İlk dəfə Parisdə - Fransa göründüyü kimi deyilmiş

ilk-defe-parisde
Oxunma sayı: 12501

I hissə

Fransanın yaxşı və pis tərəfləri...

Bir neçə gün öncə “Oda” Teatrının Fransaya qastrol səfəri baş tutdu. Teatrın festivalda iştirakı üçün Parisə yollandıq. Bu reportajda adıçəkilən teatrın səfəri haqda yazmayacam. Sadəcə səfərin hansı səbəbdən baş tutması haqda məlumat vermək istədim.

İlk dəfə idi ki, Avropa ölkəsinə yollanırdım. İnsanlar çox vaxt gedəcəyi ölkə haqda internetdən, qəzetlərdən məlumat alır ki, həmin ölkədə çaşıb qalmasın. Mən də bu proseduru sınaqdan keçirmək istədim. Beləliklə səfər öncəsi internetdən Fransa haqda məlumatlar toplamaq istədim. Ancaq axtarış verdiyim məlumatların əksəriyyəti Eyfel qülləsi haqda idi. Sanki Fransa elə bircə Eyfeldən ibarətmiş. Xüsusən də insanların Eyfel ilə əndrabadi “selfi”lərini görəndən sonra qərara gəldim ki, ya bu meydana getməyəcəm, ya da səfərin sonunda vaxtım qalsa Eyfelə baş çəkəcəyəm.

Uzun sözün qısası Tiflisdən o yana keçməyən biri kimi Paris aeroportuna düşəndə çaşıb qaldım. Yol boyu düşünmüşdüm ki, fotolarda gördüyüm Fransanın gözəlliyindən yazacam. Ancaq deyəsən yanılmışdım. Paris aeroportu mənə sanki Binə bazarını xatırlatdı. Bizim aeroport onların aeroportunun yanında dəfələrlə yaraşıqlı imiş. Hələ yaraşığı bir kənara qoyuram, aeroportun çıxışında yerə düzülmüş siqaret kötüklərini, qəribə qoxunu hiss edəndə çox duruxmuşdum. Bizi qarşılayan fransızdan soruşdum ki, düz gəlmişik? Çaşqınlığımı hiss edən fransız “bura mərkəzdən çox kənardır” dedi...

Od qiymətinə nəqliyyat...

Taksiyə mindik. Qapını açan kimi taksinin sayğacında 2.60 avro qeydə alındı. Hələ yola düzəlməmişdik. Maşın sürətləndikcə sanki sayğacdakı rəqəmlər də sürətlənirdi. Fransızlar məni başa salmaq istəyirdilər ki, burada qiymətlər baha olsa da insanların gəliri yüksək olur. Bu qiymətlər onlar üçün normaldır. Şəhərə gəlib çatanda isə sayğacda 50 avrodan artıq pul yazıldı. Dedim bu sizin üçün normaldırsa, onda hesabı ödəyin...
Nəinki taksi, burada avtobus və metrolar da həddən artıq bahadır. Bir insan üçün gediş haqqı orta hesabla 2 avroya çatır. Bu da bizim pulla 2 manat edir. Təssəvvür edin, bir dəfə avtobusa minəndə 2 manat ödəyirsiniz. (Metro və avtobuslar haqda yazının ardında danışacağam)

Kafelərdə su və çörək pulsuzdur

Uzun yol gəlmişdik deyə dəhşət acmışdım. Üstəlik də AZAL-ın işçilərinin verdiyi sosiskalar da yaxşı olmadığı üçün yeyə bilməmişdik. Fransızlar mənim dəhşətimi görüb öz aralarında nə isə danışır, ətrafa baxırdılar. Sən demə yazıqlar ucuz kafe axtarırmışlar ki, mənim Fransa haqda pis təəssüratlarım yaranmasın. Nəhayət küçənin ortasında stullar düzülmüş bir kafeyə gəldik. Ofisant menyu ilə bərabər çörək və su gətirdi. Mənə izah etdilər ki, burada bütün kafelərdə su və çörək pulsuzdur. Sən demə bu fransızların bir adəti imiş. Hansı sifarişi verib-verməməyindən asılı olmayaraq xidmətə pulsuz daxil olan şeylərdən biri də budur. Lakin üz tutduğumuz ən ucuz olan bu kafedə bir nəfər üçün nəzərdə tutulan yeməklərin qiyməti 10 avrodan aşağı deyildi...

