Gəncədə böyük tədbir... - Fotolar

gencede-boyuk-tedbir-
Oxunma sayı: 2104

Gəncə - MDB Mədəniyyət Paytaxtı 2017” beynəlxalq layihənin rəsmi açılışı olub.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, rəsmi hissədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin həmsədri, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın dövlət və hökumət nümayəndələri, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin, yerli və xarici qonaqlar iştirak ediblər.

Elmar Vəliyev tədbir iştirakçılarını Azərbaycan xalqının adət və ənənələrlə zəngin el şənliyi, “Novrzu bayramı” münasibəti ilə təbrik edib. İcra başçısı vurğulayıb ki, 2016-cı ilin sentyabr ayının 16-da Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyinin dövlət başçıları şurasının 25-ci yubiley sammitində Gəncə şəhərinin 2017-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı olması xəbəri gəncəlilər tərfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanıb.

Elmar Vəliyev “Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı – 2017” layihəsinin açılış mərasimində iştirak dən qonaqların diqqətinə çatdırıb ki, Gəncə bu gün yalnız Azərbaycanın ikinci böyük şəhəri deyil, həm də çoxəsrlik tarixi keçmişi, zəngin mədəniyyəti və dahi şəxsiyyətləri ilə seçilən, eləcə də müasir dövrümüzdə respublikada gedən sürətli inkişafa öz töhfələrini verən ən önəmli mədəni mərkəzlərdən biridir.
MDB iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin həmsədri, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy çıxışında bildirib ki, Gəncə SSSR vaxtı əsasən sənaye mərkəzi kimi tanınsa da, şəhərin tarixi, elm və incəsənəti daim inkişaf edib.

GDU-nun prorektoru, millət vəkili Pərvin Kərimzadə, AMEA-nın Gəncə bölməsinin elmi katibi, akademik Fuad Əliyev də tədbirdə çıxış edərək Gəncənin elm, təhsil, mədəniyyət sahələri və dahi şəxsiyyətləri barədə danışıblar.

Sonra Gəncə şəhərinə 2017-ci il MDB-nin Mədəniyyət Paytaxtı Sertifikatının təqdimetmə mərasimi olub. Sertifikat Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə təqdim edilib. Elmar Vəliyev “Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı – 2017” loqosunu və üzərində dahi Azərbaycan şairi, filosov Nizami Gəncəvinin portreti olan xalçanı MDB iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin həmsədri, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoya və rəhbərlik etdiyi nümayəndə heyətinin hər birinə, eləcə də Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxinə hədiyyə edib.

Şəhərin rəqs kollektivlərinin rəngarəng rəqsləri, peşəkar musiqiçilərin Azərbaycan xalqının ən qədim musiqi alətlərində ifası şənlik iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Günün ikinci yarısında isə “Gəncə MDB-nin Paytaxtı - 2017” beynəlxalq layihənin rəsmi açılışına həsr olunmuş yerli və MDB ölkələrindən gəlmiş tanınmışların iştirakı ilə konsert keçirilib.

Konsertdən sonra qonaqlar Azərbaycanın dilbər güşəsi olan "Göygöl"ə səfər ediblər.