“Azərbaycanın İntellektual Birincisi” davam edir

azerbaycanin-intellektual-birincisi-davam-edir
Oxunma sayı: 635

“İRƏLİ” İctimai Birliyi gənclərin maarifləndirilməsi, intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkil olunması, ölkə daxilində mütəmadi olaraq bir neçə yarışların vahid turnir altında reallaşdırılması məqsədi ilə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2016-cı il noyabr-dekabr aylarında “Azərbaycanın İntellektual BİRincisi” layihəsinin həyata keçirilməsini nəzərdə tutub.

Birlikdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarını artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətə davamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir.

“Azərbaycanın İntellektual Birincisi” layihəsinin dekabr ayının 3-də Xırdalan, Sumqayıt, Xızı rayonlarının gənc intellektuallarının iştirakı ilə Sumqayıt turniri, Mingəçevir, Ağdaş, Bərdə, Göyçay Kürdəmir, Ucar, Yevlax, Zərdab rayonlarının gənc intellektuallarının iştirakı ilə Mingəçevir turniri, dekabr ayının 4-də Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Göygöl, Qazax, Naftalan, Samux, Tovuz rayonlarının gənc intellektuallarının iştirakı ilə Şəmkir, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonlarının gənc intellektuallarının iştirakı ilə Quba turniri keçiriləcək.

Açılış mərasimindən sonra 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") oyunlarına start veriləcək və qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar. Sonda turnirin bütün iştirakçıları şəhadətnamə ilə təltif ediləcək.

Qeyd edək ki, gənclərin bilik və bacarıqlarını qiymətləndirəcək və onların intellektual fəaliyyətinə yardımçı olacaq layihənin birinci mərhələsində iqtisadi rayonlar üzrə seçim turları, ikinci mərhələdə isə yekun final yarışlarının keçirilməsi nəzərdə tutulub.