfis çap olunub. Fərmanda deyilir ki, ən gözəl əsərlər çap edilsin. Bu ifadəni Nüsrət yaradıcılığına verilmiş klassik tərif kimi qiymətləndirirəm. Ona görə daha heç bir narahatlığımız yoxdur. Sağlığında özü enmədi kürsülərdən, öləndən sonra da şeirləri dillərdən düşmür.

– Sovet dövründə məktəblərə, bağçalara vurulan məşhur bir şəkil varmış: Stalin qucağında da qanışirin bir qızcığaz – Gelya Markizova. Şəkil dövlət tədbirlərinin birində çəkilibmiş. Bütün Sovet respublikalarında hamı o qızcığazı bəxtəvər sayarmış. Amma o məşhur şəkil çəkiləndən sonra, həmin qızın atası repressiya maşınında əzilir, qızcığaz isə anası ilə birgə sürgün olunur. Gelya sürgündə olanda orta məktəbdə şəkilləri varmış və çoxları elə bilərmiş ki, o bəxtəvərlər bəxtəvəridi. Yəni qıraqdan kiməsə həsəd aparanlar həmin adamın tale burulğanlarından, ürəkəridən zillətlərindən xəbərsiz olurlar. Sözü sizə gətirirəm, Nüsrət Kəsəmənli ilə ailə qurmaq istəyən qızlar çox olub, bunu dünyanın ən böyük səadəti hesab ediblər, ancaq onunla birgə ömür sürmək sizin nəsibinzə yazılıb. Bilirəm ki, elə məşhur bir adamla yaşamağın (Gelyanın şəkli kimi) kənardan bəxtəvər görünən yanları olsa da, çətin, dözümistətən tərəfləri də olub... İstərdim bu barədə danışaq...

– Əlbəttə, diqqət mərkəzində olan bir adamla ailə həyatı qurmaq da, yaşamaq da çətindi. Düzü, ailəm bu izdivaca razı deyildi deyə çətin günlərdə mən Nüsrətdən onlara şikayət edə bilmirdim. Daim diqqət mərkəzində idi, gecələr gec gəlirdi, evə zənglər olunurdu. Bütün bunlara dözmək bir qadın üçün ağırdı. Ancaq mən dözürdüm, çünki onun həyatında yalnız özümü götürdüm, bilirdim ki, hara getsə, axşam evinə gələcək.

Nüsrət ailəsinə, uşaqlarına həddən artıq bağlı idi. Başa düşürdüm ki, bütün bunların, bu diqqətin, bu istəklərin, canatmaların hamısı onun şairliyinə görədi, o adi bir insan olsaydı, bütün bunlar olmayacaqdı və əgər mən belə bir insanla ailə qurmuşamsa, dözməliyəm. Gecənin bir aləmi gəlirdi, düzü, əsəbiləşirdim, deyirdim gələndə hirslənəcəm, ancaq elə ki, qapını döyürdü, heç onu görməmiş, qapının səsinə yumşalırdım, hissim-hikkəm əriyib gedirdi.

Gec gələndə qapını döyüb gizlənirdi arxasında, deyirdi utanıram e, bu vaxt evə gələrlər? Deyirdim gec gələn də sənsən, utanan da... Gəl-gəl... Evə girəndən sonrasa olurdu bir başqa Nüsrət. Qapını barmaqları ilə mahnı çala-çala döyürdü, bu onun adəti idi. Nüsrət pilləkənləri çıxanda sevinirdim, ondan narazı qalsaydım, o hisləri keçirə bilməzdim. Axşam qapını açıb içəri girəndən üzü gülərdi, ta səhər işə gedənə qədər. Evdə ən qiymətli əşya sınsaydı, qaşını da turşutmazdı, deməzdi ki, onu alanacan nə qədər əziyyət çəkilib. Həmişə bilmişəm ki, Nüsrət mənə güldən ağır söz deməyəcək, belə rahat yaşamışıq. Gecə neçədə gəlsəydi keçirdi mətbəxə, qazanın ağzın açıb deyirdi ki, bax, mən bu yeməkdən yeməyə gəlmişəm. Bilirdim ki, ziyafətdən gəlib, yeyib-içib, bu vaxta ac adam qalmaz, ancaq onun verdiyi qədir-qiymət o idi ki, mənim bişirdiyim qazan ağzıörtülü qalmırdı. Hərdən o qədər tox olurdu ki, yazıq yeyə də bilmirdi (gülürük).

