Bolqarıstan prezidenti Nazim İbrahimovu qəbul edib

bolqaristan-prezidenti-nazim-ibrahimovu-qebul-edib
Oxunma sayı: 1082

Bu gün Bolqarıstan Prezidenti Rosen Plevneliev Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının sədri Nazim İbrahimovu qəbul edib.

Komitənin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, prezident Rosen Plevneliev rəsmi Sofiyanın ölkəmizlə ikitərəfli münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.

Dövlət Komitəsinin sədri Nazim İbrahimov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyi dəstəyə görə Bolqarıstan Prezidentinə minnətdarlığını bildirib.

Qəbulda gələn ilin mart ayında Bakıda keçirilməsi nəzərdə tutulan Qlobal Bakı Forumunun IV toplantısı ilə bağlı fikir mübadiləsi aparılıb. Nazim İbrahimov Prezident İlham Əliyevin bu foruma xüsusi əhəmiyyət verdiyini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə hər zaman diqqət və qayğı göstərdiyini vurğulayıb.

Bolqarıstanın dövlət başçısı Qlobal Bakı Forumunun IV toplantısının müasir dünyanın qlobal problemlərinin həllinə töhfə verəcəyinə ümid etdiyini, böyük məmnuniyyətlə Forumda iştirak etmək arzusunda olduğunu qeyd edib.