Azərbaycandakı dolma festivalından - Fotolar

azerbaycandaki-dolma-festivalindan-
Oxunma sayı: 3854

İyulun 1-də Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyi, Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə birinci beynəlxalq dolma festivalı keçirilib.

Qafqazinfo”nun Azərtac-a istinadən məlumatına görə, festivalda bölgələrdə bişirilən və müxtəlif çeşiddə hazırlanan 300 növ dolma sərgilənib, həmçinin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri tərəfindən hər ölkənin ənənəsinə uyğun hazırlanan yeməklər də nümayiş olunub.

Beynəlxalq festivalda türkdilli dövlətlərlə yanaşı, dünyanın bir neçə ölkəsindən, o cümlədən İndoneziya və Ukraynadan gəlmiş qonaqlar iştirak edib, milli mətbəxlərinin yeməklərini sərgiləyiblər.

Azərbaycan Milli Kulinariya Mərkəzinin sədri Tahir Əmiraslanov bildirib ki, festival ölkənin müxtəlif bölgələrində dolma növlərinin aşkara çıxarılmasına, yerli və beynəlxalq ictimaiyyətə təqdim olunmasına xidmət edir: “Azərbaycanda bundan əvvəl də müxtəlif mətbəx nümunələrimizə aid festivallar keçirmişik. Çünki bəzən bir bölgədə bişirilən yeməklərdən digər bölgənin xəbəri olmur. Araşdırmalarımız nəticəsində Azərbaycan mətbəxinə aid 300-ə yaxın dolma növünü ortaya çıxarmışıq və bu gün onlar festivalda təqdim olunur. Qoy dünya görsün ki, bizim necə var-dövlətimiz, zəngin mətbəximiz var. Hansı ölkənin 300 növ dolması var, harada dolma şorbası, dolma kababı var? Ən çox dolma çeşidinə görə, Azərbaycanın Ginnesin Rekordlar Kitabına düşəcəyi planlaşdırılır”.