Habil Əliyevin qəbirüstü abidəsi açıldı - Fotolar

habil-eliyevin-qebirustu-abidesi-acildi
Oxunma sayı: 3738

Mayın 27-də Fəxri xiyabanda görkəmli kamança ifaçısı, Xalq artisti Habil Əliyevin qəbirüstü abidəsinin açılış mərasimi keçirilib.

Qafqazinfo” xəbər verir ki, mərasimdə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, sənətkarın ailə üzvləri iştirak ediblər.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov çıxış edərək Habil Əliyevlə bağlı xatirələrini bölüşüb: “Habil Əliyev 60 ildən artıq bir müddətdə bu xalqın zövqünün yüksəlməsi üçün çalışıb. Dünyanın ən ucqar məmləkətlərində Azərbaycan dilindən, məişətindən, düşüncə tərzindən xəbərsiz olan insanlar Habilin ifasını dinləyəndən sonra Şərqi, Azərbaycanı, muğamımızı, musiqimizi tanıdılar və sevdilər”.

Xalq şairi Nəriman Həsənzadə bu abidədə kamançanın da yer almasını yüksək qiymətləndirib.

Milli mədəniyyətimizin inkişafı və təbliği sahəsində mühüm nailiyyətlərinə görə Habil Əliyev “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb. Sənətkar 2015-ci il sentyabrın 8-də, 89 yaşında vəfat edib.