Manısların “şairliyi”

manislarin-sairliyi
Oxunma sayı: 1340

Fərid Hüseyn

                                                                   ...Yeyər İsa süfrəsindən nemət eşşək arısı...

                                                                                                                     Xaqani Şirvani


Bir ata Antisfendən soruşur: Oğlum hansı elmləri öyrənsə yaxşı olar?” – Filosof cavab verir:

- Allahlarla birgə yaşamaq istəyirsə fəlsəfə, insanlarla birgə yaşamaq istəyirsə poeziya...

Poeziyaya meyl edənləri gördükcə vaxt-bivaxt bu məşhur əhvalat yadıma düşür... Fəlsəfəni kənara qoyaq, Allahla işimiz yoxdu, bəs poeziya ilə görəsən, manısların nə işi var? Onlardamı insanlarla birgə yaşamaq istəyir? Əgər belədirsə, insanlarla yaşmağın şərtlərini sadalayım:

- Televiziya rəhbərlərinə yaltaqlanmadan bir verilişdə axıracan tablamaq.

- Yaltaqlandığın ünvana kürək söykəyib xalqı təhqir etməmək.

- Toylardan qazandığın pulları dövlətdən gizlətməmək.

- Mahnı mətnlərini böyük şairlərin dəyərli şeirlərindən seçmək.

- Kitab üzü açıb dünyadan halı – vətəndaş olmaq.

- Namusla yaşamaq.

***

Görəsən, manıslar niyə şeir yazır? Poeziya necə bu qədər əlçatan oldu?

• Ona görə ki, ucuz şairlər dəyərsiz şeirlərlə poeziyanı o qədər əlçatan eləyiblər ki, manıslar da özlərini onlardan əskik “şair” hesab eləmirlər.

• Yaxın 20 ildə manıslar bir çox halda özləri “mahnı mətnləri” yazırdılar və getdikcə də “istedad”larına inandılar.

• Mahnı mətni yazan şairlərimizin bir çoxunun yüngül zövqü, müğənnilərin istədiyi mövzuda şeir quraşdırması, hətta uzun illər əvvəl yazdıqları şeirləri ucuz kliplərə uyğunlaşdırmaqları...

• Xalqın zövqü korlandı və manıslar da “poetik zirvəyə” can atmağa başladılar. Yetim Eyvazı, meyxanaları, SMS-üçün yalvaranları, iki vərəq ad çəkib “xal” istəyənləri az görmədik.

***

Əvvəllər sənətkar sənəti yüksəltmək, əbədiyaşar etmək üçün çalışırdısa, indi gözdən salmaq peşəkarlarıdırlar. Neçə-neçə yaltaq xanəndəyə görə muğama, cinsini həyatın əsas faktoru kimi gözə soxanların timsalında estradaya nifrət elədik...

Allah bir sıra müğənnimizə boy verib, səs verib, istedad da verib, gəl ki, bircə qırıq şəxsiyyət, ayaq üstə dayanmaq gücü “verməyib”.

Azərbaycanda müğənnilik bütün halal sənətlərə qarşı ikrah yaratdı, neçələri zəhmətdən müğənniliyə can atdı.

Şair xalq dönüb oldu müğənni xalq... Özü də şair-müğənni xalq...

Səd-əfsus, 25 illik müharibə taleyimizdə əsgər-xalq ola bilmədik...