Necə olur ki, Xoşqədəm Mirşahindən populyardır?..

nece-olur-ki-xosqedem-mirsahinden-populyardir
Oxunma sayı: 11933

Bir neçə gündür Azərbaycanın Televiziya kanallarında yayımlanan üzdə sosial mövzulu, əsl mahiyyətində isə şou dayanan verilişlərin bir-birinin ardınca bağlanmasını maraqlıdır ki, nə mətbuat, nə də cəmiyyət rezonansla qarşıladı. “Qafqazinfo” xəbər verir ki, əslində ölkə gündəminə “bomba” kimi düşməli olan mövzu sükutla qarşılandı. Ən azı xəbər olaraq ATV-nin “Öz aramızda”, ANS-in “A-dan Z-yə”, “ŞOKolad” “Xoşqədəmlə axtarıram səni” verilişlərinin bağlanması, bir sıra proqramlarda isə aparıcılar və format dəyişikliyinin edilməsi böyük maraq doğurmalı idi. Axı nə baş verdi?.. Birdən-birə nə oldu ki, telekanallar bu verilişləri qəfil dayandırmalı oldular. Və bu xarakterli verilişlərin “Space”, “Xəzər” televiziyalarında da bu gün, sabah bağlanması xəbərini yəqin ki, eşidəcəyik.

Məsələnin ən diqqət yetirilməli tərəfi isə MTRŞ-nin ANS-lə bağlı yaydığı bəyanatdır. Əslində belə sərt bəyanatdan sonra ANS dərhal bağlanmalı idi. Çünki faktiki bu cür səhvlərdə, qanun pozunutularında, insan mənəviyyatına zidd fəaliyyətdə ittiham olunan nəinki televiziya, istənilən qurumun fəaliyyəti dərhal dayandırılmalıdır. Gəlin, öz fikirlərimizə yox, MTRŞ-nin ANS-lə, daha dəqiq desək Xoşqədəm Hidayətqizının verilişi ilə bağlı yaydığı bəyanata bir daha ciddi şəkildə diqqət yetirək: ““ANS” televiziyasının efirində yayımlanan “Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni” proqramlarında sosial problemlərin həllinə dəstək adı altında yaradılan saxta şouların mövcudluğunu, ailədaxili münaqişələr, cəmiyyətdə müşahidə olunan digər bu kimi ayrı-ayrı neqativ halların müzakirə mövzusuna və sosial problemlərin şouya çevrildiyini, bir sıra mövzuların süni şəkildə günlərlə davam etdirildiyini, əxlaqında və ya sağlamlığında problem olan insanların həyatı üzərində şou yaradıldığını, ailələrin, qohumların üz-üzə qoyulduğunu, insanların heysiyyatı ilə oynanıldığını, süni gərginliyin yaradıldığını, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verildiyini, efirin şəxsi intriqalara alət edildiyini, milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl edilmədiyini, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, proqrama verilmiş tələblərin, eyni zamanda sponsorluqla bağlı qanunverciliyin tələblərinin pozulduğunu nəzərə alaraq “ANS” televiziyasının efirində həftə ərzində şənbə və bazar günləri istisna olmaqla 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 16.20-dən – 19.00-dək yayımlanan “Sən tək deyilsən” proqramının, hər həftənin bazar günü saat 21:30-dan 24:00-dək yayımlanan “Xoşqədəmlə axtarıram səni” proqramının yayımının 05 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edilib”.

Bir daha qeyd edirəm ki, bu cür sərt bəyanatdan sonra nəinki televiziya, istənilən qurumun fəaliyyətinə xitam verilməli idi. Ancaq bu ağır ittihamlardan sonra verilişin yayımı cəmi bir ay dayandırılıb. Belə sərt bəyanatın qarşısında çıxarılan qərar olduqca yumşaq deyilmi?

Bircə məqamı qeyd etmək lazımdır ki, sözügedən bəyanatda təkcə ANS-in yox, Azərbycanın efir məkanının vəziyyəti elə dəqiqliklə təsvir olunub ki, heç ANS-in “İlin adamı” elan elədiyi Tahir Salahov da gəlsəydi bu mənzərini belə gözəl ifadə edən portreti çəkə bilməzdi. Adam sadəcə soruşmaq istəyir ki, bu bəyanatı vermək üçün 5 il gözləmək lazım idimi?.. Elə Xoşqədəm efirə çıxan gündən, istər bu veriliş ATV-də yayımlananda, istərsə də ANS-də onun mahiyyəti məhz insanları alçaltmaq, adamları rəzil, zəlil günündə təqdim etmək olmayıb? Guya, gedib tutaq ki, Sibirdə cavanlığını rus qızları ilə keçirən, indi qocalan və bomja çevrilən avaranın birini tapıb bura gətirmək, onun buradakı nəsil-kökünü tapıb çəkmək böyük sosial layihə olub?..

Məsələ burasındadır ki, yarandığı gündən dişsiz qurum kimi fəaliyyət göstərən, TV-lər tərəfindən o qədər də ciddiyə alınmayan MTRŞ hələ indi görüb ki, Xoşqədəm insanların heysiyyatı ilə oynayır, adamların taleyi üzərində şou qurur?

