Hamı bir – birindən oğurlayır

hami-bir-birinden-ogurlayir
Oxunma sayı: 1267

Fərid Hüseyn

Bir sıra insanların ən böyük problemlərindən biri də kiməsə baxıb yaşamasıdır, yəni qonşu qonşuya, qardaş qardaşa, həmkar həmkara... İradə sərbəstliyi, düşüncə asudəliyi əksər hallarda görünmür. Bunun da müxtəlif səbəbləri var: İnsanlar təsəvvürlərindən kənarda olan heç bir nəsnə haqqında düşünmürlər, hər kəs həyatın ona təqdim etdiyi, göstərdiyi nöqtələr barədə fikirləşir.

Bütün bunlar məlum məsələlərdir, ancaq incidici, ağrılı odur ki, bizə verilmiş dünyanın rənglərini, ixtiyarımızda olan ömrün miqyasını unudaraq yaşayırıq. Məsələn, Azərbaycanda söz adamı bir başqa söz adamını düşünür, kitab yazan bildiyi kitabları düşünür, sayt işlədən başqa saytların hansı materiallara üstünlük verməsini “eşələyir”. Sadaladıqlarım bəzən rəqabət mühitinə xas hallar olsa da, çox vaxt düşüncə məhdudiyyətlərindən, fərqliliyi görməməkdən xəbər verir.

Rayonlara gedərkən yol boyu tikilən evlərə baxdıqca görürük ki, sanki hamısını bir adam tikib, bəzən yazılan əsərlərdə də, oxunan mahnılarda da eyni vəziyyəti müşahidə etmək olar. Bu yaxınlarda 35-ci İstanbul Kitab Sərgisində iştirak etdim, milyonlarla ziyarətçinin gəldiyi bu sərgi hər il olduğu kimi bu il də insan izdihamı, nəşr çeşidliliyi ilə seçilirdi. Milyonlarla fərqli kitab dizaynlarına, dürlü mövzulara, nəşriyyatların özünəməxsus nəşr üslublarına baxdıqca heyrətlənirsən ki, görəsən, bu qədər variant, fərq onların ağlına necə gəlir? Necə bacarırlar bunca yeni, bənzərsiz olmağı? Bizdə isə bir çox nəşriyyatların üslubu oxşardır, yaxud dünyanı təqlid etməyə meyllidirlər, yeni yaratmaq, üslubunu formalaşdırmaq fikrində deyillər. Sanki bir-birinin evinə baxıb bəhsə-bəhs ev tikdirən qonşudurlar...

Bizim çox şey haqqında arzularımız var, yaxşı nəticələrə çatmaq, ucalmaq və s. Ancaq fərqli olmağa meylimiz azdır. Əgər bircə fərqli olmaq meylimiz güclənsə, bu arzumuz ürəyimizdə daha dərindən kök salsa, mütləq şəkildə inkişaf da sürətlənəcək. Söhbət müxtəlif sahələrdən gedir, bir sferadan yox...

Bir-birinə oxşamaqla, ideal arzusunu da qarışıq salmaq olmaz. İdeal elə zirvədir ki, ora çatmağın özü belə məharət tələb edir. Çünki ideala çatanda ən azı onu qəbul edən normalarla hesablaşmalı olursan, bu artıq ən azı bəlli bir səviyyəyə çatmaqdır. Biri də var ancaq çiynin hündürlüyündən dünyaya baxmaq, başını qaldırmağa, ətrafa boylanmağa meyl etməmək. Ona görə də cəmiyyət olaraq bir-birimizə baxmağa, oxşamağa yox, fərqli olmaqla, elə bilirəm daha çatılmaz nöqtələrə yetişərik. Bu dünyaya hərəmiz eyni qiyafədə gəlsək də, hərəmiz öz qiyafəmizi yaradaraq getsək, qaraya baxıb qara geyməsək, ağa baxıb rəngimizi itirməsək, dünyaya və bizə baxan bütün gözlər baxmaq feyzindən məhrum olmaz...