Məni yatmağa qoymayan etiraf...

meni-yatmaga-qoymayan-etiraf
Oxunma sayı: 4251

Günay Firudinqızı

 

Bir neçə gün öncə əməkdaşımız aparıcı Hacı Nurandan müsahibə aldı. İlk dəfə idi ki, onun haqqında süjet hazırlayırdı. Etiraf edim ki, mən həyatımda heç vaxt aparıcı həmkarımı canlı olaraq görməmişəm. Hər zaman yaddaşımda ekranın arxasında gördüyüm efirin aparıcı siması olaraq qalıb. Son zamanlar isə, illah da səhnə adamlarının Nuranın yanında şəkil çəkdirib instaqramda paylaşmasını görməyə alışmışdım.

Hazırladığımız süjet çox təsirli idi, göz yaşlarım qurumadı. 40 yaşlı bir insana həyat ən ağır xəstəlikləri yükləmişdi. Amma bütün bunlara baxmayaraq, Tanrı ondan nə təmkinini, nə də səbrini əsirgəməmişdi. Pozitiv, mülayim, sakit təbiətli Hacı Nuranın bir etirafı məni həmin gecə yatmağa qoymadı. Elə səhəri gecə də,o biri gecə də. Və nəhayət gecələrin birində notebookumu götürüb yazdım.

Artıq xeyli vaxt idi, Almaniyada müalicə olunan Nuran, ən çox Bakı üçün darıxmışdı. Bəli, mənim, sənin elə 3 milyon insanın səhər durub gecə yatdığı Bakısı üçün. Frankfurtdan Bakıya göz yaşları ilə uçmuşdu. Təyyarə onu həyatda ən çox sevdiyi Bakısına gətirmişdi. “Ölürəm Bakıüçün” deməsi məni həmin gecə ağlatdı. Həyatımda eşitdiyim ən saf, ən pak sevgi etirafıydı bəlkə də.

Xeyli vaxt bundan əvvəl zəngin bir iş adamı Bakıya gəldiyini deyib gileylənmişdi. “Yenə də Bakı…” kəlməsinə doluxsunmuşdum. Başında xaric havası dolaşan o pələng, gözümdə cılızlaşıb, acizləşib yox olmuşdu. Pul qazandığı zaman, az qala cibinin yanına cib tikən bir insan indi niyə Bakını bəyənmirdi deyə kədərlənmişdim. Amma Nuranın bu etirafı məni o qədər təsirləndirdi ki, “Bakı səni sevirəm” demək keçdi könlümdən.

Yalnız gileyli yazıları yazıb oxumağa adət edən gözlərimiz, bir az da sevgi etirafinı görsün. Bizdən başqa məmləkətimizi kim sevəcək? Dəyişən,döyüşən və gözəlləşən ölkəmizin dəyərini bilək. Paslanmış duyğularımızı yuyaq təmizləyək. Yalnız Malaxovun göz yaşları ilə “Bakı inkişaf sarıdan Moskvanı belə arxada qoyub” deməsinə təsirlənməyək. Bəs bizim etirafımız? Bura Bakıdır. Xaricə getdiyimiz zaman 3 gündən sonra uçus zamanını səbirsizliklə gözlədiyimiz Bakı…Azərbaycan….Bir az da sevməyi öyrənək sevənlərdən...

İnstaqram sosial şəbəkəsində iki gəncin sevgi həyatını yazdım. Ən çox bildirilən iradlar isə sevgi ilə bağlı idi. İki gəncin arasında yaşanmış bu gerçəyi nədənsə bəziləri real hesab etmirdi. Anladım ki, bir çoxumuzun sevgi ilə problemi var. Özümüzü və yarımızı sevməsək də, heç olmasa vətənimizi sevək.