Mövludun intiharı, Kənanın intihar həyəcanı

movludun-intihari-kenanin-intihar-heyecani
Oxunma sayı: 4021

Azər Qismət

Əziz və balaca dostumuz Mövlud intihar etdi. Yazıçıda cəsarət olmaz. O, sonuncu yola addım atanda çox düşünər, fikirlərində pərakəndilik olar, qəti qərara gəlməz. Yazıçının özünü öldürməsi üçün aylar, illər lazım gələr. Göydə yellənişinin, suda batmasının şəklini də çəkər, ondan sonrakı həyatı da qələmə alar. Amma əksər halda heç kimi ittiham etməz. Onun ölümü də müəmmalı qalar. Cəmiyyətə, adamlara, şəxsi həyatına nifrətini sağlığında yazdığı əsərlərdə bildirər. Mövlud isə iki ürək şəkli yapışdırdı qapısına. O, aramızdan getdi, bir işıqlı insanı itirdik. Kaş, onun intiharı başqa yazıçıları da bu yola sövq etməsin.

Növbəti həyəcanlandırıcı xəbər yazıçı Kənan Hacının itməsi oldu. Həyat yoldaşı İlhamə Dağlı məlumat verdi ki, Buzovnada ata evinə gedib. Həyəcan məni, eləcə də onun yaxınlarını bürüdü ki, birdən özünə qəsd edər. Çünki son vaxtlar Kənanınkı heç gətirmir. Gah xəstəlik üzür onu, gah maddi problemlər əldən salır. Elə sonuncu statusu da həyatdan yorğunluğu ilə bağlı olması da, intiharına dair şübhə oyatdı. Sonra sevindirici xəbər aldıq ki, şəhərdə görüblər. Bu, yaxşı xəbər oldu. Kənan, intihar etmə. Döz və arxada qoyduqlarını düşün. Qorxulu həm də onda idi ki, bir yazıçı intiharı digər qələm adamlarının da alt şüurlarında gizli saxladıqları planı gerçəkləşdirə bilər.

Qoy, elə Azərbaycanın bütün yazıçıları dözsün. Başa düşürəm ki, “yazıçı ər”, “yazıçı ata” olmaq çətindir, onu anlayan tapılmaz. Başqaları güləndə yazıçı ağlayar, başqaları ağlayanda yazıçı qəhqəhə çəkər. Bu, onun psixi pozğunluğundan irəli gəlməz, bu, onun hər kədərdə sevinc, hər şadlıqda sevinc tapmasıdır. Yazıçının öz dünyası olar. Onu anlayan qadın tapılar, həyat yoldaşı tapılmaz.

Dözün, qardaşlar. Bilirəm, bu cəmiyyətdə əksəriyyət kitab oxumur, telefonlarına oyunlar yükləyib günlərini keçirərlər, çay evlərinə girib ləbləbi-kofeyə, qəlyana 10-15 manat verərlər, ya sevgilisi ilə danışmağa 20 manatlıq kontur yükləyərlər, amma kitaba pul xərcləməzlər. Hələ üstəlik sosial şəbəkədə yazıçıları dolayarlar, ya əsərindən hansısa mənalı fikri götürüb öz adı ilə təzə tutduğu qıza göndərib lovğalanarlar. Sizin kitabları isə toz basar. Kitab satanlar da onu “satılmayan kitablar” cərgəsinə, lap aşağı qoyarlar, hərdən də müəllifə zəng edib deyərlər ki, gəlsin töküntüsünü aparsın.

Ümid etdiyiniz təqdimat mərasimlərinə 5-6 adam gələr, hərəsi inbokslarda, telefonlarda gəlməməyinə yüz bəhanə tapar, hələ üstəlik kitabını hədiyyə də istəyər. Xaricə çıxış üçün tərcüməçiyə verməyə pul tapılmaz. Mənzildə oturub hansısa əsərin ideyası beyninizə gələndə kimsə qışqırar ki, evdə soğan qurtarıb, yaxud pıçıldayar ki, mənə hədiyyə al. Tapdığınız muzaları restorana dəvət etməyi də pul yoxluğundan təxirə salarsız. Ya bir stəkan kolanı 3 saata içərsiz. Adını da belə qoyarsız ki, “mən yeməyə nifrət edirəm, maddiyat üçün yaşamıram”. Bax, onda hər şey itib gedər, artıq sən də cəmiyyətin içində əriyib pul haqqında düşünərsən. Və sənin heç kimdən fərqin qalmaz. Daha heç kimə sübut edə bilməzsən ki, sən göy adamısan. Göylərin missiyasını yerinə yetirirsən.

Dözün, qardaşlar. Sizi anlayan tapılmayacaq. Çünki siz kövrəkliyini, hissiyyatını itirən qadınlar arasında, kitab oxumayanlar ölkəsində yaşayırsız. Qapanın özünüzə. Lakin intihar etməyin. Çünki intihar da bir zibil deyil.