“Bakıda gedə biləcəyim yer qalmayıb” - Kölgə sənətkarı

bakida-gede-bileceyim-yer-qalmayib-
Oxunma sayı: 5591

"Azərbaycanda müasir incəsənətə maraq yoxdur"

Kölgən dirsəklənib daşa-torpağa
Dikəlmək istəyir, qalxmaq istəyir.
Dayanıb mənimlə qabaq-qabağa
Gözümün içinə baxmaq istəyir.

Çox insanın öz kölgəsindən belə qaçdığı bir zamanda Rəşad Ələkbərov kölgəni fikirlərini ifadə etmək üçün bir vasitə seçib. Ramiz Rövşən demiş, biz də kölgənin bir ucundan tutub onunla əsərlər yaradan sənətkara çatmaq istədik. Elə çatdıq da. Görüş yeri bəlli idi: emalatxana. İçəri daxil olduğumuz zaman bir nəfərlə (çox güman ki, müştəri olacaq) qızğın söhbət gedirdi. “Qadının yaşını, kişinin maaşını soruşmazlar” fikrini elə beynimə yeritmişəm ki, müsahibələrimdə də söhbəti həmin mövzuya çəkmək üçün əməlli başlı tər tökürəm. Bu dəfə öz-özümə fikirləşdim ki, fürsətdən istifadə edib söhbətə bu yöndən girişmək daha məqsədəuyğun olar.

- Rəssamlar çox zaman gəlirindən gileyli olur. Qazancınız necədir? Qane edir?

- Pis deyil, işlərim satılır. Azərbaycanda yox, ancaq xaricdə sərgilərdə, qalereyalarda işlərimizə kifayət qədər maraq var. Bunlar incəsənətin kommersiya tərəfidir. Azərbaycanda da İçəri Şəhərdə YAY! Qalereyasında sərgilərimiz olur. Orada sərgilər olan zaman deyilir ki, bizim pavilionda filan-filan rəssamların əsərləri olacaq. Maraqlı olanlar da gəlirlər, baxırlar, alırlar. Əsərlərimizin gözəl təqdimatı gedir. Əsasən Ərəb ölkələri, Yaxın Şərq və Avropada kolleksionerlər işlərimizi bəyənib alırlar. Əvvəllər daha çox interyer-dizayner işləri ilə məşğul olurdum. İndi də bəyəndiyim layihə olanda edirəm, ancaq sifarişlə işləmirəm. Mən rəssamam, məni nə maraqlandırırsa, onu işləyirəm. Sərgilərdə də istəyən alır, istəməyən almır.

- “Sözlər” adlı sərginizdə nümayiş olunan əsərlərdən birinin adı “Hardan gəlib, hara gedirsən?!” idi. Bu sualı çox özünüzə vermisiniz? Rəşad Ələkbərov hardan gəlib, hara gedir?

- Bu, ritorik sualdır. Haraya getdiyimi dəqiq deyə bilmərəm. Ayağım hara, başım da ora. Qısa və uzun vədəli hədəflərim var. Hər birini yavaş-yavaş reallaşdırıb yeni hədəflərə fokuslanıram. Əsas məsələ hardan gəlib, hara getmək deyil. Əsas odur ki, neynirsən, nə iş görürsən. İnsan nə istədiyini bilməlidir. Mən bilirəm. Məsələn, Ümumdünya təsviri incəsənət sərgisi olan Venesiya Biennalesində təqdim olunacaq əsərlərimin ürəyimcə olması qarşıma qoyduğum məqsədlərdən biri idi, bunun üçün də 6 ay durmadan işləmişdim. İrəli getmək üçün pillələri aşmalısan.

- Niyə məhz kölgələr?