Mən həddindən artıq qürurlu insanam, evin sirrini heç kəsə deyən deyiləm. Həmişə istəmişəm ki, kənardan ailəmi necə qoruduğumu, işlərin öhdəsindən necə gəldiyimi görsünlər. Hərə kənardan bir söz deyirdi, zənglər gəlirdi, gözümün içinə baxa-baxa Nüsrət haqqında xoşagəlməz sözlər danışıblar mənə, çöldə onların cavabını vermişəm, ancaq evə gələndə pis olmuşam, düşünmüşəm: niyə hər şey belə oldu ki, mən də bu sözləri eşitdim. Həmin sözləri Nüsrətin özünə də deməmişəm.

Nüsrətin bəzi naqolay hərəkətlərin müşahidə etmişəm, haqqında xoşagəlməz sözlər eşitmişəm, amma heç vaxt reaksiya verməmişəm, üzünə vurmamışam, bilirsiz nədən qorxmuşam? Qorxmuşam ki, bir dəfə mənə deyər: bu mənəm, xoşun gəlir otur, xoşun gəlmir xoş gəldin. Onda ya gərək gedəydim, ya da öləydim. O sözdən sonra həmin evdə qalmaq, gəzmək, yaşamaq mümkün deyildi. Çünki o sözləri bir-birinə deyəndən sonra ailədə ailəlik qalmır. Nüsrət həmişə ailədə özünü elə aparıb ki, ondan incik düşməmişəm, sadəcə məni ağrıdan kənar dedi-qodular olub. Bilsəydim ki, onun həyatında ikinci dərəcəliyəm heç vaxt onunla bir evdə yaşamazdım. Məni ona verməyən anamı biz evlənəndən sonra Nüsrət elə ələ aldı ki, oğlanları ola-ola vəsiyyətnaməsini kürəkəninə yazdı.

– Ananız Sona xanımı yada saldınız deyə bir məsələni də xatırlatmaq istərdim. Bildiyim qədərincə, “Biri vardı, biri yox” şeirində “Nişan üçün iki şey istədilər” misrasına görə ananız Nüsrət müəllimdən bərk inciyibmiş...

– Bəli, anam həmin misraya görə ondan incik düşmüşdü. Demişdi mən ki səndən heç nə istəməmişəm. Axı bir valideyn ki, kürəkənin illər uzunu – tələbəlik dönəmindən qaldığı bir zirzəmiyə qızını gəlin köçürməyə razı olsun, onun nənə himayəsində böyüdüyünü bilsin, ondan nə istəyə bilər? Nüsrət də dedi ki, Sona xanım, mən şeirin həmin misrasını qafiyə xətrinə yazmışam. Beləcə anamı inandırdı...

– Amma o şeirdə bir həqiqət payı olan misra da var: “İki qıza könül verib getmişdim”. İki qız – rəhmətlik Sevda xanım və siz. Nüsrət müəllim müsahibələrinin birində deyib ki, iki qıza könül verib əsgərliyə yollanmışdım, hər ikisinə də məktub yazmırdım, dözümlərini yoxlayırdım. Əsgərlikdən qayıdanda Sevda xanım artıq nişanlı olub. Nüsrət müəllim niyə gözləmədiyini ondan soruşanda, qız cavab verib ki, yazmadın elə bildim unutmusan, istəyirsən nişanımı qaytarım. Nüsrət müəllim etiraz edib, ancaq o qız nişanını qaytarıb, sonra ailə qursa da, ayrılmalı olub. Nüsrət müəllim də sizin vəfanızı, sədaqətinizi yüksək qiymətləndirib... Həyatınızı sizə danışdım... (gülürük)

– Hə, qayıdanda var olan mən idim, Sevdanı nişanlamışdılar. Düzü, Nüsrətin o xanıma qarşı olan hisləri sevgi kimi yox, ilk məhəbbət ağrısıtək həmişə yaşadı və mən onun hislərinə həmişə hörmətlə yanaşırdım...

