Nazirin qeybətini edənlər

nazirin-qeybetini-edenler
Oxunma sayı: 2304

Raminə Eyvazqızı

Niyə susmusuz, niyə danışmırsız, ay mədəniyyət, incəsənətimizin keşiyində duranlar? Gücünüz nazir arxasınca danışmağamı çatır? Tənqid edin, dillənin, Əbülfəz Qarayev tərifi sevmir, narahat olmayın. Onu günəşə bənzədən Vaqif Bəhmənlini işdən də çıxarmışdı, xatırlatmış olum. Başqa sənət sahibləri heç olmazsa, sosial şəbəkədə tənqidi fikir söyləmək cəsarətini göstərirlər. Tənqid söyüş deyil kiə... Mənim aləmimdə tənqid -tərəqqiyə aparan bələdçidir. İndi çoxu bunu belə etməyə çəkinir, axı niyə? Üzrlü sayın, yenə cavabını bildiyim sualı verirəm.

Çərşənbə axşamı Muzey Mərkəzində hörmətli nazirimizin iştirakı ilə amerikalı rəssam Şeyn Quffoqqun sərgisi açıldı. Özlərini zadəgan adlandıran, ağbirçəkliyini unudan, botoksdan gülüşü belə aydın olmayan xanımlar və kişilər orada cəmləşmişdi. Elə bir rus məclisində idim, hamı rusca (bəlkə bu səbəbdən milli dərdlərdən anlamırlar) danışırdı, aristokrat olublar başımıza.

Onların bivec, şirin söhbətlərindən nazir Əbülfəz Qarayevin səsi də eşidilmirdi. Bəlkə də bu səbəbdən sərginin qırmızı lentini kəsən kimi hörmətli nazir "məni bağışlayın" deyib məclisi tərk etdi. Mədəniyyət və Turizm nazirinin axşam saatında evə (ya da daha maraqlı yerə) getməsinə başqa tərəfdən də haqq qazandırmaq olardı. Deyəsən, o da sərgidəki standart ölçülü divarboyu rəsm "əsər"lərinin olmayan cazibəsindən sıxılmışdı.

İnsafən deyim ki, sərginin elanında cəlbedici cümlələr qurulmuşdu. Elanda göstərilirdi ki, Bill Klinton, Hillari Klinton, Dastin Hoffman, Meq Rayn kimi dünyaca məşhurlar Şeyn Quffoqqun sənətinin pərəştiskarlarıdırlar. Əslində çoxunu da sərgiyə çəkib gətirən adı sadalananların zövqünü tanımaq idi. Amma çoxumuz hələ də anlamırıq ki, amerikalı rəssamı elə amerikalı bu qədər qiymətləndirə bilər də. Bizdəki kimi öz sənətkarlarımızı ayaq altına atmaqla deyil ki.

İndi sözüm ondadır ki, amerikalı rəssam deyib süfrə başına keçirdiyimiz Şeyn Quffoqqun sərgi zalını "zanit" edən plakatlarından çox az adam bir şey anladı. Akvarel, boya, quaş, pastel boyalarla işlənmiş, ya şirələnmiş texnikası (qlizal) ilə yaradılmış kətan, kağız üzərindəki, əyri-üyrü xəttlər, dalğalar, dairələr. Elə bil çoxu kompyuterdə dizayn edilib çap olunmuşdu. Sərgini tərk edənə qədər zalları bir neçə dəfə dövrə vurdum. Ziyarətçilər rəngli plakatlar qarşısında şəkil çəkdirir, uzun müddətdir bir-birini görməyən rəssamlarımız, incəsənət adamları görüşüb söhbət edirdilər. Onların sərgi barədə düşüncələri üzlərindən oxunurdu, bəzisi mat-məəttəl qalmışdı ki, gör kimə qiymət verib tərif edirlər.

Bir-ikisinin nazirlik, nazir dalınca dediyi qeybət də eşidilirdi. "Buna bax, etdikləri sərgiyə bax", "bu kimdi ki, nə sənət yaradıb ki, ordan bura gətiriblər", "amerikalı, sənət görməyib e" gileyi ilə zarafat edirdilər. Bu fikirləri eşidəndən sonra ürəyim yerinə gəldi, təəssüratlarımda yanılmadığıma sevindim. Heç yazıq deyilmi, Şeynə xərclənən pullarımıza, onu kimi onlarla vacib olmayan, öz ölkəsində qiymətdən düşən insanlara verilən dəyərə?

Bizim rutubətli, iki-üç kvadrat metrlik emalatxanalarda, zirzəmilərdə işləyən istedadlı, amma tanınmayan onlarla rəssamlarımız var ki, əsərlərini göstərməyə, satmağa belə yer tapmırlar. Hansısa Şeynin mənasız cızma-qarasına pul sayılır, bəlkə də D. Trampın ondan zəhləsi də gedir, küsüb, Bakıya üz tutub. Bu gün nazirliyə onlarla ölkə üçün maraqlı layihə təqdim edəndə ağız büzürlər, "bundan vacib işlər var, pul yoxdur" deyib ağlaşırlar, amma dəyərsiz yadların boyuna sevinirlər, nə var-nə var Bill Klinton Şeynə bir neçə dəfə iltifat edib.

Şeyn bir sürü dostu ilə hələ də Bakıdadır, bizim hesabımıza yeyir-içir, gəzir. Belə, lap əcəb eləyir...