Leyla Əhmədova 5 gün ofisində girov saxlanılıb - Fotolar + Yenilənib

leyla-ehmedova-5-gun-ofisinde-girov-saxlanilib
Oxunma sayı: 6715

Beş gündür kirayələdiyi ofisində girov saxlanıldığı deyilən Azərbaycanın məşhur modelyeri Leyla Əhmədovadan yeni xəbər var. 

"Qafqazinfo"ya açıqlamasında modelyer bildirib ki, mediada məlumat yayımlanandan sonra polis bu gün hadisə yerinə gəlib və qapıya vurulan dəmir barmaqlıqları söküb. Xanım modelyer isə 5 gündən sonra çölə çıxa bilib.

Qeyd edək ki, L. Əhmədova “Sputnik Azərbaycan”a açıqlamasında "Nizami" metro stansiyasının yanında yerləşən altı mərtəbəli binanın dörd mərtəbəsini ayda 24 min manat ödəməklə kirayə tutduğunu deyib. 

O, icarə pulunu iki gün gecikdirdiyinə görə binanın sahibi Nizami Ağayevin elektrik enerjisini kəsdiyini qeyd edib:

"Orada spa-salon, bahalı avadanlıqlar var. Heç bir xəbərdarlıq etmədən elektriki kəsib. Nəticədə, avadanlıq hamısı yanıb. Ağayev bununla mənə 15 min dollar zərər vurub. Kirayələnmiş yerlərin təmiri haqqında heç danışmıram. Mənə 1 milyon manata başa gəldi. Ofisdə mənim tərəfimdən Dubaydan gətirilmiş çox böyük məbləğdə mallar var. Ağayevin hərəkətləri əmlakın qanunsuz olaraq talanmasına bənzəyir. Buna başqa ad vermək olmaz”.

Daha sonra Ağayevin adamları Modellər Evinin giriş qapısını qaynaqlayıblar. 5 gün içəridə qalan L.Əhmədova isə özünü pis hiss etdiyini əlavə edib:

"Mən "102" xidmətinə on dəfə, təcili yardıma isə beş dəfə zəng etdim. Özümü pis hiss edirdim, ürəyimdə problemlər yaranmışdı. Beş gündür məni bayıra, mənim yanımasa heç kəsi buraxmırdılar". 

***

Məsələylə bağlı “Qafqazinfo”nun əməkdaşı bu gün Leyla Əhmədovanın modalar evində olub. Binanın qapısından dəmir barmaqlıqlar qaldırılsa da, binanın içi, qarderoblar yararsız vəziyyətə düşüb.

Modelyer bildirib ki, hadisə mediada işıqlandırılandan sonra məsələyə müdaxilə olunub: “Mən buraya böyük bir sərmayə qoymuşam və həmin məbləğin qaytarılmasını tələb edirəm. Əlimdə icarədar Nizami Ağayevlə 5 illik müqavilə var, ancaq məndən binanı boşaltmağı tələb edir. Razı olmadığım təqdirdə polisi, məhkəməni, icra işçilərini pulla almaqla məsələyə müdaxilə edib. Mən şəhərin mərkəzində 5 gün öz ofisimdə girov qalmışam. Bu nə deməkdi, bilirsiz? Mənə hazırda 200 minə yaxın ziyan vurulub. Bahalı paltarlar, italyan parçalarım, 30 min manat pulum oğurlanıb. Gecə mühafizəçini qovublar, onlar isə arxa qapıdan girib hər yeri dağıdıblar. Mən buraya gələndə oğrular içəridəydi, qaçdılar. “102”yə zəng vursaq da, saatlarla gəlmədi. Hazırda cinayət işi qaldırılıb. Cinayətkarlar da Azər Lütfəliyev və Nizami Ağayevdir. İş məhkəmədədir və icra məndən çıxmağı tələb etmədiyi təqdirdə burdan çıxan deyiləm”.

Leyla Əhmədova girov qaldığı 5 gün müddətində dəfələrlə onu qorxutduqlarını söyləyib: “Təsəvvür edin qaranlıqda bu boyda binada tək qalmışam. Məni qorxutmaq üçün arxa pəncərələri taqqıldadırdılar. Neçə dəfə təcili yardım çağırmışam, onun da gəlməsi saatlar çəkib. İçəridə mənim başıma bir iş gətirsələr, heç kimin xəbəri olmazdı. “Azərcell” belə burada tutmur. Bütün bu müddətdə mən ölmədimsə, böyük şeydir. Sona kimi haqqımı tələb edəcəyəm və çıxmayacam. Hamı pulla alındığı üçün son çarəni mediada gördüm. Media vasitəsilə prezidentə müraciət edib bu işi nəzarətinə götürməsini xahiş edirəm”.

Günel Hacı