Şagirdlər ev tapşırığı ilə yüklənir

sagirdler-ev-tapsirigi-ile-yuklenir
Oxunma sayı: 1474

“İbtidai siniflərdə ev tapşırıqlarının çoxluğu uşağın növbəti mərhələlərdə təhsil nailiyyətlərinə birbaşa müsbət təsir etmir”.

QafqazinfoLent.az-a istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva “ASAN radio”nun “QəbuldASAN” verilişində deyib.

İbtidai siniflərdə uşaqların ev tapşırıqları ilə həddindən çox yüklənməsi fikri ilə razılaşdığını deyən BŞTİ müdiri deyib ki, bunun nə dərəcədə faydalı olması da sual doğuran məqamdır: “ Bu gün BŞTİ-nin tabeliyində “Təlimə dəstək mərkəzi” yaradılıb. Mərkəzin fəaliyyəti müəllimlərin işini tənzimləmək məqsədi daşıyır. Hesab edirəm ki, burada eyni zamanda, müəllimlərin şagirdlərə verdiyi ev tapşırıqlarının yükü ilə bağlı məsələni müzakirəyə çıxaracağıq, bu barədə onlara tövsiyələr verəcəyik. Çünki etiraf ki, bu məsələ indiki dövrdə bir az müəllimin özünün təşəbbüsünə və yaradıcılığına bağlıdır”.

M.Vəliyevanın sözlərinə görə, bəzən müəllimə elə gəlir ki, bununla o, uşaqlara böyük fayda vermiş olur: “Lakin düşünmək lazımdır ki, ev tapşırıqlarının yükü çox olanda şagirdlərin bir müddətdən sonra təhsilə marağı qalmır, təhsilinə müsbət təsir etmək əvəzinə bəzən hətta mənfi təsir də göstərmiş olur”.

Dərsliklərin məzmununun çətin olması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirən qurum rəhbəri əlavə edib ki, dərsliklərin məzmunu ilə bağlı müxtəlif fikirlər var: “Hətta bəzən valideynlərin məzmunun çətinliyindən şikayət edir. Dərsliklərin məzmununun daha da təkmilləşdirilməsi istiqamətində Təhsil Nazirliyi tərəfindən mütəmadi şəkildə işlər aparılır”.