“İslam Həmrəyliyi İli” ilə bağlı Nazirlər Kabinetində - Müşavirə

-islam-hemreyliyi-ili-ile-bagli-nazirler-kabinetinde
Oxunma sayı: 1692

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar yanvarın 13-də Nazirlər Kabinetində müşavirə keçirilib.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, müşavirədə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr barədə geniş fikir mübadiləsi aparılıb.

Baş nazirin müavini Əli Əhmədov bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətindən və aktuallığından danışdı. Əli Əhmədov vurğuladı ki, dövlətimizin başçısı 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməklə bu məsələyə həm özünün şəxsi, həm də Azərbaycan dövlətinin mövqeyini ifadə etdi. Bu, eyni zamanda, Prezident İlham Əliyevin İslam dünyasının həmrəyliyinə böyük önəm verdiyini göstərir. İndiyədək müsəlman ölkələrini din ətrafında birləşməyə çağıran müəyyən təşəbbüslər göstərilib. Dövlətimizin başçısı isə tarixdə ilk dəfə olaraq İslam dünyasına siyasi mesaj ünvanladı, vahid mövqedən çıxış etməyin, birliyə nail olmağın, eyni zamanda, dünyaya inteqrasiyanın vacibliyinə işarə etdi.

Azərbaycanın uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu qeyd edən Baş nazirin müavini dövlətimizin İslamın dəyərlərinə və irsinə həssas münasibətindən və qayğısından söhbət açdı. O, Azərbaycanın İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurduğunu, qlobal əhəmiyyətli bir sıra mühüm forumların təşkilatçısı kimi çıxış etdiyini söyləyib.

Əli Əhmədov bildirib ki, Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verir. İslam ölkələrində baş verən hadisələr, onların qarşısında duran çağırışlar bu ölkələrin həmrəyliyini aktual məsələyə çevirir, bu həmrəyliyin istənilən səviyyədə olmaması bizi nəinki düşündürür, həm də çox narahat edir. Prezident İlham Əliyev bu addımı ilə Azərbaycanın İslam həmrəyliyinə töhfə vermək əzmini nümayiş etdirdi.