Əvvəlcə “paştetlər” və salat verdilər. Düşündüm ki, fransız filmlərində olduğu kimi onlar həddən artıq az yeyirlər. Ona görə yeməklər belə az oldu. Kor-peşman yeməyə necə girişdimsə fransızlar dözməyib məni saxladılar: “Bəs başqa yeməklərdən yeməyəcəksən?”. Sən demə onlarda yeməklər süfrəyə birdən gəlmirmiş. Fransızların yeməyi bir neçə hissədən ibarət olur. Salatdan sonra böyük yeməklər gəldi. Əvvəlcə ördək budları, kartoflar, sonra pendirlər, və ən sonda desert. Təxminən 2 saatdan çox yemək yedik. Maraqlı idi. Sən demə fransızlar filmlərdə baxdığımız kimi az yeyən millət deyilmiş.

Qəzet və jurnalların seks üzlüyü...

Yeməkdən sonra məni bir neçə saatlıq şəhərlə tanış etmək qərarına gəldilər. Küçələr bir o qədər də təmiz deyildi. Paris küçələrində yatan bomjlar üçün açıq tualetlər qoysalar da onların bəziləri küçəyə işəməkdən çəkinmirdilər. Qəribəsi də odur ki, burada küçələri tez-tez təmizləmirlər...


Yol boyu düzülmüş köşklərin sayı çoxluq təşkil edirdi. Nə də olsa fransızlar oxumağı çox sevirlər. Üstəlik küçələrdə çoxsaylı kitab mağazaları da vardı. Maraqlısı onda idi ki, yay mövsümündə Fransanın qəzet və jurnalları daha çox seksdən yazır. Bunu jurnalların üz qabığından da görmək olur. Hətta Fransız jurnalları nəinki hetroseksualları, hətta lezbian və homoseksualları da nəzərə alır. Belə ki, bir jurnalın ilk səhifələrində oğlanla qızın seksi barədə yazanda, digər səhifələrdə iki oğlanın sevgisindən, yaxud iki qızın öpüşmə fotosunu görmək olar. Fransız xalqı bu əsnada o qədər qabağa gedib, o qədər inkişaf edib ki, qəzetlərdə insanların cinsiyyət orqanlarına qədər təsvirə yer verilir. Əksər seksdən yazan jurnallar isə karikaturistlərdən istifadə edib. Onu da deyim ki, Fransada karikatura sənəti həddən artıq inkişaf edib. Demək olar ki, qəzet və jurnalların əksəriyyətində ən azı bir səhifə də olsun karikaturaya yer verilir.

Məşhur “Charlie Hebdo” qəzetini də aldım. Məlum tearror hadisəsindən sonra, qəzetin əməkdaşları öldürüləndən sonra “Charlie Hebdo”nun tirajı milyonları keçmişdi. Lakin indi qəzetin tirajı əvvəlkinə nisbətdə azlıq təşkil edir. Üz qabığında Fransa prezidenti Hollande Françoisin karikaturası olan bu qəzetin budəfəki tirajı 250 000 təşkil edirdi. Elə yaxınlıqda yerləşən, birvaxtlar ofisinin yerləşdiyi ərəblərin məhəlləsində olan bu qəzetin hadisə baş verən redaksiyasına da yaxınlaşdıq. Lakin hadisədən sonra qəzet radaksiyasını dəyişib. Hətta qəzetin üzərində yeni ünvanı da qeyd olunmayıb. Fransızlar deyir ki, bunu təhlükəsizlik üçün belə edirlər. “Charlie Hebdo”nun budəfəki nömrəsində də müsəlmanlar və xristianlar haqda karikaturalar çoxluq təşkil edirdi.

Dünyaya baxmaq istəyirsənsə Parisə get

Köşkdən aldığım qəzetləri, jurnalları vərəqləyə-vərəqləyə gedib ərəblərin məhəlləsinə çıxdıq. Bir anlıq düşündüm ki, deyəsən çox yol gedib Fransanı tərk etdik. Çünki özümü Ərəb ölkəsindəki kimi hiss etdim. Ətrafda dolaşan qara dərililər, küçənin ortasında müsəlmanların qurduğu talkuçkalar, qarğıdalı satanlar, abuhava elə təsir bağışladı ki, özümü Parisdən kənarda hiss etdim. Nəinki ərəblərin, Praisdə yaponların, çinlilərin, afrikalıların, yəhudilərin, bir sözlə başqa millətlərin yaşadığı məhəllələr var. Vaxtilə Fransaya işləməyə gələn başqa millətlərin nümayəndələri burada yaşamaqla bərabər, özlərinə məhəllə də seçiblər. Onların küçələrində özlərinin adət-ənənəsinə uyğun kafelər, yeməklər, mağazalar var ki, insan bunları görəndə özünü sanki həmin ölkədəki kimi hiss edir. Elə bu baxımdan da dünyanı görmək üçün, başqa millətlərin adət-ənənəsindən agah olmaq üçün dağa-daşa düşmək, uzun yollar qət edib, uzun vaxt sərf etməyə ehtiyac yoxdur. Birbaşa Parisə yollanıb dünyanı buradan görmək olar.

