“Bu, Heydər Əliyevin arzusu idi” - Müşfiq parkı ilə bağlı planlar

bu-heyder-eliyevin-arzusu-idi-
Oxunma sayı: 3694

"Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli dünəndən bəri ölkə gündəmində müzakirə olunan şair Mikayıl Müşfiqin büstünün “Statistika dairəsi”ndən götürülməsi məsələsinə bir daha aydınlıq gətirib.

Qafqazinfo” xəbər verir ki, A. Nəcəfli BakiPost.az-a açıqlamasında qeyd edib ki, dövlət proqramına uyğun olaraq həmin ərazi genişləndiriləcək və orada 5000 kv.m-lik park və yaşıllıq zonası salınacaq:

“Həmin ərazidəki “Statistika dairəsi” ləğv ediləcək. Geniş park salınacaq. Müşfiqin büstü də həmin parkda ucaldılacaq. Düşünürəm ki, bu, Müşfiqsevərlər üçün xoş xəbərdir.

Dövlət Statistika Komitəsinin qarşısında yerləşən dairə ləğv olunacaq. İnşaatçılar prospektindən gələn avtomobillər artıq birbaşa dairə olan istiqamətdə daxil ola bilməyəcəklər. Onlar Nərimanov prospektinə yönləndiriləcək. Nərimanov prospektindən Abdulla Şaiq küçəsinə geridönmə yaradılacaq. O yol da genişləndiriləcək. Paralel yol yaradılacaq. Nərimanov prospekti Nərimanov heykəlinə doğru bir istiqamətli olacaq.

Əks istiqamət üzrə də Abdulla Şaiq küçəsi yenidən qurulur. Əks istiqamətdə də avtomobillər o yolla hərəkət edəcək. Abdulla Şaiq küçəsiylə Nərimanov prospekti Nərimanov heykəlinin qarşısında və “Statistika dairəsi”nin yanında birləşdirilir.

Sırf 5000 kv.m-lik ərazidə yeni park olacaq. Mikayıl Müşfiqin də büstü ora qoyulacaq. Hesab edirəm ki, bu park görkəmli şairimizin adına layiq olacaq”.

Onun sözlərinə görə, "Sovetski” ərazisində bu kimi dəyişikliklər planı ötən əsrdən var idi: “Bu işləri həyata keçirmək mərhum prezident Heydər Əliyevin arzusu idi. İndi də bu işlər cənab prezidentimiz İlham Əliyevin birbaşa nəzarəti ilə həyata keçirilir. Bu işlərin bir hissəsinə 2014-cü ildə Füzuli küçəsinin genişləndirilməsi ilə start verilib. Müşfiq parkının salınması da bu planın tərkib hissəsidir”.