Axı bu veriliş başqa kanalda efirə çıxan gündən məqsəd insanların heysiyyatı ilə oynamaq, ucuz şoular yaratmaq, ən böyük arzusu efirə çıxmaq olan və buna görə də həyatının bütün gizlinlərini Xoşqədəmlə bölüşməyə hazır olan insanları efirə çıxartmaqdan, bütün bunların isə başında özünə dəllal, sponsor toplamaqdan ibarət idi. Bunu bütün ölkə aydınları, ziyalıları deyirdilər, yazırdılar, anekdotlar qoşurdular. Həmin vaxt Xoşu və onun ekspertləri yalnız sinələrinə döyüb ölkədə ən reytinqli olmaları ilə öyünürdülər...

Məsələ ondadır ki, məhz bu verilişlərin cəmiyyəti hansı günə qoyduğunu öyrənmək istəyirsənsə, Mirşahin kimi jurnalisti Mətanət, Xoşqədəm, Elgiz, Zaur, Mikayılla bir küçəyə çıxart və reallığa tamaşa elə. Onların qarşısına çıxan 10 adamdan 2-si Mirşahinə salam versə, onda məndən alçaq adam yoxdur. Ancaq hamı qaçıb Elgizlə, Zaurla şəkil çəkdirmək istəyəcək, Xoşqədəmlə selfi çəkdirib xoşbəxt olacaq. Onlar da iddia edəcəklər ki, bəli, bu cəmiyyətdə sevilmək üçün elə Mikayıl olmaq lazımdır. Məhz bu cəmiyyətdə populyar olmaq üçün bütün iyrənclikləri, gizlinləri, yasaq olanları açmaq, danışmaq, göstərmək lazımdır.

Kiçik bir haşiyəyə çıxaraq misal çəkim. O gün uşaqlıq dostlarımdan biri mənə rayondan zəng edərək maşınının texpasportunu itirdiyini dedi və Mətanətin verilişinə çıxmaq üçün kömək istədi. Mən ona “əgər sənə texpasport alıb vermək lazımdırsa, kömək edim, ancaq Mətanət məsələsi mənlik deyil”-cavabını verdim. Qayıtdı ki, a kişi, texpasportu neynirəm ee, mənə Mətanətin verilişinə çıxmaq lazımdır... Axı bu adam sadə bir kəndlidir. Nə müğənni deyil, nə başqa populyarlıq tələb edən sənətin sahibi. Axı Azərbaycan xalqı niyə belə Xoşqədəmə, Elgizə, Mətanətə çevrilmək istəyir? Əlbəttə ki, xalqın belə bir istəkdə bulunmasında bu aparıcıların heç birinin xüsusi günahı yoxdur. Biz bilirik ki, xalq, həm də istənilən yerə istiqamətləndirilə bilən axar sudur. Guya, hansı ölkədə, toplumda böyük fərqlilik var ki? Yəni eyni şounu İranda da, Gürcüstanda da, Ermənistanda da, Türkiyədə də, Rusiyada da, yəni bizimlə eyni regionda, mentalitetdə olan istənilən toplumla çıxartmaq olar. Adını çəkdiyimiz ölkələrin hər birinin öz Xoşqədəmi var. Bəs nəyə görə məhz bizim Xoşqədəm bu qədər populyardır? Nəyə görə, Türkiyədə yayımlanan şoulardan adam doymaq bilmir? Məsələn, Türkiyədə yayımlanan və az qala bütün dünyada maraqla izlənən “O səs Türkiyə” layihəsi bu yaxınlarda AzTV-nin efirində görünəcək. Hamı bilir ki, bu layihə ətimizi tökəcək, müsabiqədən heç bir zövq ala bilməyəcəyik, nə bilim münsiflərin seçim etmək ixtiyarı olmayacaq, bir sözlə gül kimi layihə Azərbaycanda zibil olub vurulacaq divara. Necə ki, indiyədək bu ölkəyə gətirilən bütün layihələrdə eyni aqibət yaşanıb. Yadınıza salın, Azərbaycanda keçirilən “Yeni Ulduz”, “Meyxana” yarışmalarını. Hanı bu verilişlərin qəhrəmanları, qalibləri? Necə oldular? İndiyədək mənim yadımda bircə AzTV-də keçirilən, zövq aldığım muğam müsabiqəsindən başqa heç bir müsabiqə qalmayıb. O da məlumdur ki, həmin müsabiqəyə nəzarət məhz ən yüksək səviyyədə həyata keçirildiyindən orada özfəaliyyətə yol verilməyib. Ona görə də, həmin layihə bir maraqlı musiqi tarixi kimi yadda qalıb. Yoxsa, yadınıza o efirlərə çıxarılıb bütün dünya azərbaycanlılarına yalvardılan “Paçanlar”ı salın. Bütün günü o hacıdan, bu kərbəlayıdan, filan məmurdan səs, sms, istəyən o qəhrəman oğullarımız, qızlarımız hanı bəs?

