“Möcüzəli Ünsiyyət” Festivalı keçiriləcək

mocuzeli-unsiyyet-festivali-kecirilecek
Oxunma sayı: 1084

Xüsusi devizi “Kitab ünsiyyət vasitəsidir” olan “Möcüzəli Ünsiyyət” Festivalı Azərbaycanın prezidenti yanında Gənclər Fondunun maliyyə, “İRƏLİ” İctimai Birliyinin təşkilatı dəstəyi ilə 2015-ci ilin Gənclər paytaxtı olan İsmayıllı rayonunda həyata keçiriləcək.

"Qafqazinfo"ya daxil olan məlumata görə, "Möcüzəli Ünsiyyət" festivalı insanların ən önəmli maddi-mənəvi nemətlərindən sayılan kitabların, bədii və elmi ədəbiyyatların dünyagörüşünün artırılmasına, özünüifadənin və ünsiyyətin inkişafına müsbət təsirlərini təbliğ etmək üçün həyata keçiriləcək.

Festival “Kitaba çağırış” görüşü ilə başlayacaq, görüş yekunlaşdıqdan sonra layihənin xüsusi devizi olan “Kitab ünsiyyət vasitəsidir” adı altında qurulacaq stendlərdə “Sürətli oxunuş”, “Müəllifdən məktub”, “Özünü ifadə et!”, “Kitabını özün seç” və “Möcüzəli Ünsiyyət” və s. viktorinaların keçirilməsi nəzərdə tutulub. Sonda “Oxucu mədəniyyəti” adı altında keçiriləcək aksiya ilə festivalın yekunlaşdırılması nəzərdə tutulub.

Festivala hazırlıq zamanı “Kitab mədəniyyət beşiyi” və “Bəşər həyatında qalacaq miras” adlı sosial çarxların çəkilişi, eyni zamanda bir sıra yazıçılardan video müsahibələrin götürülməsi nəzərdə tutulub. Gənclər layihənin gedişatı haqda mütəmadi məlumat əldə etmək üçün https://www.facebook.com/MiracleCommunication facebook səhifəsini ziyarət edə bilərlər.

Layihənin əsas məqsədi gəncləri mütaliyəyə təşviq edərək, bədii və elmi ədəbiyyata marağlarını artırmaqdır. Festival zamanı gənclərin istifadəsinə təqdim olunacaq kitabların sərlövhəsindən ibarət kataloqlar gənclərin ünsiyyət bələdçisinə çevriləcək. Onuda qeyd edək ki, “İRƏLİ” İctimai Birliyi ilə yanaşı Kitabevim.az e-mağazasıda layihənin tərəfdaşıdır.

Festivalın 2016-cı ilin yanvar ayında keçirilməsi nəzərdə tutulub.
“Möcüzəli Ünsiyyət” Festivalı layihəsinin rəhbəri Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsinin qalibi Rauf Əliyevdir.