Nazir Madriddə - Fotolar

nazir-madridde-
Oxunma sayı: 824

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İspaniyanın Madrid şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) ST-EP Fondunun Direktorlarının 14-cü görüşündə iştirak edir.

"Qafqazinfo" xəbər verir ki, səfər çərçivəsində nazir Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşüb. Görüşdə təşkilatla Azərbaycan arasında əməkdaşlıq, “Beynəlxalq davamlı turizm ili” çərçivəsində görüləcək işlər, cari ilin mayında Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və BMÜTT-nin İcraiyyə Şurasının növbəti iclası ilə bağlı müzakirələr aparılıb.

Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin son aylarda turizm sahəsi ilə bağlı olduqca vacib sərəncamlar verdiyini, Turizm Şurasının yaradıldığını, turizm sahəsinin inkişafı ilə bağlı strateji yol xəritəsinin təsdiq edildiyini diqqətə çatdırıb.

BMÜTT-nin baş katibi Taleb Rifai Prezident İlham Əliyevin doğum günündə onunla telefon əlaqəsi yaratdığını və Azərbaycanda turizm sahəsində aparılan islahatlar barədə fikir mübadiləsi apardığını xatırladaraq, bu sahənin ölkəmizin iqtisadiyyatına böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.

Nazir 2016-cı ildə ölkəmizə gələn turistlərin sayında 11 faiz artım olduğunu qeyd edərək bu rəqəmin 2017-ci ildə daha da artacağını vurğulayıb.

Görüşün sonunda qərara alınıb ki, BMÜTT ilə Azərbaycan arasında işçi qaydada intensiv təmaslar davam etdirilsin.

Daha sonra nazir Əbülfəs Qarayev BMÜTT-nin ST-EP Fondunun Direktorlarının 14-cü görüşündə və Gürcüstan Baş nazirinin şərəfinə təşkil edilən qəbulda iştirak edib.

Görüşlərdə Azərbaycannın İspaniyadakı səfiri, ölkəmizin BMÜTT yanında daimi nümayəndəsi Anar Məhərrəmov və nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə də iştirak edib.