“Psixoloq 150 manat maaş alırsa…” - Dəyanətin intihar haqda dedikləri

psixoloq-150-manat-maas-alirsa-
Oxunma sayı: 17584

Xəbər verdiyimiz kimi, tanınmış psixoloq Dəyanət Rzayev özünü kəmərlə boğaraq intihar edib. Yaxınları onun bir müddətdir ki, depressiyada olduğunu bildirib.

Onun bu addımı sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. İstifadəçilər psixoloqun belə bir addım atmasını birmənalı qarşılamayıblar. Çünki D. Rzayev TV və mətbuata intihar hadisələri ilə bağlı dəfələrlə mütəxəssis açıqlamaları verib və belə addım atanları qınayıb.

Qafqazinfo” məşhur psixoloqun mətbuatda intihar hadisələri ilə bağlı verdiyi müsahibələrin bir hissəsini toplayıb.

Rzayev Kanal 13-ə verdiyi müsahibəsində intihar edənlərin ən çox təşvişli depressiyaya düşən şəxslər olduğunu bildirib:

“Daha çox intiharı kişilər edir. Qadınlar intihardan ola bilər ki, çox danışırlar. Ancaq cəsarət etmirlər. Sağalmayan xəstəliyə tutulanlar, narkomanlar, alkoqoliklər və tənha insanlar intihar edir. Əvvəllər insanlar həyət evlərində yaşayardı, insanların problemi olanda qonşularla bölüşürdü, çıxış yolu axtarılırdı. İndi isə bina evlərində yaşayırlar, özlərinə qapanırlar və təbəqələşmə gedir. Valideynlər uşaqlarının maddi tərəfini düşünürlər, amma qəlblərinə önəm vermirlər. İntihar edənlər fərqli olur. Məsələn, həkimlər özlərinə uyğun intihar metodu seçir. İntihar qısamüddətli bir hissdir. Hətta, təşvişli depressiyaya düşəndə hər şey insan üçün qaranlıq olur. Başa düşür ki, heç cür bu vəziyyətdən çıxmayacaq və intihar edəcək”.

Rzayev Sum TV-yə bildirib ki, psixi baxımdan sağlam olan insanlar belə intihar edə bilər:

“Azərbaycanda intihar sayı çoxalır. Əsasən 40 yaşdan yuxarı insanlar canına qıyır. Psixi baxımdan sağlam olurlar, ancaq intihar edirlər. Ölkədə ən çox kişilər intihar edir”.

Psixoloq Meydan TV-yə son dövrlər intiharların arxasında ədalətsizlik, təbəqələşmə, sosial-iqtisadi bərabərsizliyin dayandığını da əlavə edib:

“Bu gün Azərbaycanda ümidsizlik, qeyri-müəyyənlik və qorxu hökmranlıq edir. Əgər Azərbaycan kişisi evinə çörək apara bilmirsə, o, çox dözülməz duruma düşür və özünü təhqir olunmuş sayır. Üstəlik, banka borclu olanda, onun vəziyyətini təsəvvür edin. Mənim anam 150 manat pensiya alırsa, bu, böhran deyilmi? Əlbəttə böhrandır. Nəhayət, məhkəmələr də bankların tərəfindədir. Belə olanda, vətəndaş intihara əl atır, çünki o, mənliyini intiharla qoruduğunu hesab edir. Bu mənada o cür insanlara zəif kimi baxmaq lazım deyil. İntihar edənlərin 85 faizi psixi cəhətdən sağlam insanlardır. Sadəcə, həyatda rastlaşdıqları çətinliklər onları buna vadar edir. Psixoloqlar nə təklif edir, psixoloqların özü 150 manat maaş alırsa, nə təklif edə bilər?!”

Psixoloq musavat.com-a açıqlamasında söyləyib ki, insanların həyatda heç bir sığortası yoxdur:

“Biz əgər Norveç və ya Finlandiyadakı intihar səbəblərini araşdırsaq görərik ki, bu, daha çox tənhalıqdan, bir-birilərinə qarşı olan soyuqluqdan irəli gəlir. Bizdə isə əksinədir. Biz tənhalıqdan yox, çox ünsiyyətdən əziyyət çəkirik.

İntiharların başvermə səbəbi daha çox ümidsizlik və maddi durumla bağlıdır. Bizdə münasibətlər normal qurulmayıb, neytrallıq da yoxdur. Hərdən baxırıq ki, insanı elə şeylərə görə qınayırlar ki, bu, onu depressiyaya aparır. Məsələn, hansısa qadın əri narkoman olduğu və ya ona işgəncə verdiyi üçün boşanır. Cəmiyyət onu qınamağa başlayır və ona müxtəlif adlar qoşurlar. Araşdırılmır ki, bu adam nəyə görə boşanıb. Yaxud da ki, maddi durum. İnsanın həyatda heç bir sığortası yoxdur.

Tutaq ki, birinin banka 3 min dollar borcu olur. O, borcunun 1000 manatını qaytarsa da, devalvasiya baş verir və borcu elə 3 min manat kimi qalır. Halbuki 250 manat maaş alırsa, borcunu necə verə, ailəsini necə dolandıra bilər? Şimal ölkələrinə baxanda Azərbaycanda səbəblər bu cür fərqlidir. Sadəcə olaraq, intiharların səbəbləri dərindən araşdırılmalıdır.
Düzdür, çox zaman əsl səbəblər gizlədilir, yaxud da qohumları deyir ki, ruhi xəstə idi. Azərbaycanda intiharların səbəbi öyrənilməli və onu aradan qaldırmaq istiqamətində iş görülməlidir. Bu, uşaqlara da təsir edir. Əgər bir uşaq məktəbə gedir, özü ilə müqayisədə digər uşaqların ondan daha yaxşı geyindiyini görürsə, o, depressiyaya qapıla bilir. Yaxud da evə gələndə görürsə ki, ata-anası qəmgindir, ailədə daim mübahisə var, o zaman uşaq da psixoloji baxımdan gərilir, əlacsız qalır və intihara əl atır”.