Həbsdə olan yazıçının səhhəti pisləşdi

hebsde-olan-yazicinin-sehheti-pislesdi
Oxunma sayı: 1383

Hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs olunan yazıçı-şair Saday Şəkərlinin səhhəti saxlanıldığı 6 saylı cəzaçəkmə müəssisəsində yenidən pisləşib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında S.Şəkərlinin vəkili Fəxrəddin Mehtiyev məlumat verib.

Vəkil bildirib ki, S.Şəkərli yenidən Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb və o, həkim nəzarətində saxlanılır.

Qeyd edək ki, S.Şəkərli şəkər xəstəliyindən əziyyət çəkir. O, istintaq dövründə də saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında səhhətində problem yarandığı üçün Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülmüşdü və bir neçə ay orada müalicə olunmuşdu.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi isə hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib. Müdafiə tərəfinin qərardan verdiyi kassasiya şikayətini Ali Məhkəmə təmin etməyib.