“Ə, bu barədə danışmıram...” - “Azdrama”nın rəhbəri

e-bu-barede-danismiram
Oxunma sayı: 7416

Xalq artisti Fuad Poladovun gənc həmkarı Hikmət Rəhimovun “Azdrama”dan çıxarılmasına etiraz olaraq istefa verməsi dünəndən böyük müzakirələrə səbəb olub.

Xalq artisti açıqlamasında teatrdan getdiyini bildirsə də, “Azdrama”nın mətbuat xidməti yayılan xəbərləri bu gün səhər təkzib edərək Poladovun istefa ərizəsi yazmadığını qeyd edib.

F. Poladov isə bir neçə saat əvvəl mediaya açıqlamasında sabah son tamaşaya çıxacağını və bununla da teatrla vidalaşacağını deyib.

Qafqazinfo” məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxlayıb. Ölkənin ən tanınmış və istedadlı aktyorlarından birinin istefasına nazirliyin münasibəti maraqlı olub. Mətbuat xidmətindən“Qafqazinfo”ya bildirilib ki, qurum bu məsələyə qarışmır:

“Siz yaxşı olar ki, teatrın mətbuat xidməti ilə əlaqə saxlayın, onlardan rəy öyrənin”.

Daha sonra Akademik Milli Dram Teatrının rəhbəri Azərpaşa Nemətovla əlaqə saxlasaq da, o da mövzu ilə bağlı danışmaq istəmədiyini qeyd edib.

Üstəgəl, teatra yeni rəhbər təyin olunan Nemətovun danışıq tərzi də diqqət çəkib.

O, “Hə, nə olsun? Niyə yığmısız məni? Əə, bu barədə danışmıram, sağ ol” - deyərək telefonu bağlayıb.

Qeyd edək ki, Azərbaycanın ən istedadlı teatr aktyorlarından biri hesab olunan Fuad Poladov Azərpaşa Nemətovun rejissorluğu ilə bir neçə tamaşada baş rolu, o cümlədən "Hamlet"i oynayıb.

Elvin Elxan