Lyublyanada Nizami Gəncəvinin abidəsinin açılışı olub

lyublyanada-nizami-gencevinin-abidesinin-acilisi-olub
Oxunma sayı: 1686

Sloveniyanın paytaxtı Lyublyana şəhərinin Şimali Şəhər Parkında Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, mərasimdə Sloveniyada səfərdə olan Azərbaycan Milli Məclisinin üzvləri, Gəncənin icra hakimi Elmar Vəliyev, Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfiri Qalib İsrafilov və səfirliyin əməkdaşları, Sloveniya parlamentinin yuxarı palatasının sədri Mitya Bervar, Lyublyana şəhərinin merinin birinci müavini Aleş Çerin, yerli ictimaiyyətin nümayəndələri və şəhərin sakinləri iştirak ediblər.

Sloveniya parlamenti Milli Şurasının sədri Mitya Bervar və Lyublyana şəhərinin merinin birinci müavini Aleş Çerin tədbirin açılışında çıxış ediblər.

Aleş Çerin bildirib ki, 2010-cu ildə UNESCO tərəfindən “Dünya kitab paytaxtı” elan edilmiş Lyublyana şəhərində dünya ədəbiyyatına ölməz əsərlər bəxş etmiş dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı qürurverici hadisədir. O, şəhər meriyası adından Azərbaycan tərəfinə abidənin açılışı üçün göstərilən dəstəyə görə minnətdarlıq edib.

Elmar Vəliyev çıxış edərək bildirib ki, Nizami Gəncəvinin əsərlərinin əlyazmaları bu gün dünyanın 20-dən artıq şəhərində nadir kolleksiyalar bölümündə qorunub saxlanılır və bir çox şəhərlərdə (Roma, Sankt-Peterburq, Təbriz, Pekin və s.) Nizami Gəncəvinin abidəsi ucaldılıb. Bu gün həmin şəhərlərin sırasına Lyublyana şəhərinin də qoşulması müsbət hadisə kimi dəyərləndirilməlidir və bu, iki xalq arasındakı dostluq əlaqələrini bundan sonra daha da dərinləşdirəcək.

Lyublyana şəhərinin meriyasına üzərində Nizami Gəncəvinin və onun əsərlərindən motivlərin əks olunduğu Azərbaycan xalçası hədiyyə edilib. Tədbir musiqili proqramla yekunlaşıb.

Abidənin müəllifi Ukraynanın Xalq Rəssamı, heykəltəraş və memar Seyfəddin Qurbanovdur.