– O sevgi tarixçəsindən çox danışmısınız, təzədən istəmirəm deyilənlər təkrar olunsun. Ancaq bilmək istəyirəm, Sevda xanımın şəkli sizin evinizə necə gəlib çıxmışdı və rəsmə sizin reaksiyanız necə olmuşdu?

– Nüsrət o şəkli işdən gətirmişdi. Mən də səs salmadım, qan-qaraçılıq yaratmadım. O qız Nüsrətin həyatında ötəri bir xanım olmayıb. Mənim danışığımdan elə çıxmasın ki, elə Nüsrət kiminlə münasibət qurubsa mən demişəm ki, bərəkallah, halal xoşun. Hansı qadın bunu edər? Qətiyyən elə olmayıb. Sevda isə Nüsrətin həyatında onun sevgisini qazanmış bir insan olub, əgər sevgiləri baş tutmayıbsa, buna görə onları qınamaq olmazdı. Bir-birini hədsiz çox istəyiblər. Qızın da istəyinin sonradan şahidi oldum. Sevdanı görmüşdüm mən. Şəkil məsələsinə gəldikdə tutaq ki, o şəklin evə gəlməsinə narazılıq elədim, cırıb atdım, Nüsrətin ürəyindəki hisləri necə qopardıb atacaqdım? Əksinə həyat yoldaşımın keçmişinə hörmətlə yanaşdım və onun gözündə bir az hörmət qazandım. Bu gün də həmin şəkli saxlayıram...

– Bayaq dedi-qodulardan, evdağıdan, yuvauçuran sözlərdən danışdınız, həmin gəzən söhbətlər haqqında həyat yoldaşınıza nəsə deyirdinizmi və o əməllərinə necə bəraət donu geyindirirdi?

– Yox, üzünə vurmurdum. Bircə xəstə olanda zarafatla dedi ki, ölsəm, ay Rəhilə, sən özünü öldürərsən, məni yaman çox istəyirsən. Zarafatına zarafatla cavab verdim ki, mən niyə öldürürəm, qoy filankəslər özün öldürsün, başladım ad çəkməyə, gördüm elə gülür, elə gülür... Dedi onlar mənim yadımdan çıxıb, bu isə adlarını əzbər bilir, deməli, sən hamısın bilirdin, hə?

Əgər bildiklərimi dilə gətirib desəydim, ağır cavab ala bilərdim. Ancaq içimdə həmişə belə bir təskinliyim olub ki, onlar kim, mən kim? Mən Nüsrətin xanımıyam, uşaqlarının anasıyam, gör mən harda əyləşmişəm, onlarsa ötəri əyləncələrdi. İnsanın bir ürəyi olduğu kimi, o ürəkdə bir insan olur, kim kimin ürəyini qazanıb əbədi onunla yaşaya bilirsə, deməli, onun sevdiyi də o imiş.

– “Əsgisi tüstülü” məsələsi də yəqin olub, elə adam var ki, min oyundan çıxır, ancaq görünmür, eləsi də var ki, barmağını tərpətsə rüsvaylığı ellə bir olur.

– Düzdü, bəzən adamlar olmayanları da danışırlar, yaxud həqiqətləri lap şişirdib çatdırırlar. Məni möhkəm saxlayan inam idi, özümə də güvənirdim, ona da. Hamı bilirdi ki, onun qulluğunda necə dayanıram, ona qarşı necə dözümlüyəm. Nüsrət də sərraf adam idi, qiymət verməyi bacaran idi. Elə insan var ki, imkanları artdıqca, şöhrəti çoxaldıqca ailəyə arxa çevirir. Hətta Nüsrət elə etsəydi, yenə incik düşməzdim, elə bilərdim heç yoxdu, əgər o qiymətləndirmək bacarığına malik deyilsə, deməli, onunçün fərq etmir. O cür insanları itirmək isə faciə deyil. Bir dəfə də demişəm, yenə təkrar edirəm: baxmayaraq ki, aliməm, universitet müəlliməsiyəm, mən gedib gecələr çörək zavodlarında işləyərdim, ancaq məni sevməyən biri ilə eyni damın altında yaşamazdım, heç aliment də almazdım uşaqlara. Qoy bəraət donları barədə də deyim: hərdən olurdu ki, hansısa məsələnin üstü açılırdı, o saat deyirdi ki, eyninə alma, sənin tayın-bərabərin ola bilməz... Bəzən də zarafata salırdı ki, bu da bir yaradıcılıqdı...

