Bu, xəstəlikdir...

bu-xestelikdir
Oxunma sayı: 1773

Fərid Hüseyn

Tələbəykən ən zəruri ehtiyacların qarşısında əlibağlı qala-qala kitablar alırdım. Çarpayımın altına yığırdım. Hər dəfə bir kitabı tapmaq üçün bütün kitabları tökməli idim...

O kitablardan çoxu oxumadıqlarım idi. Hər dəfə oxumadığım kitabları töküb-yığdıqca otaq yoldaşım deyərdi: Bu kitabları nəyinə lazımdı, o qədər kitabı oxumağa ömür çatar? Oxumadığın və oxumayacağın kitabları niyə töküb-dağıdırsan, niyə hər dəfə onlara vaxt itirirsən? Bir də onu deyərdi ki, bir kitabı al oxu, sonra başqasını al, əks təqdirdə kitab mağazada qaldı, ya evdə nə fərqi var?

Mənsə onun dediklərini eynimə almazdım, heç bir kitab mağazasının yanından biganə keçməzdim... İndi aradan 10 il keçir, xeyli kitablarım var, çoxu rayondadı, özül ailəmizin yaşadığı evdədi, hətta anam servantının qablarını yığışdırıb, şüşə gözlərini çıxartdırıb, yerinə taxta vurdurub, kitab şkafı edib... Nə qədər sürətlə və ardıcıllıqla oxuyuramsa, yenə də oxumadığım kitablar var. Evdə ola-ola içindən, əsl mahiyyətindən xəbərsiz olduğun yüzlərlə kitab var, hər dəfə o kitabları görəndə təəssüf hissi keçirirəm, necə olur ki, əlinin altında ola-ola o kitablardan xəbərsizəm, onlara növbə çatmır...

Kitab almaq xəstəliyinin qəribə tərəfləri var: ala bilməyəndə düşünürsən ki, mütləqəldə etməliyəm, çox gərəklidi, ancaq alandan sonra deyirsən sonra oxuyaram. Bu gündən sabaha ümid yoxdu, gedib-gələn nəfəsə etibar eləmək olmaz, ancaq kitablar almaq, onları qorumaq, nə vaxtsa oxuyacağına ümid etmək, əslində, gələcəyə inamdı. Kitab oxunmayanda belə ümid verir...

Xarici ölkələrdə kitab sərgilərində olanda, müxtəlif zallarda 4-5 milyon kitab görürsən, onlardan hansını əlinə götürüb annotasiyasına baxırsansa, elə bilirsən dünyada ən gərəkli kitab budur. Kitablara təqdimat yazılarını, annotasiyalarını o dərəcədə çəkici, maraqlı yazırlar ki. Təbiidi, burda biznes mühitinin tələbləri, “oxucu ovlamaq” siyasəti də var. Hər kitabın lazımlılığını, vacibliyini hiss etdirməyin nəyi pisdir ki? Ancaq bütün bu kitablar adamı məyus edir, bilgisizliyin, məlumatsızlığın qarşısında aciz qalırsan.

“Çətin sualların asan cavabları” adlı bir kitab var, içində olduqca maraqlı suallar var, məsələn pinqvinlər niyə şimal qütbündə yaşayır, fillərin niyə xortumu var, su buxarlanmasa nə olardı və s. Bu kitabı oxuduqca haqqında heç zaman düşünmədiyimiz yüzlərlə sualın cavabını öyrənirsən, ancaq bu bir kitabdır, bəs mahiyyətindən xəbərsiz olduğun milyonlarla kitablda nə qədər informasiya və bilgi yatır? Belə də deyirlər ki, milyonlarla insanın timsalında bir dahi yetişdiyi kimi, milyonlarla kitabın içində də bir neçə lazımlı kitab olur və əslində, digər kitablar həmin bir neçə kitabın gücünü, vacibliyini göstərmək üçündü...

Bir dəfə İstanbul Kitab Fuarından. acgözlüklə bir kitab aldım Gələndən sonra başım qarışdı, oxumağa vaxt olmadı. Növbəti il fuarda yenə həmin kitab aldım, gələndə gördüm ki, həmin kitabdan evdə varmış. Düzü, çox utandım, çünki oxunmayan kitabların qarşısında həmişə məlumatsız, bilgisizik. Ancaq həm də təsəllim vardı, oxunmayan kitablar həmişə təzədi...