İmam Hüseyn Yezidə biət etsəydi…

imam-huseyn-yezide-biet-etseydi
Oxunma sayı: 4521

Elnur Məlikov

Hər il olduğu kimi, bu ildə Məhərrəm və Aşura ilə bağlı dünyada və cəmiyyətimizdə ayrı ayrı fərdlərin reaksiyası birmənalı olmadı, sosial şəbəkələrdə əlaqəsiz fikirlərlə zəngin mübahisələr sonsuzluğa qədər davam etdi. Fikrimcə, bu tarixi hadisəyə məntiqi yanaşma çoxdan labüdləşib. Kərbəlada baş verənlər cəmiyyətə əsasən iki cür təqdim olunur:

Birincisi - daha çox yayılan və insanların əksəriyyəti tərəfndən dərhal qəbul edilən - hakimiyyət uğrunda mübarizə idi. Ancaq bu izaha məntiqlə yanaşdıqda bir neçə sual açıq qalır.

Tutaq ki, Yezid hakimiyyəti uzurpasiya etməmişdi, Xəlifə taxtında oturmaq onun qanuni haqqı idi. Bəs İmam hansı məntiqlə heç bir ciddi silahlı dəstəyi, ordusu olmadan onun hakimiyyətini devirmək qərarına gəldi? Axı məlumdur ki, İmam Hüseyn Xəlifənin nəvəsi və Xəlifənin oğlu idi. İki xəlifənin tərbiyəsini alan bir şəxs dövlət, dövlətçilik və dövlət idarəetməsi haqqında heç bir təsəvvürə sahib deyildimi?

Bəlkə də zəmanəsində Xilafətdə İmam qədər dövlətçilik haqqında aydın və dəqiq təsəvvürü olan ikinci bir şəxs yox idi. Bilikli lider hakimiyyəti devirmək üçün 72 nəfərlə mübarizəyə qatılmaz axı! Cəmiyyətdə İmamın tərəfdarlarının sayı cəmi 72 nəfərlə məhdudlaşmırdı axı. Üstəlik hadisələr elə bir dövrdə baş verir ki, o zamanlar münaqişələr əsasən,qılıncı kəskin, biləyi güclü əsgərləri olan, iri orduya sahib şəxslərin xeyrinə həll olunurdu və hər kəs kimi İmam da bunu dəqiq bilirdi.

Və yaxud, Kərbəla qətliamından sonra heç bir xəlifənin yanında tərbiyə almayan, dövlətçilik haqqında təsəvvürü olmayan sərkərdələr, güc hesabına Yezid də daxil olmaqla xəlifələri devirir, qısa müddətlərdə bir-birini hakimiyyətdə əvəz edirdilər. Ən maraqlısı da bu idi ki, iqtidarları devirən “inqilabçılar”, məhz İmamın intiqamını almaq bəhanəsilə döyüşçüləri səfərbər edirdi. Ancaq onlar həqiqətən hakimiyyət uğrunda mübarizə aparır və bu mübarizədə zamanın şərtlərinə görə davranırdılar.

İndi necə olur ki, ölümündən sonra belə yalnız adı, hakimiyyətin devrilməsi üçün döyüşçülərin səfərbərliyinə istismar olunan bir şəxs, öz sağlığında Yezidi aşıracaq qədər güclü ordu qurmağa cəhd etmir? Deməli, Kərbəlada baş verən hadisə hakimiyyət uğrunda mübarizə deyildi. Bu, məntiqin diktəsidir.

O zaman biz məntiqə görə məcburuq alternativ izaha – İkinci təqdimata baxaq.

Hələ Yezid hakimiyyətə gəlməzdən əvvəl, atası Müaviyyə oğluna vəsiyyət edərək bildirmişdi ki, iqtidarı zamanı iki nəfərdən biət (hakimiyyətin legitimliyini tanımağının bəyanatını) tələb etməsin, bunlardan biri Abdullah bin Zübeyr, digəri isə İmam Hüseyndir. Müaviyyə bu iki şəxsin Yezidə biət etməyəcəyinin səbəbini də bilirdi. Amma Yezid hakimiyyəti qəsb etdikdən sonra, atasının vəsiyyətini qulaqardına vuraraq, İmamdan biət tələb etməyə başladı və sözsüz ki, rədd cavabı aldı.

İmam Yezidə biətdən ona görə imtina etmədi ki, Müaviyyənin oğlu hakimiyyəti qəsb edib. Səbəb Yezidin özünü əmirəlmöminin (ruhani xəlifə) elan etdiyi halda, heç bir meyarının əmirəlmöminin kriteriyalarına uyğun olmamasında idi. İstər həyat tərzi, istər dövləti idarəetmə üsulu (sosial ədalətdən tutmuş, ta Xilafətdə qanunvericilik sayılan Şəriəti tətbiq etmək amillərinə qədər) ruhani xəlifəliklə təzad təşkil edirdi.

