Gəncədə yeni layihə - Fotolar

gencede-yeni-layihe
Oxunma sayı: 4153

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi, "Gəncə-2016 Avropa Gənclər Paytaxtı" İctimai Birliyinin tərəfdaşlığı ilə "Odlar Yurdu” Gənclər İctimai Birliyinin tərəfindən həyata keçirilən layihənin açılış mərasimində Millət Vəkili Pərvin Kərimzadə, Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Gəncə şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Samirə Həsənova və ümumilikdə respublikanın müxtəlif bölgələrində yaşayan 50 nəfər gənc iştirak edib.

Qafqazinfo" xəbər verir ki, Odlar Yurdu” Gənclər İctimai Birliyinin rəhbəri Nigar Ələsgərova iştirakçıları salamlayaraq, cari ilin ölkə başçısı tərəfindən “Multikulturalizm ili” elan olunduğunu deyib. Layihəni keçirməkdə məqsədinin gənclərə multikulturalizmin mahiyyətini izah etmək, Azərbaycanın dünyadakı nümunəvi tolerant ölkə simasını bir daha gənclərin diqqətinə çatdırmaq olduğunu bildirib.

Millət Vəkili Pərvin Kərimzadə öz çıxışında gənclərə multikulturalizmin Azərbaycan modelinin mahiyyətini izah etmək və öyrətmək olan "Gələcək vəd edən həqiqətlər: Gənclər və Multikulturalizm" adlı layihə bu sahədə reallaşacaq uğurlu layihələrdən biri olacağına inamını ifadə edib.

Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov "Gəncə-2016 Avropa Gənclər Paytaxtı" layihəsi çərçivəsində keçirilmiş və reallaşacaq layihələrdən danışıb. Bu layihə iştirakçılarına uğurlar arzulayıb.

Gəncə şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Samirə Həsənova Azərbaycanın multikultiralizm modeli haqqında danışıb. Multikulturalizm ideyalarının Gəncədə tarixən olduğunu bildirən Samirə Həsənova bir çox dinlərin, mədəniyyətlərin nümayəndələrinin Azərbaycanda, eləcə də, Gəncədə rahat şəraitdə yaşadığını vurğulayıb.

Mərasimdə birliyin 4 illik fəaliyyətinə həsr olunmuş hesabat video-çarxı nümayiş olunub.

Eyni zamanda birliyin fəaliyyətinə dəstək olan dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, KİV nümayəndələri və fəal gənclər təltif olunub.

Qeyd edək ki, layihə iştirakçıları 22 iyul tarixində Gəncə şəhəri ilə tanış olub. Açılış mərasimindən sonra isə mütəxəssis tərəfindən iştirakçılara multikulturalizm haqqında, onun əhəmiyyəti haqqında seminar və təlimlər keçiriləcək, həmçinin, qrup işləri aparılacaq.

Layihənin sonunda gənclərə sertifikatlar təqdim olunacaq.