“Əvvəl klip mənə elə də çox çatmırdı” - Flora Kərimova+Fotolar

evvel-klip-mene-ele-de-cox-catmirdi-
Oxunma sayı: 2008

Xalq artisti Flora Kərimova və gənc müğənni Rövşən Civişov yeni kliplərini təqdim ediblər.

Qafqazinfo” xəbər verir ki, “Bu sevgiyə dözüm yox” adlı mahnıya çəkilən klipin rejissoru Türkay Azəridir.

Ekranlaşdırılan mahnının sözləri Gülağa Tənhaya, musiqisi A.Səlimova məxsusdur. Təqdimat mərasimində xalq artisti Flora Kərimova hər kəsi salamlayıb, çəkiliş prosesindən bəhs edib:

“Mənə hörmət edib, bizi tək qoymayan hər kəsə təşəkkürümü bildirirəm. Əvvəl mahnı və klip mənə elə də çox çatmırdı, daha doğrusu anlaya bilmirdim. Ancaq Türkay oğlumun ərsəyə gətirdiyi klip məni dərin kədərləndirdi. İndi hər şeyi yaxşı başa düşürəm. Görürsünüz, klipdə üzük və sırğalardan da istifadə etmişəm. Makiyajımı da Anar Ağakişiyev edib. 4 saat üzümdə işlədi. Amma sonda yaxşı nəticə ortaya çıxdı”.

Tədbirdə xalq artisti Məleykə Əsədova, əməkdar artist Mehriban Xanlarova, müğənnilər Kərim Abbasov, Vasif Məhərrəmli, Ruhəngiz Musəvi, Lətafət Ələkbərova da iştirak edib.

Tədbir maraqlı məqamlarla yadda qalıb. Belə ki, Mehriban Xanlarova küsülü olduğu müğənni Kərim Abbasovla üz-üzə gəlib. Bir neçə dəqiqə sonra müğənni məkanı tərk edib.

Klip təqdimatı zamanı kiçik qalmaqal da yaşanıb. Xalq artisti Məleykə Əsədova çıxış edən zaman Vasif Məhərrəmli oturduğu məkandan danışmağa başlayıb, bu isə aktrisanın xoşuna gəlməyib: “Vasif, sakit dayan, sən danışanda mən səni dinləyirdim. Belə olmaz axı”.

Xatırladaq ki, sözügedən klipdə xalq artisti Flora Kərimovanın qızı Zümrüd Şərifzadə də rol alıb.

Elvin