- Məncə, bu şüuraltında olan bir şeydir. 80 - 90-cı illərdə vəziyyət pis idi. İşıq yanmırdı. Evlərdə ya şam, ya da neft lampaları yandırılırdı. 9-10 yaşım olardı. Axşam lampa işığına yığışanda valideynlərimiz başımızı qatmaq üçün bizə əlləri ilə heyvan fiqurları göstərirdi. Dəqiq deyə bilmərəm ki, sırf ona görədir. Sonradan magistraturanı oxuduğum vaxt bizdə birinci dəfə müasir incəsənət sərgisi keçirilirdi. Dəvət etdilər, elə bir büdcəm də yox idi. Mən nəsə fərqli bir şey etmək istəyirdim, fikirləşdim və təsadüfən emalatxanada olan yararsız əşyalarla sərgi üçün bir şey hazırladım. Daha sonra internetdə də bu sənətlə məşğul olanları izlədim, maraqlı gəldi. Çox insan vizual nəsə edir, mən istədim edirəmsə, fərqli bir şey olsun, kimisə təkrarlamayım. Ona görə də, daha çox konsepsiya ilə işləyirəm. Birinci işimi 2002-ci ildə elə həmin o sərgi üçün etmişəm, "İki şəhərə bir nəzər nöqtəsindən baxış" adlanırdı. Stolun üstündə müxtəlif əşyalar yığdım və 2 işıq verdim. Bir divarda kölgələrdən şərq, digərində isə qərb şəhərinin silueti yarandı. Həmin işi Venesiyada bir nəfər şəxsi kolleksiyası üçün məndən 3000 dollara aldı. Rusiyanın Venesiyadakı konsulu idi. Bu mənim satdığım ilk kölgə işim idi.

Müsahibimin sözlərinə görə Müasir incəsənətdə əsas olan ideyadır. Fərq etməz o ideyanı, fikrini hansı formada çatdırırsan. Onun üçün hazırda fikirlərini kölgə ilə ifadə etmək, metalla işləmək daha maraqlıdır, sabah isə nə edəcəyini bilmək olmaz.

- Artıq 2 il olar ki, sırf metalla işləyirəm. Çünki metalın daşınması daha asandır. Digərlərini hər dəfə yenidən hazırlamaq, tavandan bir-bir asmaq lazım gəlir. Dəmirdən hazırladıqda isə sadəcə işığı qoymaq və məsafəni tənzimləmək kifayət edir. Bu zaman vaxta da qənaət olunur. Ola bilər ki, yorulacam, çıxacam metaldan. Bəlkə elə bu əlimdə olan son işimdir, bəlkə, ümumiyyətlə kölgə etməyəcəm, yenidən rəsm fəaliyyətinə qayıdacam. Hər şey ola bilər.

- Gününüzün nə qədər hissəsi emalatxanada keçir?

- Cürbəcür. Dəqiq bir vaxt deyə bilmərəm. Elə olur ki, heç özüm də bilmədən 10-12 saat işləyirəm. Ancaq 2 saat qaldığım vaxtlar da olur. Peşəmin sevdiyim ən əsas tərəflərindən biri də odur ki, azadlığımı əlimdən almır. Elə gün olur ki, nəsə hazırlamağa kefim olmur. Gəlirəm, bütün gün kitab oxuyuram. Bu bina tamam emalatxanalardır və burada 11 rəssam işləyir. Ümumiyyətlə, müasir incəsənətdə YARAT-a qədər hər şey xaos vəziyyətində idi. Elə olurdu ki, 3 ay, 4 ay müddətində heç bir iş olmurdu. Sərgilərə gedirdik, ancaq gələcək bizim üçün dumanlı idi.. Ancaq indi hər şey sistemləşib. Artıq bizi nələrin gözlədiyini çox yaxşı bilirik.

- Rəşad Ələkbərovun auditoriyası sırf elit təbəqədir. Sosial şəbəkələrdə yoxsuz, televiziyaya çıxmırsız. Demək olar ki, sadə xalqın sizi tanıması üçün elə bir imkan yaratmırsız.

- Bizdə kolleksioner çox azdır. Ancaq mən son 3 ildə bu sahəyə xüsusi diqqət görürəm. Kimə maraqlıdırsa, o mütləq biləcək. Mən üzümlə yox, işimlə tanınmaq istəyirəm. Dəvət etdikləri üçün bir neçə dəfə televiziyaya getmişəm. Baxırsan ki, ətrafındakılar tam fərqli şeylər danışır. Dinlədikcə yoruluram. Başa düşmək olar, onlar ayrı dünyanın insanıdır, mən ayrı bir dünyanın. Mən başqa şeylərdən danışa bilərəm və mənim də danışdıqlarım onlara mənasız gələr. Sosial şəbəkələrdə də yoxam, istəmirəm. Mənə belə rahatdır. Saytımız var, kiməsə nəsə maraqlı olsa, oradan oxuya bilər.

- Nə vaxtsa edəcəm dediyiniz hər hansı bir iş, əsər var?

- Elə bir böyük xəyalım, ya da nə vaxtsa bu əsəri yaradacam dediyim bir iş yoxdur. Yavaş-yavaş getməklə daha uzun yol qət etmək olar. Bizdə elə hey istedad, istedad deyirlər. Mənim üçün istedad ikinci dərəcəli bir şeydir. Əsas insanın həvəsi, məlumatı, bir də əməyi olsun. Bu üçünün üzərinə 1% də istedad gələndə nəsə ola bilər. Əməkdən çox şey asılıdır, ancaq əmək də qapını bağlayaraq başını aşağı salıb gecə-gündüz işləmək deyil. İşini həvəslə görməlisən. İncəsənət adamı həm də güclü oxucu olmalıdır. Bədii əsərlər oxumalıdır, xəbərlər, lap elə siyasətin özünü də. Nə qədər çox məlumatlı olsan, sənin rənglərin o qədər canlı alınacaq. Mən akademiyada oxuyanda çox həvəsli idim, müəllimlərim də yaxşı idi. Ancaq mən öyrəndiklərimi onlardan çox yuxarı kurslarda oxuyan uşaqlardan öyrənmişəm. Bizim vaxtımızda akademiyadakı mühit də belə deyildi. Hansı otağın qapısını açıb içəri girsək, uşaqlar maraqla bizə nəsə izah edirdi. Müəllimlə içə-içə nəyinsə haqqında danışırdıq, şəkil çəkirdik. Əfsuslar olsun ki, indi digər universitetlər kimi çox ciddi olub. İncəsənət sərhədsiz olmalıdır.

- Sizi dinlədiyim zaman məndə elə bir təəssürat yaranır ki, sabah kölgə işinə başlasam, nəsə alındıra bilərəm. Çox güman ki, indiyə kimi sizi dinləyənlər də az olmayıb. Bəs Azərbaycanda niyə ikinci bir kölgə işi ilə məşğul olan şəxs yoxdur?

- Yəqin ki, heç kim bu işlə məşğul olmaq istəmir. Məsələ əslində çox sadədir: hər şeyi xırda-xırda yığmaq lazımdır. Şahmat kimi bir şeydir. Şahmatda sənin çox seçimin olur, ancaq sən optimal variantı seçirsən. Getdikcə proses özü sənin xoşuna gəlir. Mən bir işi müxtəlif sərgilər üçün 2-3 dəfə qurmuşam. Ancaq heç vaxt eynisi alınmayıb. Kölgədə yazılan mətnlər eyni olsa da, qurduğum metal konstruksiyalar tamam fərqli olur.

- İlk dəfə rəngli kölgə işi də sizə məxsusdur: “Fly to Baku”

- “Fly to Baku”dan sonra başqa rəngli kölgə işim olmayıb. Konsepsiyamız Bakıya uçuş idi. Mən rəngli şüşələrdən təyyarələr hazırlayıb tavandan asmışdım. Həmin təyyarələrə işıq verildiyi zaman divarda Bakı buxtasının rəngli kölgəsi alınırdı.

- Bir əsərinizdə də “Hər parıldayan qızıl deyil” demisiz. Qızıl olmaq üçün hansı keyfiyyətlər lazımdır?

- Bu atalar sözü həm ingilislərdə, həm ruslarda, həm də bizdə var və ikibaşlı anlaşılır. İnsan üçün qızıl dəyərində, hətta qızıldan da dəyərli olan şeylər var. Mən armaturdan işlər edirəm. Bu balaca armatur heç kimə lazım deyil, ancaq mənim üçün qızıldan daha dəyərlidir. Tikintidə də həmçinin. Qızılı nə edəcəklər? O ev armaturla daha möhkəm olacaq. Universitetdə metalı bitirsəm də, 10 ildən çox metala yaxın durmadım. 2012-ci ildən sonra metalla gördüyüm işlərdən həzz almağa başladım. Ancaq artıq yorulduğumu hiss edirəm. Bəlkə bunlar axırıncı işlərimdir. İncəsənətdə yorulan zaman durmağı bacarmaq vacibdir.

- Bir əsərin hazırlanması təxminən nə qədər vaxtınızı alır?

- İndiyə kimi ən çox vaxt sərf etdiyim işimə 3 həftə gedib, Parisdə sərgi üçün hazırlamışdım. Metal daha asan gəlir mənə. İşdən asılı olaraq 4 -10 gün arası dəyişir. Qara metalın maliyyəsi də elə də baha deyil. Ancaq “Do Not Fear” əsəri üçün 99 qılıncdan istifadə etmişdim. Onda maliyyə çox getmişdi. Sözün düzü xərci elə də fikirləşmirəm. “Sözlər” sərgisində iki portret işim olub: “Məqsəd” və “Ümid”. Mənim fikrimcə, məqsədinə doğru gedənlər optimist, ümidlə yaşayanlar isə pessimist insanlardır. Ömür boyu ümidlə yaşamaq olmaz, nəsə etmək lazımdır.

Rəşad Ələkbərov bizə son işlərindən birini təqdim etdikdə yenə maraqlı konsepsiya seçdiyini görürük. Bir neçə söz yazmaq üçün azı 15 kiloqram metaldan istifadə etdiyini deyən həmsöhbətimiz insanın tələsəndə də yavaş-yavaş tələsməli olduğunu ifadə etmək istəyib: “Hurry slowly”

“Bu, latın dilində çox gözəl ifadədir. Bu iki söz Bir-birinə nə qədər paradoks olsa da, o qədər də doğmadır. Bu özümə də aiddir. Tələsirəm, nəyisə 4-5 dəfə kəsirəm görürəm alınmayır. Bu iş böyük səbr tələb edir. Əsas odur ki, etdiyin işi sevəsən. Xaricdə çox leksiya demişəm. Hər səfərində də deyirəm ki, mən sizi sadəcə həvəsləndirə bilərəm, qalan hər şey sizlikdir. Bu işi sevəcəksinizsə, bacaracaqsınız, əsas olan sevgidir”.

- Bəs ilham mənbəyiniz nədir?

- İlham mənim ailəm, 2 övladımdır. Onlar mənə stimul verir. Sərgilərlə bağlı xaricə səfərlərim tez-tez olur. Onda London muzeylərini gəzməyi çox sevirəm. Digər şəhərlər də gözəldir, ancaq London tamam başqa aləmdir. Özü də orada muzeylər pulsuzdur. İki dəfə muzeylərdən qovulmuşam. Deyirəm ki, bir az da baxım da, nolar. Deyir 3 saatdır, eyni yerdə durmusan. Get sabah səhər gəlib baxarsan. Assur, Misir mədəniyyət nümunələrinə baxanda, kolleksiyaları izləyəndə məndə yeni fikirlər yaranır. Azərbaycanda ən sevdiyim yer Abşeron idi. Üzüm bağları, orada yerləşən ağ əhəngli, göy qapısı və elə də hündür olmayan damlı evləri seyr etmək ruhumu dinləndirirdi. Rəssamlar da həmin mənzərəni çox işləyib. Ancaq artıq o mənzərədən əsər-əlamət yoxdur. Uzun müddət olar ki, getmirəm. Bakıda stimul almaq üçün gedə biləcəyim elə bir yer qalmayıb artıq.

Günel Hacı

Fotolar: Nuran