“Yaxşı-yaxşı çəkin, bir azdan sökəcəklər” - Fotolar

yaxsi-yaxsi-cekin-bir-azdan-sokecekler
Oxunma sayı: 6935

Yeni ilin gəlişiylə əlaqədar olaraq hər il olduğu kimi bu il də metro çıxışlarında, sakinlərin çox olduğu ərazilərdə yeni il yarmarkaları qurulub. Ancaq bu il təşkil olunan yarmarkalar üçün ötən illərdəkindən fərqli olaraq xüsusi çadırlarda quraşdırılıb.

Yeni il yarmarkalarında qiymətlərlə maraqlanmaq üçün “Qafqazinfo” olaraq biz də paytaxtın bir neçə metro çıxışlarında olduq.

Qurulduğu zaman sakinlər tərəfindən yas çadırlarına bənzədilərək zarafat mövzusu olan bu yarmarkaların görünür ki, ömrü elə də uzun olmayacaq. Çünki ayın əvvəlində 12 çadır qurulması nəzərdə tutulsa da, artıq 4-ü sökülüb. Üz tutduğumuz “28 May” metro stansiyasının qarşısındakı çadır da bu gün, ya da sabah sökülə bilər. Bunu bizə ərazidə olduğumuz zaman söhbətləşdiyimiz satıcılar bidirdi:

“Deyəsən, elə sonuncu çəkən siz olacaqsınız, yaxşı-yaxşı çəkin, bir azdan sökəcəklər. Bizə deyirlər ki, olmaz”.

Çadırların sökülməsinin səbəbini öyrənmək üçün bu dəfə FHN əməkdaşlarına yaxınlaşdıq. Suallarımızı cavablandıran qurumun əməkdaşı təhlükəsizlik qaydalarına əməl edilmədiyini söylədi:

“Elektrik naqilləri çəkilib, hər an arzuolunmaz bir hadisə baş verə bilər. Təhlükəsizlik baxımından yanğınsöndürən balonlar qoyulmalı, bəzi çatışmazlıqlar aradan qaldırılmalıdır”.

Yarmarkalarda müxtəlif formalı burun, qulaqdan tutmuş, cizgi film qəhrəmanlarına kimi hər şey var. Belə olan halda alıcıların, xüsusilə də, azyaşlıların vitrindəki əşyalara marağı da böyük olur.

Piştaxtasına yaxınlaşdığımız satıcılar çadırlar sökülməsə, hələlik alış-verişin yaxşı olduğunu qeyd etdilər:

“Qiymətlər mağazalardakından yarıbayarı aşağıdır. Bu səbəbdən də sakinlər alış-veriş üçün bizə üz tuturlar. Ötən illə nisbətdə qiymətlərdə elə də fərq yoxdur. Hələ endirimlər də edirik”.

Yarmarkada ümumi qiymətlərsə, belədir: yolkalar ölçülərinə müvafiq olaraq 10-200 manat, zərlər 1-1.50 manat, yolka oyuncaqlarının 6-sı 2-5 manat, 12-si 3-9 manat arasında dəyişir.

Bundan başqa, bayram günü Şaxta baba obrazında olmaq istəsəz, bu, sizə 35 manata başa gələcək.

Alıcılar da qiymətlərdən razıdır. Bakı sakini Nəzakət Cəfərovanın sözlərinə görə, evdə yeni illə bağlı hər şey olsa da, uşaqlar yenə də istəyir:

“Buradan hər dəfə keçəndə məcbur olub yeni nəsə alırıq. Uşaqlar evdə olan şeyləri də yenidən istəyirlər. Qiymətlər mağazalara baxanda yaxşıdır. Onsuz da, bu il hər şey bahalaşıb, uşaqların istədiyi bir zəri almamaqla qənaət etmiş olmuram”.

Günel Hacı
Fotolar: Nuran Məmmədli