– Əksər şair xanımlarının, hətta sevgililərinin adətidir, sevgi şeirlərində ünvan axtarırlar, eşələməkdə mahirdilər... Sevgi şairinin vəfalısı kimi belə cəhətləriniz vardımı?

– Mənə yad ünsürlərdir bunlar. Bəlkə də bunların belə olmasına səbəb o idi ki, özümə bir xanım kimi inanırdım. Qardaşlarım da var və ümumən kişilərin xasiyyətinə bələdəm, kişilər bilsələr ki, qadınlarında ona qarşı qısqanclıq var, bu artıq onun əlində bir alətə, hətta silaha çevriləcək. Yəni əsəbiləşən kimi qadından acıqlarını belə çıxacaqlar. Özümdən artıq heç kəsi görmədim onun həyatında. Ona görə də onun şeirlərini eşələmədim, çözələmədim, sadəcə əksər Azərbaycan oxucuları kimi oxuyub, zövq aldım...

– Həyatına, ömürlüyünə baxanda görünür ki, dalaşqan adam olub. Faktlar var, sadəcə xatırlatmağa lüzum görmürəm. Adətən, insanlarla münasibətinin gərginləşməsinə səbəb nə olurdu, nəyə dözə bilmirdi?

– O hissiyyat adamı idi, dalaşıbsa, deməli, ona toxunan nələrsə olub, elə-belə, heç nədən söz-söhbət yaradan biri deyildi. Şərə, böhtana, yersiz hərəkətlərə dözə bilmirdi...

– Eşitdiyimə görə bir az da söyüşcül olub...

– Ailə içində, uşaqların yanında belə sözlər danışdığını görməmişəm, yəqin çöldə, hansısa məqamda, hirslənəndə ağzının acısını alırmış... Uşaqlarını çox sevirdi, elə bil üç qardaş idilər, oğlanları ilə o cür rəftar edirdi. Evdə içməyin əleyhinə idi, evə yeyib-içmək salmazdı, hardasa oturardılar, uzağı gəlib deyərdilər ki, bakılı qızı, qutab bişir yeyək.

– Övladlarının işlərinə qarışardı, yoxsa seçim sərbəstliyi verən ata idi?

– Böyük oğlum Rəşad hüquq fakültəsində oxuyub, ancaq əsgərlikdən sonra Mədəniyyət və İncəsənət Universitetində rejissorluq fakültəsində təhsil aldı. Mən onun peşəsini dəyişməyindən narazı idim, istəyirdim əvvəlki ixtisası üzrə işləsin. Ancaq atası seçiminə etiraz eləmədi, dedi qoy özünü hansı sahədə görürsə, o sahədə də çalışsın. Sevdiyi peşələrlə məşğul olmalarını arzulayırdı...

- İki oğlunuz var, hansı daha çox oxşayır atasına?

- Araz üzdən çox oxşayır, baxanda elə bilirsən Nüsrət sağdı. Rəşad isə danışığı, yaradıcılığı ilə atasına oxşayır. Yaxın binalarda qalırıq, hərdən Rəşad zəng edəndə telefonda susub qalıram, elə bilirəm Nüsrət danışır. Xasiyyətlərində oxşarlıqları odur ki, peşman olsalar da dilə gətirməzlər, sınan deyillər. Nüsrət “İlk addım atırsan” adlı şeirini oğlanlarına həsr edib, o şeirdə belə bənd var:

Əllərdə qalmasın nigaran gözün,
Hər addım atanda təzədən doğul.
Yıxıl, parça-parça kəsilsin dizin,
Ətəkdən tutmağa öyrənmə, oğul!

Ataları şeirində necə deyibsə, onlar da elə yaşayırlar, fəqət həmişə elə olmaq da xoşbəxtlik gətirmir. Baxıram ki, atalarının şeiri onlara daha çox təsir edib, nəinki mənim öyüdlərim...

Ardı var...

Fərid Hüseyn