Bax o adamların hamısı bu televiziyaların oyunları idi. Məhz bizim TV-lərin qurduğu, sadə insanların efir azarını hiss edib yaratdığı tələ idi bu verilişlər. Şeyx Nəsrullah kimi ifşa olunmaq ərəfəsində həmin verilişlər bir-bir yoxa çıxıb. Əslində yoxa çıxmayıb, öz formasını dəyişib. Mahiyyət isə eynidir. Yenə də insanların zəif yerlərindən yapışmaq, bir-iki efir mütəxəssisi düzəltmək, ekspert qruppası yaratmaq və Xoşqədəm kimi, efirdə ərə getməkdən, boşanmaqdan, dədəsini belə efirə çıxardıb reytinq toplamaqdan çəkinməyən aparıcılara meydan verib pul qazandırmaqdan ibarət olub məqsəd. Yəni bu ölkədə Əli Mirəliyevdən, Rəşid müəllimdən, Seymur Verdizadədən, Baba Vəziroğludan, müğənni Mətanətdən, bu tip verilişlərin bəzəyinə çevrilən deputatlardan başqa mütəxəssis yoxdur? Ay camaat, yəni biz o günə qalmışıq ki, Rəşidin, Əli Mirəliyevin, küçə şairlərinin, müğənnilərinin, nə bilim evlərində üzünə tüpürülməyən bu adamların məsləhətlərinə qulaq asaq?

Yəni, Zaur Baxşəliyev bu ölkədə beş abırlı mütəxəssis tapıb efirə çıxardıb rəyini öyrənə bilmir? Yaxşı, bu Tahir Əkbərin məsləhətləri tövsiyələri olmadan yaşaya, işləyə bilmirik axı. Bəs hardadır bular, ay Zaur?... A kişilər ayıb deyil? Nədir hər il bir formada, bir rəngdə bu milləti daha geri salırsız? “Məni yarımdan soruş” yox bir, apar dağın dalından dolandır, gətir. Gör, bu ölkədə vəziyyət nə yerə çatıb ki, axşam Nanə Ağamalıyeva əhalisinin az qala yarısı çalıb oxumaq üzrə mütəxəssis olan ölkədə utanmadan, çəkinmədən müğənnilərə məsləhət verir. Özü də müğənniliyə başlayacağını deyir. İlahi, görəcək günlərimiz var. Bunlar niyə Türkiyədə bir studiya görüb qayıdırlar məsələhət verməyə, oxumağa?..

Əl-qərəz Azərbaycanın efir məkanında uzun illərdir mövcud olan hərc-mərcliklər, bu əxlaqa-zidd durum, millətin başından, ayağından tutub dərənin dibinə sürüyən verilişlər nəhayət ki, bağlanmaqdadır.

Və bu dəfə bəyanat yaymasına baxmayaraq, məsələ MTRŞ səviyyəsində deyil. Həmişə olduğu kimi düymə birbaşa yuxarıdan basıllıb ki, mexanizm işə düşüb. Əldə etdiyimiz məlumata görə, Azərbaycan televiziyalarının bu bərbad durumunun ifşası məhz ölkə rəhbərliyinin şəxsən apardığı monitorinqlərdən sonra mümkün olub. Demək olar ki, bir ay ərzində bütün TV-lər baxılıb və onların hamısında eyni qüsurlar, bir-birini təkrarlamalar, yuxarıda qeyd etdiyimiz rüsvayçı hallar qeyd edilib. Məlumatlara görə, artıq TV rəhbərləri Prezident Administrasiyasına çağırılaraq onlara son xəbərdarlıqlar edilib. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin tapdanmasına görə hər bir televiziyanın bilavasitə məsuliyyət daşıdığı bildirilib. Öz fəaliyyətlərində dönüş yaratmaları üçün TV-lərə bir ay möhlət verilib. Bəzi verilişlərin isə dərhal dayandırılması barədə tapşırıqlar olub. Məlumatlara görə, məhz TV-lərin yayım siyasətinə cavabdeh olan MTRŞ-yə ciddi şəkildə tənbeh olunaraq quruma prosesə ciddi nəzarət etmək, lazım olan zaman cərimələr, cəzalar tətbiq etmək barədə göstərişlər verilib. Bundan sonra TV-lərdə heç bir bayağılığa, Azərbaycan xalqının xarakterinə uyğun olmayan, adət-ənənəni özündə əks etdirməyən veriliş və proqramlara heç bir halda efir hüququnun verilməsinə dair ciddi tapşırıqlar olub.

Bu mənada yaxın günlərdə Azərbaycanda digər TV-lərdə də eyni səviyyəli verilişlərin məlum aqibəti yaşayacağı dəqiqdir. Bizə isə hələlik gözləmək və Azərbaycan TV-lərinin açdığı bazarı davam etdirmək üçün daha hansı formatı fikirləşəcəyini gözləmək qalır... Görək, indi bazarkomlar Elgizi, Zauru, Xoşqədəmi, Mikayılı hansı cilddə efirə çıxaracaqlar...

Elbrus Ərud