Şəkil çəkdirmək xəstəliyi

sekil-cekdirmek-xesteliyi
Oxunma sayı: 3343

Fərid Hüseyn

Deyilənə görə bütün xəstəliklər cavanlaşıb. Əgər 40-50 il öncə hansısa xəstəliyə 40 yaşında tutulmaq ehtimalı vardısa, artıq insanlar həmin xəstəliyə 20 yaşında mübtəla olurlar.

Hətta ehtimal olunur ki, getdikcə qədim dövrdəki kimi insanlar 20-30 yaşında qocalacaq və öləcək. Biz o günləri yəqin ki, görməyəcəyik, ancaq bəlanın başladığı tarixlə müasirik...

III Dünya Müharibəsinin “qansız-yarasız” dövrü çoxdan başlayıb və dünya əhalisinin sayının durmadan artması böyük gücləri narahat edir.

Dünyaya yayılmış “xəstəlik”lərdən biri də şəkil çəkdirməklə bağlıdır və bu psixoloji asılılığı yaradan sosial şəbəkələrdir. Əksər insanlar real həyatını 3-5 dəqiqə sonra virtual həyatına transfer edir. Özü də bu bütün dünyada belədir. Dünyanın müxtəlif ölkələrində səfərdə olarkən eyni vəziyyəti müşahidə etmişəm.

Xarici ölkələrdə yaşlı, sinni az qala 90-na çatmış adamlar hər dəqiqələrini əbədiləşdirirlər. Bəlkə də, həmin yaşlıların o fotolara baxmağa heç vaxtları olmayacaq, bunu bilə-bilə canlı həyatı doya-doya yaşamaqdansa, saniyələri dondurmaq üçün əlləşirlər. Belə mənzərələri görərkən düşünürəm ki, insan heç zaman yaddaşına indiki dövrdəki qədər bağlı olmayıb.

Amerikalı yazıçı Laura Harrinqton 3 həftə sosial şəbəkələrdən və telefondan istifadə etməməsi ilə bağlı bölüşdüyü təcrübədə yazır: “Düşünmə tərzimin dəyişdiyini hiss edirdim. "Facebook” ya da "Tvvitter”da nə paylaşmalı olduğumu və ya blogumda nə yazsam, diqqət çəkər deyə düşünmürdüm artıq. Bağçada oturub günəşin batmasını izlədim. Hansısa şəbəkədə paylaşmaq üçün şəkil çəkmədim, ləziz yemək və gözəl söhbətlərdən həzz aldım. Çünki yaşadığım bu əsrarəngiz təcrübə heç bir fotoşəkildə əks oluna bilməzdi. Əksinə belə yerdə şəkil çəkmək o anı zədələyər və partnyoruma yaşadığımız bu təcrübəni virtual olaraq paylaşmağın, o anı onunla realda yaşamaqdan daha önəmli olduğunu hiss etdirə bilərdi. Həqiqi, saf və hansısa vasitəçi olmadan yaşanan təcrübələrin yaratdığı duyğulara nə qədər ac olduğumu başa düşdüm”.

Şəkil çəkdirmək özündən başqa insanların da vaxtını alır: Şəkil çəkdirdiyin adamın, şəkil çəkməyi xahiş etdiyin kəsin və sonradan o şəklə baxanların. Sosial şəbəkələrdə yayılan hər şəkil bəzən saatlarla vaxt alır, ətrafında müzakirələr başlayır. Nəticədə insan ömrünün bir anını əbədiləşdirməyə hesablanmış şəklə baxmağa, bəzən insanlar saatlarla vaxt itirir.