Tarixə qovuşan istedadlar…

tarixe-qovusan-istedadlar
Oxunma sayı: 3691

Nərmin Dadaşova

Qızlarımın balaca ördək balasından bəhs edən sevimli nağıl kitabları vardı. Təsəvvür edin, onlar nağılı o qədər bəyənmişdilər ki, 20 vərəqlik kitabı bir ay hər gecə əvvəldən sona qədər oxutdurdular mənə. Mən bezdim, kitab əzildi, uşaqlar isə əl çəkmirdilər ki, çəkmirdilər.

O qədər oxuduğuma görə təbii ki, əzbərləmişdim nağılı. Bir gecə uşaqları yerlərinə uzadıb kitabı əlimə aldım. Yorğun gözlərimi yumub nağılı əzbərdən danışmağa başladım. “Balaca ördək buzda sürüşürdü” hissəsinə çatanda balaca qızım nağılı kitabdan oxumadığımdan şübhələndi və o mübarək gözlərini açıb düzəliş etdi. “Balaca ördək buzun üstündə sürüşürdü”. O gecədən sonra nəyin bahasına olur olsun, kitabı dəyişmək qərarına gəldim.

Xeyli vaxtdır ki, uşaq ədəbiyyatını yenidən oxumağa başlamışam. Bu dəfə uşaqların gözü, onların məntiqi, onların baxış bucağı ilə oxuyuram kitabları. Cəmiyyətə xeyirli insan bəxş etməyin yolunun doğru yaşdan başlamış sistemli mütaliədən keçdiyinə inananlardanam. Amma təəssüf hissi ilə onu da qeyd edim ki, mənim siyahımda Azərbaycan uşaq ədəbiyyatı, nağılları çox az yer tutur. Çünki mən, dörd yaşlı qızımın gözünü Məlikməmmədin qardaşlarını yeyən div, Qırmızıpapağın nənəsini udan canavarla qorxutmaq istəmirəm.

Baxmayaraq ki, hələ qarşıda uzun –uzun illərimiz var, bütün valideynlər kimi mən də, uşaqların gələcəkləri ilə bağlı planlar qururam. Onları gah ağ xalatda təsvir edirəm, gah əllərində fırça rəsm çəkərkən, gah piano arxasında…

Ancaq istənilən halda bunlar mənim arzularımdır, uşaqların böyüyüb kim olacağı tamamən Tanrının onlara bəxş etdiyi istedaddan və onların bunu necə dəyərləndirəcəklərindən asılıdır. Neçə vaxtdır ki, Rusiyanın və başqa ölkələrin uşaqlar üçün təşkil etdikləri səs, musiqi, istedad yarışmalarını izləyirəm. Baxıram və sadəcə heyrətə gəlirəm. Məni heyrətləndirən təkcə balaca-balaca uşaqlardan çıxan o möhtəşəm səslər deyil əslində. Məni heyrətləndirən valideynlərinin o uşaqlara olan güvənidir. Uşaqlarda yaratdıqları özgüvəndir. Onların əl boyda uşaqlarında olan hissiyyat bizim illərdir səhnədə saç-saqqalını ağardan müğənnilərimizin tən yarısında yoxdur, and içirəm.

2 yaşlı balaca oğlan uşağı səhnəyə çıxır. Jüri ondan nə edəcəyini soruşur, uşaq arxaya çevrilib anasına baxır. Uşaq o qədər balacadır ki, nə bacardığını sərbəst şəkildə izah belə edə bilmir. Valideyn qürurla mikrofonu götürüb deyir. “Oğlum dünyanın bütün ölkələrini və onların paytaxtlarını tanıyır!”. Bəs biz iki yaşlı uşaqdan nə soruşuruq? “Motu, qulağın hanı? , əmiyə barmaqlarını göstər…”

Və düşünürəm, görəsən necə oldu ki, valideyn kəşf elədi uşağındakı istedadı? O səsin, o balaca rəssamın, heykəltəraşın fərqinə necə vardı? Virtual tanıdığım tarixçi bir xanım var. Bir dəfə sosial şəbəkədə paylaşdığı çizimlərini gördüm təsadüfən və bu istedadın “tarixə” qovuşmasına üzülmədim desəm yalan olar…

Yazdıqca Sent-Ekzüperin “Balaca şahzadə” əsərini xatırlayıram. Altı yaşlı bir uşağın keçilməz cəngəlliklər haqqında oxuduğu kitabda yırtıcı heyvanı diri-diri udan əfi ilan təsvir olunmuş şəkil diqqətini çəkir. Və bu şəkildən təsirlənib udduğu fili həzm edə bilməyən ilan şəkli çəkir. Çəkdiyi ilk rəsmi həvəslə valideynlərinə göstərən balaca şəklin vahiməli olub-olmadığını soruşur. Rəsmini ilana yox, şlyapaya bənzədən valdeyinləri ona boş-boş işlərlə məşğul olmaqdansa coğrafiya oxumağı məsləhət bilir. Və balaca oğlan aldığı cavabdan sonra bir də heç vaxt şəkil çəkmək haqqında fikirləşmir.

Nə səslər, nə istedalar batırdı bizim “yaxşı övlad” kriteriyalarımız, müəllimlikdən gözəl sənət tanımamağımız. Hə də, qız uşağı həkim olar, müəllim olar… Mənim böyük qızım paltar həvəskarıdır, yuxudan duran kimi ilk sualı bağçaya nə geyinəcəyəm olur. Rəngləri bir-birinə tutuşdurmağı çox sevir. Paltarlarını özü seçmək istəyir və bu çox vaxt atasının və mənim əsəblərimiz bahasına başa gəlir. Bəlkə rəsm çəkmək istedadı var deyə qucaq-qucaq qələmlər, heykəltəraş olmaq istəyər deyib “oyun xəmirləri” alıram. Nə bilim mikrafon alıram, gitara alıram. Amma uşağın bütün fikri zikri paltardadır ki, paltardadır. Bir gün qızımla birlikdə ukraynalı uşaqların istedad yarışmasına baxırdıq. Diqqətlə baxdığını görüb ürəkləndim. “Gör nə gözəl oxuyurlar, nə gözəl çalırlar pianoda. Sən də istəyərsənmi ora getmək?” dedim. Qızım düşündü, düşündü və cavab verdi. “Ora getsəm, hansı paltarımı geyinəcəyəm?”.