Pulun varsa yaşa, yoxsa sürün...

Elə düşünməyin ki, Fransa ancaq problemlərdən ibarətdir. Əsla belə deyil. Buranın çox fərqli xüsusiyyətləri, öz gözəlliyi və yaxşılıqları var. Bunlar barədə də yazacağam reportajın ardında. Lakin istədim insanlara çatdıram ki, Paris göründüyü kimi deyilmiş. Və beləliklə Fransanı olduğu kimi çatdırmaq, yaxşısını da, pisini də yazmaqla demək istəyirəm. Odur ki, hər kəsi maraqlandıran Avropada yaşamaq durumudur ki, bu barədə də yazmaq istəyirəm. Bizi qarşılayan rejissor Barbara çox istedadlı olmasına baxmayaraq hazırda işsiz olduğunu deyirdi. Düzdür Fransada çox yaxşı bir sistem var. Dövlət pulu çox olan insanlardan yüksək məbləğdə vergi alır və işsiz insanlara yardım edir. Elə bu sistemə görə də Barbara işsiz olduğu üçün dövlət hər ay ona 600 avrodan çox pul verir. Sistemin belə yaxşı tərəfi olsa da işsiz insanlar bu 600 avro ilə çox çətin dolanırlar. Çünki Fransada kirayə haqları, nəqliyyat, yemək, siqaret çox bahadır. Verilən yardım isə işsizlərin karına bir o qədər də çatmır.
Amma onu da qeyd edək ki, Fransada minimum əmək haqqı 1500 avrodan başlayır. Bundan əlavə orada çox maraqlı bir sistem də var. Belə ki, insanlar işlədiyi müddətdə hər ayın maaşından dövlətin büdcəsinə avtomatik olaraq pul köçürülür. İnsanlar maaşlarının bir hissəsini alırlar. Bu onun üçündür ki, hər hansı bir insan günlərin birində işsiz qalanda 3 il müddətinə onun maaşı olduğu miqdarında ona verilir. Təsəvvür edin ki, siz günün birində işdən çıxarılırsız, ancaq 3 il işləmədən həmin maaşı alırsınız. 3 ildən sonra iş tapa bilməsəniz də dövlət sizə hər ay 600 avro pul ödəyəcək. Bir sözlə Paris bahalı şəhərlərdən biri olduğu kimi burada pulun varsa çox yaxşı yaşayırsan, pulun yoxdursa sürünürsən...

İcarəyə maşın və velosiped...


Parisdə dövlətin qurduğu maraqlı sistemlərdən biri də icarəyə asanlıqla maşın və velosiped əldə etməkdir. Belə ki, Paris küçələrinin demək olar ki, hamısında bu sistem quraşdırılıb. Əgər siz icarəyə maşın və velosiped götürmək istəyirsinizsə heç kimə müraciət etmirsiz, dağa-daşa düşmürsüz. Elə küçənin ortasında quraşdırılan bu dayanacaqların birinə yaxınlaşıb kartınızı aparata daxil etməklə istədiyiniz maşını və yaxud velosipedi alırsız, istifadə etdikdən sonra istənilən bir dayanacaqda geri qaytara bilərsiniz. Belə kirayə maşınların 1 günü 5 avro, velosipedlərin isə bir günü 2 avrodur. Maşını və yaxud velosipedi istifadə edirsən, geri qaytaranda isə aparatlar avtomtik olaraq sənin kartından pul çəkir. Biz də Fransız ənənəsinə bir az da yaxınlaşmaq üçün bu dayanacaqlardan birindən velosiped götürüb homoseksualların yaşadığı məhəlləyə yollandıq...

(Ardı növbəti yazıda...)

Elmin Bədəlov
Fotolar müəllifindir

Anons: (Növbəti yazıda nələr olacq?)
LGBT insanlarının yaşadığı məhəllə:
Fransız gənclərin gecə həyatı:
Teatrda canlı seks:
Küçələrdə “sex shop” marketləri: