Azərbaycanlı pianoçunun Paris uğuru - Fotolar

azerbaycanli-pianocunun-paris-uguru
Oxunma sayı: 927

Mayın 27-də aparıcı Avropa caz festivallarından biri olan Parisdə Sen-Jermen-de-Pre Caz Festivalına dünyaca məşhur azərbaycanlı pianoçu Elçin Şirinov etno-caz musiqisinə öz unikal yanaşmasını gətirib.

Avropa Azərbaycan Cəmiyyətindən (AAC) “Qafqazinfo”ya verilən məlumata görə, E. Şirinovun triosu 200-dən artıq parisli musiqisevərlər, tənqidçilər və Azərbaycanın Fransadakı Səfiri Cənab Elçin Əmirbəyov qarşısında ifa edib.

Trionun festivalda iştirakı Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Fransa ofisi tərəfindən maliyyələşdirilib, bu da azərbaycanlı musiqiçilərin daha öncə iki dəfə bu festivalda iştirakı ilə bağlıdır.

Caz Yayımçısı və Festivalın təsisçilərindən biri Frederik Şarbo tədbiri açaraq deyib ki, bu artıq ardıcıl olaraq üçüncü ildir ki, azərbaycanlı musiqiçi tərəfindən idarə olunan qrupu məmnuniyyətlə təqdim edir: “Festivalın əvvəlki illərində, AAC-nin dəstəyi sayəsində auditoriya azərbaycanlı musiqiçilərin rəhbərliyi altında bəzi mükəmməl qrupları dinləmək imkanını əldə etmişdi. Bunlardan birincisi İsfar Sarabski Triosu olmuşdu. Bu qrupun lideri hazırda beynəlxalq səviyyədə tanınmış musiqiçidir. Keçən il biz Emil Əfrasiyab və onun Kvartetini izlədik. İndi isə mən festivalda iştirak edən yeni pionoçu Elçin Şirinovu təqdim etməyə şadam.”

Azərbaycan xalq musiqisi ənənəsindən gələn E. Şirinov Azərbaycanın yeni nəsil caz musiqiçilərinə aiddir. O, post-bop caz, blüz və fank musiqi elementlərini Azərbaycan xalq və klassik musiqisinin üslub, melodiya və mikrotonları ilə birləşdirir. Tamamilə cazdan fərqli olmasına baxmayaraq, Azərbaycanın milli musiqisi olan muğam yüksək səviyyədə improvizasiya imkanları ilə seçilir. 

Əvvəllər, Şirinov Azərbaycanın qabaqcıl tenor saksofon ifaçısı olan Rain Sultanovla birgə ifa edib və, həmçinin, hər il keçirilən Bakı Beynəlxalq Caz Festivalında iştirak edən beynəlxalq caz musiqiçiləri ilə yanaşı çıxış edib. Bu rəngarəng təcrübə onun xeyrinə olmuşdu və bu axşam, o, əvvəllər fyujn üslubunun yaradıcısı və Weather Report qrupunun yaradıcısı Co Zavinulla birgə ifa etmiş Linley Marte və fri caz ifaçısı Çarlz Lloydla birgə ifa etmiş amerikalı zərb ifaçısı Erik Harlandla gözəl vəhdət yaradıb.

E. Şirinov Triosunun ifasından sonra fransalı klarnet ifaçısı Mişel Portal, amerikalı zərb ifaçısı Ceff Ballard və, Şirinova son bir neçə il dərs demiş və onu istiqamətləndirən, amerikalı bass ifaçısı Kevin Haysın birgə çıxışı olub. Burada fri və fyujn caz və klassik nyuanslar birləşdirilərək hipnotik təsir yaradıb.

Elçin Şirinov Triosu, həmçinin, 26 may tarixində Reyms şəhərində yerli Sunnyside Festivalında konsertdə uğurla çıxış edib.