İcra başçısının qəzəb yumruğu...

icra-bascisinin-qezeb-yumrugu
Oxunma sayı: 3357

 Nərmin Dadaşova

Trampın şousuna bundan yaxşı cavab ola bilməzdi. Adamın illərlə damla-damla topladığı və bütün riskləri, veriləcək reaksiyaları gözə alaraq sərgilədiyi gündəm oyunlarını bizim doğmaca Daşkəsənimizin, dost - doğma icra başçısı Əhəd Abıyev bircə günə yerlə-yeksan etdi. Əhəd müəllim, bir yumruğu ilə, Tramp kimi rəngli gündəmi barmaqları bahasına da olsa çilik-çilik etdi. O anı - yumruqları ilə şiferin qovuşduğu anı əks etdirən şəklə baxmaqdan doymuram. Aman Tanrım, o nə mimika, o nə xəyal gücü, o nə vuruş, nə duruş... deyirəm də, bu xalq məni zorla şair edəcək, vallah.

Əslində bu hadisə olduqca ciddi məsələdir. Xətrinizə dəyməsin, bir balaca da bizim mahiyyətimizdən xəbər verir foto. “Göstəriş” sevdamızdan tutmuş, özümüzü ifadə edə bilməməyimizə qədər hər şeyi özündə cəmləşdirir. Əhəd müəllimin məlum hadisə haqqında verdiyi açıqlamadan bu qərara gəldim düzü. Ola bilsin ki, cənab icra başcısı atdığı o yumruğa bütün səmimiyyətini də büküb, ola bilsin ki, doğrudan da Abıyev qarşısındakı üç rəngli şiferi erməni şəxsinə bənzədib yumruqlayıb. Əgər belədirsə, niyə iki gündür şəklə baxıb “qəşş” edirik? Niyə gülürük? Çünki, əslində hamımız bu hərəkətin yepyekə bir şou olduğunu çox yaxşı bilirik. Xəyallarında Ermənistanı fəth etmiş qəhrəman, gerçəklərdə isə Kolumbiya bayrağı əks olunmuş şiferə yumruq vurub barmaqlarını sındırmış dövlət məmuru - Cənab Abıyev qəhrəman olmaq istədi. Vallah, pis çıxmasın, oldu da.

Bilmirəm Əhəd müəllim gündəmi, ölkə mediyasını nə dərəcədə izləyir, amma əgər izləyirsə bir müddətdir apardığımız qadın-kişi savaşından da xəbərdardır yəqin. Neçə vaxtdır, əli qələm tutan xeyli xanım qadın hüquqlarının müdafiəsi üçün nəfəs tükədir. Nə bilim, şeir yazırıq, esse yazırıq, haştaq yaradırıq, köşə yazırıq, status yazırıq. Kişilərdən rica edirik ki, bizi öldürməsinlər. Fiziki işgəncə bir tərəfə, mənəvi əzabdan qurtarsınlar. Bizə məişət inkvizatoru kimi yox, insan kimi, qadın kimi yanaşsınlar. Bir balaca həssas olsunlar. Və bütün bunları edərkən qarşı tərəfin əli qələm tutan, lap elə tutmayan, sözü keçən, 3-5 kitab oxumuş nümayəndələrindən də dəstək gözləyirik. Ancaq böyük bir rayonun cavabdeh şəxsi, böyüyü, ağsaqqalı, ziyalısı göstərdiyi şounu sudan quru çıxarmaq naminə belə bir açıqlama verib, əl ayağımızı yerdən üzür: “Daşkəsənin özündə 120 nəfərə qədər erməni qadını var, qohumlarının hamısı Ermənistandadır. İndi də bizə deyirlər ki, “sizin arvadınızıq, sizin qulluqçunuzuq, sizə xidmət edirik”.

Nə deyim, oxucu dost ? Nə yazım?