Milli teatr mövsümü Gəncədə açıldı - Fotolar

milli-teatr-movsumu-gencede-acildi
Oxunma sayı: 1845

Gəncədə Azərbaycan milli peşəkar teatrın 143-cü mövsümünün açılışı ilə bağlı teatr bayramı keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev, nazir müavini Ədalət Vəliyev, nazirliyin rəsmi nümayəndələri, Bakıda və bölgələrdə fəaliyyət göstərən teatrların rəhbərləri, tanınmış teatr xadimləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Milli Teatrın mövsümü açılış mərasimi şəhərin baş meydanından başlayıb. F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrinin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”nın həzin sədaları altında tədbir iştirakçıları və qonaqlar baş meydandan Cavad xan küçəsinə yollanıblar. Burada tədbir iştirakçılarını Nizami Gəncəvi,Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Cavad xanı canlandıran Gəncə Dövlət Dram Teatrının aktyorları qarşılayıblar. Küçə boyunca iştirakçılar xalq yaradıcılığının, el sənətkarlığının nümunələrinə, rəqs kollektivlərinin rəngarəng rəqslərinə, xalq tətbiqi sənət nümunələrinə, əl işlərindən ibarət sərgiyə tamaşa ediblər.

Teatr bayramının iştirakçıları Məhsəti Gəncəvi Mərkəzində olub, gəncəli rəssamların əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.

Gəncə Dövlət Kukla Teatrının əsaslı təmirdən sonra açılışı teatrsevərlərə dəyərli hədiyyə olub. Teatr binasının qarşısında balacaların sevimli tamaşalarından - “Ağca və Sarıca”, “Keçəlin toyu” və ”Şəngülüm, Məngülüm”-dən səhnəciklər göstərilib.

Mövsümün rəsmi açılışına həsr olunmuş bayram mərasimi Gəncə Dövlət Dram Teatrının Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" pyesi əsasında hazırladığı eyniadlı tamaşanın premyerası ilə davam edib.