Nərgiz Cəlilovanın verdiyi zülm

nergiz-celilovanin-verdiyi-zulm
Oxunma sayı: 5676

Raminə Eyvazqızı

Nərgiz xanımla ilk qarşılaşmam 1984-cü ildə “Arzu” uşaq bağçasında olmuşdu. O vaxtlar onu bibimə bənzətmişdim, saçındakı topa ağ saçı isə anamı xatırladırdı. Bağçaya o vaxtın yeganə TV-si olan AzTV üçün çəkilişə gəlmişdilər.

Çox maraqlıdır ki, Nərgiz Cəlilova Sovet Azərbaycanının yeganə telekanalında Bədii Şuranın tələbi olan qəlib davranışlardan kənara çıxa bilirdi, o daha sevimli idi. Diktor idi, amma jest və ifadələrindən bugünkü qədər bezmirdik.

Hazırda AzTV-də veriliş təqdim edən Nərgiz Cəlilava süni gülüşləri, həddini aşmış yersiz sualları, qonağıyla bağlı məlumatsızlığı ilə bizi üzür. Bəli, 56 yaşlı Nərgiz xanım görkəminə, dəblə ayaqlaşmağına görə təqdirəlayiqdir. Kaş ki, özünə baxdığı qədər verlişlərinin də səviyyəsini gözdən keçirərdi. İllərdir müxtəlif layihələrdə qonaq-aparıcı üslubundadır, amma görkəmli qonaqlar onun mənasız aparıcılığı altında əzilir. Və bunu hiss etmək tamaşaçı üçün müşkül ola bilməz. AzTV bizə sevilən sənətkarların üzünü görməyi nəsib edir, N. Cəlilova isə bu şansı beləcə öldürür. “Sevilənlər” verilişinin bir neçə sayınına nəzər yetirək.

Aktyor, rejissor Cahangir Novruzova belə bir sual verilir. “Babanız Cahangirlə siz Cahangir arasında fərq nədir”. Sevilən sənətkar deyəndə ki, anam Nəsibə Zeynalova öz atasını uşaqkən itirib deyə, bu fərqi o da bilmirdi.

Ardınca Nərgiz Cəlilovadan məntiqsiz suallar yağmağa başlayır. Cahangir Novruzovun babasını səhv olaraq “komediya ustası” kimi təqdim edən “aparıcı” elə verilişindəcə öyrənir ki, babası teatrın inkişafına xidmət edən tacir olub, akyor yox. Yaxud, Cahangir Novruzova “ixtisasca rejissorsuz, amma aktyorluğu seçmisiz” deyir. Bu dəfə qonaqdan öyrənir ki, sən demə C. Növruzov 60-a yaxın obraz canlandırsa da, 100-ə qədər tamaşa hazırlayıb.

İllərdir, Türkiyədə yaşayan sənətkara verilən “Vətən üçün darıxırsız” sualı isə N. Cəlilovanın yaşının kamilliyinə şübhə yaradır. Qonağı mərhum sənətkarlardan danışdıqca kədərləndiyi halda, “aparıcı” elə hey gülümsəyir. Bu məqamı çox verilişində sezmək olur.

İlahiyyatçı Vasim Məmmədəliyevlə söhbətində qara geyimdə (ciddi olmağa çalışır) sus qalması adamı təəccübləndirir. Vasim müəllim kimi nəhəng insan haqqında sadə məlumatları bilməyən Nərgiz xanım qonağının fikirlərini başı ilə təsdiq etməklə kifayətlənir.

Xalq rəssamı Arif Hüseynovla danışanda adi məsələni böyütməsi, hər kəlməyə yersiz heyrətlənməsi diqqətdən qaçmır.

Ustad Rafiq Hüseynovun veriliş aparıcısının əcaib fikirlərinə təəccübü o qədər aydın görünür ki. “Deməli, yaxşı günlərdə yenə yaşamaq istəyərdiz”, “kədərlənirsiz” kimi suallar isə Rafiq kimi ekran ustasına cavab şansı vermir. N. Cəlilovanın “Yaşınıza görə səsinizi, yaraşığını itirməmiz” təhqiramiz fikirləri isə Rafiq Hüseynovun başını yelləyib, “əstəğfürullah” deməsi ilə bitir. Rafiq Hüseynova verilən Nərgiz sualları onun xəstə vaxtında halını mənfiyə doğru dəyişir.

Həm qonaqlarına, həm tamaşaçılarına verdiyi zülm bitmir. Xalq artisti Afaq Bəşirqızının onun suallarına düzəliş verməsi, böyük sənətkar Rasim Balayevin Nərgizin əndrabadi sualları qarşısındakı acizliyi, çaşqınlığı nəzərdən qaçmır. Adama elə gəlir ki, qonaq yuxuludur, halbuki o sualların quruluşundan baş çıxara bilmir.

Rasim Balayevə “sizdə yəqin mənfi obrazlardan da nə isə var” kimi mənasız fikir qonağın narahatlığını hiss elətdirir. Qonaqlar N. Cəlilovanın yersiz gülüşləri, “fəlsəfi” suallarına məna verə bilmirlər və bu ekrandan elə aydın hiss olunur ki... Nə yaxşı ki, qonaqlarla bağlı fraqmentlərlə verilişdə fasilə verilir, studiyada qonaq müğənnilərin ifası olur, yoxsa Nərgiz xanımın monoton davranışı, siması, qəliz sualları adamı dərhal kanalı dəyişməyə vadar edərdi.

Nərgiz Cəlilova təqdimatlar, mərasimlər aparıcısıdır. İnsafla deyim ki, diksiyası, nitqi qüsursuzdur. Rafiq Hüseynovla (“Görüş”), Faiq Ağayevlə (“Xatirələr”) duetlərinə, solo “Sevərsənmi” mahnısının ifasına qulaq asandan sonra isə, adam öz –özünə belə deyir. “Nərgiz xanım, kaş ki müğənni olardız, indi xalq artisti də olmuşduz.”