“Ay qonşu, bu evin yiyəsi hanı?”

ay-qonsu-bu-evin-yiyesi-hani
Oxunma sayı: 5062

Ötən gün Azərbaycanın sadə həyat yaşayan, istedadlı ədəbiyyat adamlarından daha biri dünyasını dəyişib.

Qafqazinfo” xəbər verir ki, şair Camal Yusifzadənin gözlənilməz ölümü onu sevənləri sarsıdıb. Bu münasibətlə qələm adamını tanıyanlar, ünsiyyətdə olanlar sosial şəbəkələrdə onunla bağlı olduqca təsirli paylaşımlar edirlər.

Şairin oxucular tərəfindən ən çox sevilən “Ay qonşu, bu evin yiyəsi hanı?” şeirini paylaşaraq ehtiramlarını bildiriblər.

Qafqazinfo” da mərhum şairin ruhuna hörmət olaraq onun bu gözəl şeirini təqdim edir və ona Allahdan rəhmət diləyir:

Uzaqdan, uzaqdan,

Çox-çox uzaqdan,

Darıxıb gəlmişəm,qacıb gəlmişəm,

Ay qonşu, bu evin yiyəsi hanı?

Eyvanda çıxardım ayaqqabımı,

Açdım pəncərəni, açdım qapını,

Görmədim qonağı qarşılayanı

Ay qonşu, bu evin yiyəsi hanı?

Yağış suvağını yuyur bu evin,

Külək şüşəsini döyür bu evin,

Sükut hay- küyünü qovur bu evin,

Zaman taxtasını ovur bu evin,

Ay qonşu, bu evin yiyəsi hanı?

Qapıda soyumuş bir əl yeri var,

Həyətdə qurumuş ayaq yeri var,

Alça ağacının sol tərəfində

Külü laxtalanmış ocaq yeri var;

Ay qonşu, bu evin yiyəsi hanı?

Uzaqdan gəlmişəm, ay ev yiyəsi,

Darıxıb gəlmişəm,uçub gəlmişəm,

Kül olub gəlmişəm, ay ev yiyəsi.

Hər dəfə, hər dəfə ay ev yiyəsi,

Qovrula-qovrula gəlib gedirəm,

Hər dəfə, hər dəfə, ay ev yiyəsi,

Bu həyət-bacadan,

qonum-qonşudan

Soruşub gedirəm;

Ay qonşu bu, evin yiyəsi hanı ?