İmam Hüseyn çox dəqiq anlayırdı ki, əgər Yezidə biət edərsə, təkcə Xilafət sarsılmaz, həm də İslam dini, ehkamlarını, mahiyyətini itirər, hətta Quran belə təhrif olunaraq tirajlanar və beləliklə də gələcək nəsillər əsl İslamdan qismən yox, tamamilə məhrum olar. Odur ki, İmam nəyin bahasına olur olsun, özünün, ailəsinin, ətrafının həyatı hesabına belə olsa, əgər İslam dininin yaşamasını və gələcək nəsillərə ötürülməsini istəyirdisə, heç bir halda Yezidə biət etməməli idi və ideya uğrunda fədakarcasına Şəhid oldu.

Sual yarana bilər ki, İmam şəhid olduğu halda İslamın gələcək nəsillər üçün qorunacağını hardan bilirdi? Yenə də məntiqə müraciət edərək müəyyənləşdiririk ki, İmamın cəmiyyətdəki mövqeyi, insanlar tərəfindən böyük ruhani avtoritet kimi qəbul olunduğu heç kim üçün sirr deyildi. Sözsüz ki, insanlarda araşdırıcı suallar yaranacaq, İmamın qətlinin, Yezidə biət etməməyinin səbəbini öyrənəcəkdilər və bununla da həqiqət nəsildən nəslə keçməklə qorunub saxlayacaqdı.

Digər tərəfdən, Yezid də başa düşürdü ki, İmam Hüseyn ona biət etmədiyi halda, cəmiyyətdə Yezidin xəlifəliyinin legitimliyi hər zaman böyük sual altında qalacaq. Çünki xalq arasında İmamın nüfuzu çox yüksək idi və böyük ruhani avtoritet kimi qəbul olunurdu. Yezidin məqsədi də İmamı öldürmək deyil, məhz biətini qazanmaq idi.

Aydın məsələdir ki, sekulyar quruluşa deyil, teokratik quruluşa malik dövlətdə ruhani avtoritetlərin mövqeyi cəmiyyət üçün ölçü meyarı qədər önəmlidir. Yırtıcı rejim qurmuş Yezidə demokrat kimi baxmaq olmaz, sekulyar tiran kimi özünü qələmə versəydi (məsələn, Kim Çen In kimi) o zaman cəmiyyətdə digər sual yaranardı: Xilafətin başında dünyəvi şəxsin nə işi var? Yezidin bəxti elə burda gətirməyib. Belə çıxır ki, Yezidin iki yolu vardı: Ya özünü dəyişməli idi, ruhani xəlifə kimi bəlkə İmamın da biətini qazana bilərdi, ya da sadəcə olaraq hakimiyyətdən getməli idi. Ancaq nə özünü dəyişdi, nə də İmamın biətinə nail oldu.

Məntiq etibarılə Yezid məqsədinə çatmadı, İmam isə Dinin günümüzə qədər əslini qorumağı bacardı. Məhərrəmlik matəmi, Aşura gününün anımı, dini ehkam deyil, bu, Dinin yaşanmasını şərtləndirən tarixi bir hadisənin insanlar tərəfindən bacardıqları kimi qeyd edilməsidir. Sadəcə olaraq bədbəxtlik burasındadır ki, ruhani xadimlər məsələnin mahiyyətini ictimaiyyətə çatdırmaq, insanlar məlumatlandırmaq əvəzinə, emosional surətdə şeir, qəzəl, sədaları altında zəncir vuranların, baş yaranların kütləsi qarşısında mərasimləri idarə edir.

Sual yaranır: İmam Hüseynə qədər İslam uğrunda başqa şəhid olan yox idimi? Əlbəttə vardı, çox sayda, İmamdan sonra da çox sayda oldu. Ancaq İslam dininin və Quranın təhrif olunaraq gələcək nəsillərə ötürülməsi təhlükəsi yalnız tarixin bu dönəmində, Yezidin hakimiyyəti dövründə yarandı və nəticədə bunun qarşısının alınmasının tək bir yolu vardı: İmam Hüseynin Yezidə biət etməməsi.

Digər bir sual yaranır ki, məgər günümüzdə təhrif olunmuş İslam dinini yaşadan toplum yoxdumu? Əlbəttə var, həm də çox, lakin təhrif olunmuş dinlə yanaşı, zəmanəmizdə bir də xalis İslam dini mövcuddur ki, buna da sülhpərvər, bütün millətlər və konfessiyaların nümayəndələri ilə birgə mehriban şəraitdə yaşayan, hüququ və beynəlxalq hüququ rədd etməyən, dünyəvi dəyərləri daşıyan insanlarla düşmənçilik etməyən, elmə, təhsilə, tərəqqiyə rəğbətlə yanaşan müsəlman Azərbaycan xalqını misal göstərmək olar.