Fərid Hüseynin Tanrı ilə təkbətək qaldığı - “Bayraqlı Cami”dən reportaj

ferid-huseynin-tanri-ile-tekbetek-qaldigi
Oxunma sayı: 4532

Adətimdi, səfərdə olanda sübh cağı – şəhər qayğısızlıq yuxusundaykən “başmaq seyri”nə çıxıram. Belə vaxtlarda – hələ adamlar ruzi dalınca çovumazkən, tək-tək zəhmətkeşlər gözə dəyəndə, gecə həyatının həniri təzəcə çəkilərkən qürbətin gözəlliyi bir az da başqa cilvədə, özgə qiyafədə görünür.

Bu il qatıldığım Dünya Yazarlaların 53-cü Belqrad Görüşünün gündəliyi bəs deyincə zəngin idi – səhər saat 9-dan başlanan müxtəlif tədbirlər axşam 20:00 qədər davam edirdi. Hələ biləndə ki, Belqradın ucqar şəhərinə - Kladovaya iki günlük səfər var, onda kürəyi dincəlmək naminə yerə verməyə dəyməzdi. Gərək bir az təpər tapıb gəzəydim...

Bayraqlı cami

Adətimə sadiq qalıb – “canıma cəfa verib”, erkən oyanıb şəhəri gəzdim. Belqrad xəritəsinin köməyi ilə Bayraqlı Məscidi tapdım. Son dərəcədə xoş təsir bağışlayan, maraqlı quruluşu olan, kəsəsi, insanın ürəyinə rahatlıq ələyən müqəddəs bir yerdi. Həyətində qədim Osmanlı qəbirlərini xatırladan və onların baş geyimləri tərzində hazırlanmış daşlar var. Müəyyən versiyalara görə onlar vaxtıyla bu ərazidə yerləşən, sonralarsa dağıdılmış Osmanlı qəbiristanlığından qalan yadigarlardı...

Səhər saat 7:00-da məscidə daxil oldum, heç kəs yox idi... Xudaya bağlılığın mənimçün əvəzedilməz bir üstünlüyü də odur ki, hər yerdə və hər vaxt Allahla bircə anlıq da olsa tək qalmaq fürsəti həmişə var, bircə istəmək, könlünü kökləmək bəs edir... Ancaq məsciddə tək olmaq, burda dua eləmək hər halda daha fəzilətlidi...

Belqradın Osmanlı tərkibində olduğu dönəmdə 250-dən çox məscid tikilib, fəqət onlardan bircə “Bayraqlı Cami”nin günümüzə salamat qalması elə-belə, adi məsələ deyil... Bu məscid bu yerlərdə dinin nişanəsi kimi yaşamaqdadı...

Təbii ki, dünyanın dörd bir tərəfində bundan dəfələrlə uca, əzəmətli məscidlər var. Bu məscid isə təkcə dini ocaq kimi deyil, tarixi məkan, əsrlər öncəsinin tikilisi kimi diqqət çəkir və o vaxtın memarlıq üslubunu əks etdirir...

8 guşədən, 8 pəncərədən ibarət məscid, türk memarlıq üslubunda tikilib və 1 minarəsi var. Belqrad Osmanlı imperiyasının tərkibində olanda tikilən bu müqəddəs ocaq hələ də əzəli əzəmətini qoruyub-saxlayır, nə xoş ki illərin dəyərsovuran bataqlığı, viranqoyan yelləri köklü-köməcli dağıntıya səbəb ola bilməyib.

Məscidin divarlarında çoxlu dini mətnlər, aşağı hissələrdə təsbehlər asılıb. Bundan başqa, dini kitablar da gözə dəyir. Məscidin yarısı isə əlavə mərtəbə kimi inşa edilib və dolama pilləkənlərlə ora qalxmaq olur. Məscidin işıqlandırılma sistemi də yaxşı qurulub, nəhəng çilçıraq hər nə qədər köhnə görünsə də, məscidin ümumi görkəmini tamamlayır.

Tarix

Tarixi mənbələrin çeşidliliyi çox vaxt adamı naəlac qoyur, dəqiq faktlar sarıdan tərki-silah edir. İstinad yerləri çoxaldıqca, qondarma “tutalğalar”, “dəlillər” artdıqca, elə bil həqiqət bir kənara qısılır, görünməz olur. Müxtəlif mənbələrdə bu tarixi binanın inşası tamam fərqli illər göstərilir. Bilmirsən hansına inanasan.... Daşlarsa susur...

Nisbətən oxşar mənbələrdə isə 1575-ci ildə inşa edilməsi, daha əsaslı dəlillərlə sübuta yetirilir. 10 m qübbəsi olan məscid bir vaxtlar kilsə kimi də istifadə edilib. Məscidlərin kilsələrə, kilsələrin məscidlərə çevrilməsi kimi tarixi faktlar çoxlarımız məlumdu. Hər iki halda da dağıdılmaqdan, sıradan çıxmaqdan yaxşı yol imiş bu... Bəzi orta əsr xalqları kimi ibadətgahları mal axuruna, tövlələrə, hətta kiçik karvansaraya çevrilməkdənsə, hansısa formada inanc yeri kimi istifadə edilməsi daha dürüst yoldur...

1718-ci ildə imzalanan Paşarofça Müqaviləsi ilə Belqrad Avstriyanın əlinə keçəndən sonra bu cami 22 il kilsə kimi istifadə olunub. Belqradı Osmanlıların yenidən işğal edənsən sonrasa bura yenidən müsəlmanların ibadət yerinə çevrilib. Belqrad osmanlıların əlindən çıxandan sonra isə artıq məscid kimi qalıb və 1893-94-cü illərdə II Əbdülhamidin göstərişi ilə təmir olunub. Tarixin ağır yaralarından həmişə nəsibini alan bu məscid yaxın onillikdə - Kosova problemləri qalxanda da millətçilər tərəfindən yandırılıb...

Bərpa

Tarix özü kimi hər şeyi də qocaldır... Şair dəqiq müşahidə edib: “Kimə vəfa qıldı ki, sənə vəfa qılsın yer”. Torpaq heç kəsə vəfa göstərmir, ucalan, baş qaldıran çox şeylər axırda yerə - torpağa qayıdır, onunla tən olur. Əgər baxmasan, qulluq eləməsən, qorumsan uçulub-dağılmayası az şey var bu dünyada. “Bayraqlı Cami” də həmin uçulub-dağılmaqda olan abidələrdən imiş və deyilənlərə görə Belqraddakı müsəlman icmasının və şəhər rəhbərliyinin məscid binasını bərpa etdirməyə imkanı bəs qədər deyilmiş. Serbiya müsəlman icmasının rəhbəri, müfti Muhammed Yusifspaxiç 2011-ci ildə Serbiyada rəsmi səfərdə olan Prezident İlham Əliyevə bu məsələylə bağlı müraciət edəndən sonra dövlət başçısı məbədin təmir etdirilməsi ilə bağlı tapşırıq verib və beləliklə illərdən bəri düyünə düşmüş, əncamı müşkül kimi görünən çətinlik həllini tapıb.

Mən bura iş saatı sarıdan bir az naqolay vaxt gəldiyimdən yalnız məscidi ziyarət edə bildim. Ancaq deyim ki, məscid kompleksinə daxil olan altımərtəbəli binada mədrəsə, İslam elmləri fakültəsi, kitabxana, akt zalı möminlərin ixtiyarındadır. 2012-ci ildə Azərbaycan nümayəndə heyəti - baş nazirin müavini Elçin Əfəndiyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan yeparxiyasının başçısı Aleksandr İşey - iştirakı ilə təmirdən sonra açılış tədbir keçirilib...

Dua

Düzünü deyim, hərdən olur ürəyim dolur sözlərlə, ancaq Allaha əl aça, ondan nəsə istəyə bilmirəm. Boğuluram, tıncıxıram. Nədənsə mənə elə gəlir ki, Allahdan nəsə istəməyə üzüm gəlmir, özümdə güc tapmağa çalışır və dua edirəm. İztirab odu dua ilə söndürüləndə isə ürəyə aramlılıq, toxtaqlıq gəlir. Belə çətin vaxtlarımı xatırlayanda yadıma Şeksprin “Hamlet” əsərində tövbə edə bilməyən kral düşür: Əlində hər bir işi gördürmək bir çırtıq çalmaq qədər asan olan kral, günahları bağışlansın deyə tövbə edə bilmir. Səhnəni təsəvvür edin: Kral tövbə edə bilmir və günah hissiylə vurnuxur:

Əgər biri tövbə edə bilmirsə,
Onda necə olsun? Ah, müdhiş, əzab.


Şekspir Allah qarşısında hökmdarın naəlac köləliyini çox sadə yolla bəyan edir.

Bayraqlı Məsciddə isə ürək rahatlığı ilə dua edə bildim. Qəlbim rahatlıq tapdı, elə bil, çoxdandı deyiləsi sözüm olan bir kəslə rastlaşmışdım...

Fərid Hüseyn
Xüsusi olaraq “Qafqazinfo” üçün